CƏMİYYƏT

Media islahatları söz azadlığını yeni mərhələyə yönləndirir

 Çağdaş dünyada medianın texnoloji bazasının sürətlə müasirləşməsi, internetin geniş yayılması dünya mediasında oldu­ğu kimi, Azərbaycan jurnalistikasında da yeni dövrün tələblərinin təxirəsalınmadan cavablandırılmasını tələb edir. Elektron media­nın geniş yayılması, “sosial media” deyilən şəbəkənin yaratdığı problemlərlə yanaşı, onun danılmaz gerçəkliyə çevrilməsi ənənəvi jurnalistikanı çətin imtahan qarşısında qoymuşdur.

Ölkəmizdə qısa müddətdə bu zəruri yeniləşməni təmin etmək üçün Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında media sahəsində isla­hatların dərinləşməsi haqqında” 12 yanvar 2021-ci il tarixli fərmanı ilə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agent­liyi” publik hüquqi şəxsinin yaradılması qərara alınmışdır. Son dövrdə ölkəmizdə aparılan hərtərəfli, dərin islahatların da­vamı olaraq atılan bu addım demokratik dövlət və azad media münasibətlərini yeni yüksək səviyyəyə qaldırmağa xidmət edir.

Azərbaycan jurnalistikasının tarixində yeni mərhələyə start verən bu tartixi fərmanda Azərbaycan dövlətinin media siyasətinin bu vaxtadək əldə edilmiş uğurlarına nəzər salınaraq bildirilir ki, müstəqilliyin ilk illərindən başlayaraq ölkəmizdə demokratik cəmiyyət quruculuğu prosesi çevrəsində müasir medianın for­malaşması və inkişafı üçün geniş imkanlar yaradılmışdır: “Həyata keçirilmiş köklü isla­hatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medi­anın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası formalaşdırılmış, redaksiyaların davamlı inkişafı, onların iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin sərbəst fəaliyyətinin təmin edilməsi məqsədilə ardıcıl tədbirlər görül­müşdür”.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də vurğuladığı kimi, söz və informasiya azadlığı, demokratiya­nın inkişafı, hüquqi dövlətin qurulması Azərbaycanda çox vacib olan məsələlərdir: “Mən hesab edirəm ki, bu sahədə ölkəmiz çox böyük və uğurlu yol keçmiş­dir”. Ölkə rəhbərliyinin həyata keçirdiyi zəruri tədbirlər, KİV-in davamlı inkişa­fına göstərilən yüksək diqqət və qayğı nəticəsində ötən illərdə milli jurnalistikamız önəmli inkişaf yolu keçmiş, ölkəmizdə və dünyada baş verən hadisələrlə bağlı cəmiyyətin məlumatlandırılması, xalqımızın haqq səsinin dünya ictimaiyyətinə çatdırıl­ması istiqamətində məqsədyönlü fəaliyyət göstərmişdir.

Bunlarla yanaşı, cəmiyyətin hər bir sahəsini əhatə edən köklü islahatların həyata keçirildiyi, habelə bütün dünyanı əhatə edən vahid informasiya məkanında yeniliklərin intensiv xarakter aldığı, kommu­nikasiya vasitələrinin sürətlə inkişaf etdiyi, mütərəqqi texnologiyaların, iş metodlarının tətbiq olunduğu çağdaş dövrdə ölkənin KİV sferasında da yeniləşmə və təkmilləşməyə tələbat yaranmışdır. Beynəlxalq in­formasiya mühitinin müəyyən etdiyi prinsiplərə uyğun olaraq, media sahəsində modernləşmə, rasionallıq, qabaqcıl texno­logiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi və digər mühüm şərtləri özündə birləşdirən innovativ təkamülün yaratdığı imkanlardan Azərbaycan jurnalistikasının qədərincə yararlanmasına ehtiyac duyulur.

Göründüyü kimi, Azərbaycan Res­publikasında medianın inkişafının dəstəklənməsi, bu sahədə institusional quruculuq işlərinin davam etdirilməsi, yeni informasiya-kommunikasiya texno­logiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə yaradılmış Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin qarşısında media islahatlarının uğurla davam etdirilməsi kimi önəmli bir məsələ dayanır. Bu fərmanın müddəalarının sürətlə gerçəkləşdirilməsi dövlət media siyasətinin müasirləşdirilməsi və çevikləşdirilməsini, bu sahədə normativ-hüquqi aktların, inkişaf konsepsiyalarının və məqsədli proqramların hazırlanmasını və həyata keçirilməsini təmin etməlidir.

