CƏMİYYƏT

Latviya mediasında Qarabağ həqiqətlərindən bəhs olunub.

Latviyanın “Riqanın səsi” xəbər portalında jurnalist Vladimir Reşetovun Qarabağ müharibəsi, erməni işğalının ağır nəticələri və müharibədən sonrakı dövrlə bağlı məqaləsi yerləşdirilib.

     Latış və rus dillərində yayımlanan məqalədə Bakıda 30 avqust – “Beynəlxalq Məcburi Yoxaçıxma Qurbanları Günü” münasibətilə keçirilən və Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş şəxslərə həsr olunan konfransdan da bəhs olunub.

    Yazıda konfransın Azərbaycan Respublikasının  Xarici İşlər Nazirliyi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və “ADA” Universiteti tərəfindən birgə təşkil edildiyi vurğulanıb. Tədbirdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun təmsilçilərinin, habelə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Arian Bauerin səmərəli müzakirələr apardığı qeyd olunub.

     Məqalədə, həmçinin Vətən müharibəsinin Azərbaycan ərazilərinin Ermənistanın hərbi işğalından azad edilməsi ilə nəticələndiyi, itkin düşmüş və girov götürülmüş şəxslərin taleyi ilə bağlı məsələnin bir daha beynəlxalq gündəmə gətirildiyi qeyd edilib. Bundan başqa, 1990-cı illərdən etibarən Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində Azərbaycan vətəndaşlarının əsir və girov götürülməsi, işgəncə və kütləvi qırğınlara məruz qalması, bu xüsusda Xocalı soyqırımı barədə oxuculara geniş məlumat verilib, bu əməllərlə beynəlxalq humanitar hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozulduğu diqqətə çatdırılıb.

     Yazıda Ermənistanın 25 ildən artıqdır ki, itkin düşmüş şəxslərin taleyi ilə bağlı səmərəli araşdırmanın aparılması üçün beynəlxalq hüquq çərçivəsində götürdüyü öhdəlikləri yerinə yetirmədiyi də xüsusi vurğulanıb.

T.Rüstəmov