MƏDƏNİYYƏT

Sözün sehri

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin qiymətli irsi əsrlərdən bəri Şərq ədəbiyyatı və mədəniyyətinin ən dəyərli sərvətləri xəzinəsində sanballı yer tutur.Dahi şairin anadan olmasının 880 illiyi münasibətlə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 5yanvar 2021-ci il tarixli sərəncamı ilə 2021-ci il Azərbaycan Respublikasında “Nizami Gəncəvi ili” elan edilmişdir.

         Nizami ili çərçivəsində  Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Ağdaş regional Mədəniyyət İdarəsi, ARB, ARB Günəş və ELTV-nin  birgə layihəsi olan  “Sözün sehri” qəzəl müsabiqəsinin ilk turu və ilk efir buraxılışının çəkilişi baş tutdu. Müsabiqədə Aran regionunun Ağdaş, Göyçay, Ucar, Zərdab rayonlarından münsiflər tərəfindən obyektiv qiymətləndirilərək  80 nəfər qiraətçi arasından seçilən 12 nəfər poeziya vurğunu iştirak etdi. Birinci turda  iştirakçılara münsiflər tərəfindən təqdim olunan qəzəl, qəsidə, rubailər dinlənildi. Çıxışlara münsiflər irad və tövsiyyələrini bildirdikdən sonra nöbəti tura keçən iştirakçılara Nizami Gəncəvinin ilk poeması olan “Sirlər xəzinəsi”ndən parçalar hazırlamaq üçün tapşırıqlar verildi.  Müsabiqə şərtlərinə görə, 7 həftə davam edəcək müsabiqənin sonuncu turunda qalib olan 3 iştirakçının qiymətli hədiyyələrlə mükafatlandırılması nəzərdə tutulmuşdur.

         Dahi şairin qiymətli irsinin vurğunlarına “Sözün sehri” qəzəl müsabiqəsi oktyabr ayından efir vasitəsi ilə təqdim olunacaq.