Milli mediamızın şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, xalqın obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması üçün bu sahədə zəruri və əsaslı islahatların aparılmasına başlanmışdır. Ölkəmizdə dövlət media siyasətinin demokratik əsaslarla daha çevik və səmərəli qurul­ması sahəsində Azərbaycan Respub­likasının Medianın İnkişafı Agentliyi ilk əsaslı tədbirlərini hazırlayıb uğurla həyata keçirir. Hazırda ölkəmizdə fikir, söz və məlumat azadlığının, plüralizmin təmin edilməsi, media subyektləri ilə cəmiyyət və dövlət arasında münasibətlərin tənzimlənməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər hazırlanır, yeni media qanunu layihəsinin müzakirəsi gedir. Dəfələrlə yüksək səviyyədə bəyan edildiyi kimi, ölkəmizin sürətlə inkişaf etdiyi, demokratikləşmə prosesinin dərinləşdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi müasir dövrdə kütləvi informasiya vasitələrinin, o cümlədən milli mətbuatımızın qarşısında yeni vəzifələr durur.

Medianın İnkişafı Agentliyi ölkədə KİV-in inkişafının dəstəklənməsi, jurna­listika sahəsində çevik mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audio-vizual, çap, onlayn me­dia subyektlərinin və informasiya agentliklərinin, habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

İslahatların gedişində agentliyin rəhbərliyi ilə media subyektlərinin iq­tisadi müstəqilliyinin gücləndirilməsi istiqamətində tədbirlər görmək, dövlət qurumları ilə media subyektləri ara­sında əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsinə şərait yarat­maq, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılmasına, o cümlədən sosial müdafiəsinə yönəldilmiş tədbirlər həyata keçirmək istiqamətlərində yollar axtarılır. Hər şey ona yönəlibdilmişdir ki, mediaya dövlət dəstəyinin yeni formaları mövcud ələbaxımlığa son qoysun, müstəqil nəşrlərin fəaliyyətinin güclənməsini təmin etsin.

Bunlardan əlavə, müstəqil media özünə lazımi maliyyə təminatı yaratmaq məqsədilə yollar axtarıb tapmalı, reklam-menecment fəaliyyətini səmərəli qur­mağı bacarmalıdır. Medianın peşəkarlıq səviyyəsini yüksəltmək üçün sahə mütəxəssislərinin hazırlanması və onların əlavə təhsilinin təşkili yenidən qurulmalı­dır. Dünyanın aparıcı dillərində fəaliyyət göstərən jurnalistlərin hazırlanması, ölkəmizdə və xaricdə müxtəlif dillərdə çap, elektron və onlayn yayımların təşkili də günün reallığıdır.

Media subyektlərinin xarici həmkarları ilə əməkdaşlıq etməsi, qarşılıqlı əlaqələrin formalaşdırılması və həmin subyektlərin təcrübəsinin öyrənilməsi stimullaşdırılmalı­dır. Beynəlxalq informasiya mübadiləsində yeni imkanlar açan müasir informasiya-kommunikasiya texnologiyalarının, innova­siyaların tətbiqi, vətəndaşın, cəmiyyətin və dövlətin informasiya təhlükəsizliyinin təmin olunmasna istiqamətlənmiş layihələrin həyata keçirilməsi də media islahatlarının önəmli hədəflərindəndir.

Bütün bu tədbirlərdə Media Agentliyi fəal təşkilatçılıq işi aparır. Agentlik artıq bir neçə aydır ki, əhalinin və ayrı-ayrı təbəqələrinin maarifləndirilməsinə, ictimai normalara uyğun davranış qaydalarının formalaşdırılmasına, onların diqqətinin cəmiyyətdəki aktual məsələlərə cəlb edilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsinə başlamışdır.

Azərbaycan Respublikasının Media­nın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu yeni qurumun qarşısında duran önəmli vəzifələrdən və gerçəkləşdirilən ilkin tədbirlərdən söz açaraq bildirmişdir:

– Ölkəmizdə azad, demokratik media quruculuğunun indiki mərhələsinin tələbləri dəyişmiş, informasiya məkanında yeni reallıqlar meydana gəlmiş, həm media subyektlərinin, həm də jurnalistlərin fəaliyyəti tamamilə yeni məzmun qazan­mışdır. Elektron informasiya cəmiyyətinə sürətli keçid, qlobal informasiya məkanında tamamilə fərqli məzmunlu rəqabət mühiti­nin və fəaliyyət prinsiplərinin formalaşma­sı, o cümlədən müasir dövrün çağırışları media subyektlərinin fəaliyyətində köklü dəyişikliklərə əsas yaratmışdır.

Medianın İnkişafı Agentliyinin yara­dılması da ölkədə medianın inkişafının dəstəklənməsi və bu sahədə həyata keçirilən institusional quruculuq pro­sesinin davam etdirilməsi siyasətinin tərkib hissəsidir. Nizamnaməyə əsasən, agentlik media subyektlərinin fəaliyyətinin təkmilləşdirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin ar­tırılması, onların sosial müdafiəsinin gücləndirilməsi, habelə kütləvi informa­siya istifadəçilərinin media savadlılığının yüksəldilməsi və digər istiqamətlərdə tədbirlər həyata keçirəcəkdir.

