CƏMİYYƏT

Aİ və ÜST birgə açıq havada infeksiyanın profilaktikası ilə bağlı təlim keçirib

[ad_1]

Avropa İttifaqı – Ümumdünya Səhiyyə Təşkilatı layihələri Azərbaycanda infeksiyanın profilaktikası və nəzarət, epidemioloji müşahidə qabiliyyətinin artırılmasına dəstək göstərir.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı məlumatda qeyd olunub.

Məlumata görə, Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən “Sağlamlıq üçün Həmrəylik Təşəbbüsü” və “COVID-19-a qarşı peyvəndləməyə dəstək” layihələri çərçivəsində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ölkə Ofisi, ÜST-nin Səhiyyədə Fövqəladə Hallar Proqramının Cənubi Qafqaz üzrə Mərkəzi ilə birlikdə münaqişənin təsirinə məruz qalmış 5 rayonda (Bərdə, Ağdam, Füzuli, Tərtər və Ağcabədi), o cümlədən Abşeron və Bakıdakı səkkiz COVID-19 peyvənd məntəqəsində və beş ilkin səhiyyə müəssisəsində infeksiyanın profilaktikası və nəzarət üzrə vəziyyəti qiymətləndirib.

COVID-19 peyvənd məntəqələrinin qiymətləndirilməsi peyvəndlərin pasiyentlərə COVID 19 və ya digər infeksiya riski olmadan təhlükəsiz şəkildə vurulmasını təmin etmək üçün aparılıb. İlkin səhiyyə mərkəzlərindəki qiymətləndirmə yerli tərəfdaşların tələbi ilə yaradılacaq ilkin səhiyyə üzrə milli bələdçinin hazırlanmasına istiqamət verəcək. Qiymətləndirmələr zamanı əl gigiyenasına dair maarifləndirici materiallar paylanıb və tibb işçilərinə əl gigiyenası ilə bağlı ən son tövsiyələr verilib.

25 ilkin səhiyyə işçisi və vaksinator üçün infeksiyanın profilaktikası və nəzarət prinsiplərinə dair açıq havada təlimlər keçirilib. Fiziki məsafə saxlanılmaqla keçirilən təlimlərdə infeksiyaya nəzarət və əl gigiyenası, peyvəndlərin təhlükəsiz inyeksiyası və cəmiyyətin COVID-19-dan qorunması prinsiplərindən bəhs edilib.

Bundan əlavə, Bərdə, Tərtər və Ağdam rayonlarındakı Gigiyena və Epidemiologiya Mərkəzlərində epidemioloji müşahidə, yoluxma hallarının araşdırılması və təmasın izlənməsi üzrə qiymətləndirmələr aparılıb. Müəssisələrdəki peyvənd anbarlarının lazımi temperaturda saxlanılması və peyvəndlərin təhlükəsiz şəkildə tədarük olunması da yoxlanılıb.

Bu fəaliyyətlər ölkədəki mövcud fövqəladə hallar bitəndən sonra da infeksiyanın qarşısının alınması və nəzarət, o cümlədən epidemioloji müşahidə sisteminin təkmilləşdirilməsinə yardım edəcək.

[ad_2]

Source link