İQTİSADİYYAT

Vergitutma mənbəyi vergilərin hesablanması və alınması qaydaları üçün çox əhəmiyyətlidir

İqtisadçı ekspert Anar Bayramov bildirir ki, vergitutma mənbəyi vergilərin hesablanması və alınması qaydaları üçün mühüm önəm daşıyır. 

Ekspert daha sonra qeyd edib ki, bilavasitə mənbədən vergitutmaya misal olaraq, ödəmə mənbəyində tutulan vergiləri göstərmək olar: “Məsələn, işçilərin əməkhaqlarından tutulan gəlir vergisi. İşçi əməkhaqqı gəlirini əldə edənə qədər vergilərin hesablanması və tutulması həyata keçirilir. Burada əməkhaqqını ödəyən şəxs vergi agenti rolunda çıxış edir. Eyni hal dividend və ya icarə haqqı gəlirləri əldə edən bəzi şəxslərə də aiddir ki, vergi ödəyən şəxs tərəfindən ödəmə mənbəyində verginin tutulması həyata keçirilir”.

Bəyannamə üzrə vergitutmaya gəlincə isə adından göründüyü kimi vergiödəyicisinin təqdim etdiyi bəyannamələr üzrə vergilərin hesablanması nəzərdə tutulur. Məsələn, hüquqi şəxsin 2019-cu ilin yekunlarına aid təqdim etdiyi mənfəət vergisi bəyannaməsinə əsasən, mənfəəti 40 min manat təşkil edib. Həmin bəyannamə göstəricisinə əsasən, vergiödəyicisinin ödəməli olduğu mənfəət vergisi 8000 manat (40.000 manat x 20 faiz) təşkil edəcək.