DÜNYA

Kabil hava limanında təhlükəsizliyi türk əsgərləri bərpa edir

Amerika Birləşmiş Ştatları (ABŞ) Müdafiə Departamentinin (Pentaqon) sözçüsü John Kirby, Kabil hava limanında təhlükəsizliyi bərpa etmək üçün Türk əsgərləri və digər beynəlxalq tərəfdaşlarla birlikdə çalışdıqlarını bildirib.

Pentaqonun sözçüsü Kirby, jurnalistlərə açıqlamasında bu barədə danışıb. O qeyd edib ki, ABŞ səfirliyinin işçiləri və Əfqanıstandakı digər vətəndaşlar ölkədən çıxarılmağa davam edir.

Kabil Həmid Kərzai adına beynəlxalq Hava Limanına yüzlərlə insanın axışması ilə yaşanan xaosdan sonra Türk əsgərləri və digər beynəlxalq tərəfdaşlarla birlikdə hava limanını və ətrafını təmizləmək, təhlükəsizliyi yenidən bərpa etmək üçün lazımlı addımlar atılır.

Xatırladaq ki, 2020-ci ilin Fevral ayında Amerika Birləşmiş Ştatları (ABŞ) ilə Taliban hərəkatı arasında sülh müqaviləsi imzalandıqdan sonra beynəlxalq qüvvələrin Əfqanıstandan çıxarılması prosesi başladı. Müqavilə ilə xarici qüvvələrə hücum edilməməsi zəmanət altına alınsa da Əfqanıstan hökuməti ilə Qətərdə danışıqları davam etdirən Taliban hərəkatı qüvvələri iyun ayından bəri Əfqanıstanın bir çox əyalət mərkəzinə şiddətli hücumlar təşkil edərək nəzarəti ələ keçirdilər.

Ötən gün paytaxt Kabili mühasirəyə salan Taliban, Prezident Əşrəf Qani və hökumət qüvvələri paytaxtı tərk etdikdən sonra şəhərə nəzarəti ələ keçirdiyi üçün yüzlərlə əfqan, əcnəbilərin evakuasiya təyyarələrinə minmək üçün hava limanına axışdı.