Bununla yanaşı, media sahəsində yeni informasiya-kommunikasiya texno­logiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması, vətəndaş və cəmiyyət üçün ictimai maraq doğuran layihələrin həyata keçirilməsinin təşkili, həmçinin dövlət orqanları və qurumlarının, yerli özünüidarəetmə orqanlarının, hüquqi və fiziki şəxslərin müvafiq sahə üzrə fəaliyyətinin əlaqələndirilməsinin həyata keçirilməsi Media Agentliyinin əsas prioritetlərindəndir.

Tətbiq olunacaq yeniliklər Azərbaycan mediasının şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılmasına şərait yaradacaq, modernləşmə, rasionallıq, qabaqcıl texnologiyaların geniş tətbiqi, aparıcı trendlərin izlənilməsi kimi qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinin, innovativ yanaşma­ların tətbiqinə təkan verəcəkdir.

Eyni zamanda, media subyektlərinə müvafiq sahədə normativ hüquqi akt­ların şərhi və izahı ilə bağlı köməklik göstərmək, bu sahədə dövlət dəstəyinin imkan və mexanizmləri barədə məlumat vermək, inkişaf strategiyalarının və məqsədli proqramların hazırlanmasında və həyata keçirilməsində iştirak etmək, media subyektləri ilə cəmiyyət və dövlət arasında münasibətlərin tənzimlənməsi məqsədilə normativ hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflər ha­zırlamaq, medianın fəaliyyətinə mane olan problemlərin həllinə dair təkliflərini dövlət və yerli özünüidarəetmə orqan­larına təqdim etmək də agentliyin daim diqqətində saxlayacağı məsələlərdəndir. Media Agentliyi qeyd edilən bu çoxşaxəli fəaliyyət istiqamətləri ilə yanaşı, media subyektlərinin iqtisadi müstəqilliyinin gücləndirilməsi, maddi-texniki bazaları­nın möhkəmləndirilməsi, infrastrukturun modernləşdirilməsi, müvafiq sahədə yeni iqtisadi modelin yaradılmasına dəstək göstərilməsi istiqamətində tədbirlərin görülməsini də nəzərdə tutur.

Bu gün dünyada media sərhədlərinin silinməsi, elektron informasiya cəmiyyətinə keçid nəticəsində kütləvi informasiyanın yayılma sürətinin kəskin artması, media məkanın dünyaya açılması yerli media subyektlərini aparıcı xarici media subyektləri ilə vahid informasiya mühitində rəqabət aparmaq reallığı ilə qarşı-qarşıya qoymuş­dur. Bu vəziyyət beynəlxalq praktikanın dərindən öyrənilməsini, dünyanın qabaqcıl media subyektlərinin fəaliyyət prinsiplərinin araşdırılmasını, bu sahədə təcrübə mübadiləsinin aparılmasını tələb edir. Buna görə də xarici media subyektləri, habelə beynəlxalq təşkilatlarla əməkdaşlığın möhkəmləndirilməsi, qarşılıqlı əlaqələrin genişləndirilməsi istiqamətində zəruri ad­dımların atılması planlaşdırılır.

Bundan sonrakı dövrdə agentliyin səlahiyyət dairəsinə müvafiq olaraq istər çap mediası, istər onlayn, istərsə də audiovizual media sahəsində daha əhatəli, müasir dövrün çağırışlarına cavab verən, məzmun və forma baxımından yenilənmiş, daha uzunmüddətli hədəflərin əldə olunma­sına yönələn layihələrin işlənib hazırlanma­sı və həyata keçirilməsi nəzərdə tutulur. Bu məqsədlə zəruri məlumatlar toplanacaq, ictimai rəyin öyrənilməsi üçün tədbirlər görüləcək və müvafiq təhlillər aparılacaqdır.

Media agentliyi rəhbərinin yuxarıda­kı açıqlamasından da göründüyü kimi, indiki mərhələdə Azərbaycan jurnalis­tikası informasiya cəmiyyəti quruculu­ğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerant­lığın möhkəmləndirilməsində, demok­ratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanılması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini daha da gücləndirməlidir.

146 illik tarixində həmişə xalqımızın köklü problemlərinin həllinə işıq salan, cəmiyyəti irəliyə səsləyən milli jurnalis­tikamız, şübhəsiz, öz inkişafının yeni mərhələsində də yeniliklərə sürətlə uyğun­laşacaq, eyni zamanda, çağdaş tərəqqinin önündə getməyi bacaracaqdır.

 

İqtidar.az