CƏMİYYƏT

“Sərhədsiz Reportyorlar” siyasi konyukturaya uyğun hərəkət edir

Azərbaycan müstəqillik qazandıqdan, demokratik inkişaf yoluna qədəm qoyandan sonra, dünyanın bütün məşhur beynəlxalq təşkilatları – kimlər ki, özlərini demokratiya, insan haqları, söz və ifadə azadlığı uğrunda çalışan kimi elan ediblər-  hamısı ölkəizə gəliblər, burada fəaliyyət qurublar. Azərbaycan Avropadan gələn hər kəsə  səmimi şəkildə qucaq açıb, onları elan etdikləri  missiyanın icraçısı kimi  qəbul edib. Amma təəssüf ki, zaman keçdikcə bu təşkilatlardan bir qisminin yalanları üzə çıxıb, demokratiya, insan haqları, söz, ifadə azadlığının bir bəhanə olduğu görünüb. Bu təşkilatlar manipulyativ məqsədlərlə yaranıblar, böyük güclərin maraqlarına uyğun fəaliyyət göstərirlər. Azərbaycan da məcbur qalıb onlarla məsafəli davrandı, əməkdaşlıqdan yayındı.

Həmin təşkilatların sıralarında “Sərhədsiz Reportyorlar” da var. Təkcə “Sərhədsiz Reportyorlar” deyil,  “Freedom House”,  “Human Rights Watch”, “Amnesty International” və digərləri də orada yer tutublar. Onlar lazımi məqmlarda bir mərkəzdən  koordinasiya edilə bilirlər, marağına xidmət etdikləri ölkələrin siyasətinə uyğun olaraq, hansısa dövlətləri hədəf seçirlər, ittiham edib gözdən salırlar.  Onlar tendensiyalı, siyasi konyukturaya uyğun davranırlar.  Fransa, ABŞ, Ermənistan və maraqlarında olan digər ölkələdə  qeyri-demokratik proseslərə göz yumurlar, başqa ölkələrdə isə insidentləri zərrəbbinlə axtarırlar, olmayan faktları da uydurub siyahıya salırlar. Təcrübə göstərir ki, onların  davası demokratiya, söz-ifadə azadlığı, insan haqları  deyil, fərqli maraqları,  fərqli prinsipləri var. Min kilometrlərlə uzaqda yerləşən Azərbaycanda ən xırda detail belə araşdırırlar, faktları yanlış şərh edirlər, kontekstdən çıxarırlar, hətta zərurət duyanda, uydurma faktlar quraşdırırlar,  amma öz ofislərindən yüz metr aralıda baş verən insidentlərə baxmırlar.  Onların Parisdə, Vaşinqtonda araşdırmalı olduqları, amma göz yumduqları çoxsaylı problemlər var. Məsələn, iki gün öncə məlumat yayıldı ki, Fransa Prezidenti Emmanuel Makron onun şəkillərini çəkib nümayiş etdirdiyi üçün Paris qalereyasının sahibini və şəkli çəkən jurnalisti məhkəməyə verib. Bu, Makronun media təmsilçilərinə qarşı qaldırdığı ilk iddia  deyil, 3 il öncə də bənzər şikayətlə məhkəməyə üz tutmuşdu ( https://www.rfi.fr/en/france/20170815-macron-sues-photojournalist-invasion-privacy ). Baxın “Sərhədsiz Reportyorlar”ın,  “Freedom House”,  “Human Rights Watch”, “Amnesty International”ın saytlarına, görün bu xəbəri tirajlayıblarmı, pisləyiblərmi? Xeyr, heç bir münasibətləri yoxdur. Böyük mənada yanaşsaq, Fransa prezidenti  Makron söz və ifadə azadlığına, demokratik dəyərlərə  qarşı olan  prezident kimi tarixə düşür. İfadə azadlığının, demokratik dəyərlərin  məhdudlaşdırılması yönündə əməli addımlar daha çox  onun prezidentliyi dövründə gerçəkləşdirilib. Məsələn, 2020-ci ilin noyabr ayında  Parisdə demokratik dəyərlərin, söz və ifadə azadlığının  müdafiəsini ehtiva edən  “Azadlıq yürüşü” aksiyası keçirildi. Aksiya  Fransanın bütün aparıcı  milli media təşkilatları-SNJ  (Jurnalistlərin Milli Həmkarlar Təşkilatı), CGT, CFDT-  qoşuldular. Avropa Mətbuat və Media Azadlığı Mərkəzi,  Beynəlxalq Jurnalistlər Federasiyası, Media Azadlığı İndeksi  qismində  beynəlxalq jurnalist təşkilatları aksiyanı dəstəklədilər. 10  min nəfərə  yaxın  KİV və QHT təmsilçisinin, sosial şəbəkə istifadəçisinin qatıldığı  aksiyanın keçirilməsində məqsəd  Fransa parlamentində müzakirəyə çıxarılmış  “Qlobal təhlükəsizlik  qanunu”nun və  “Milli polis proqramı”  layihələrinin qəbul edilməsinə mane   olmaq idi. Təşkilatların dəyərləndirmələrinə görə, sözügedən qanun layihələri ifadə azadlığının məhdudlaşdırılmasına, daha doğrusu, jurnalistlərin birdəfəlik susdurulmasına hesablanıb.  “Fransanın təhlükəsizliyi üçün yeni çağırışlar” kontekstində əsaslandırılan  layihə KİV və ifadə azadlığı ilə daban-dabana ziddir. Kütləvi tədbirlər, mitinq, nümayiş və etirazlar zamanı polisin şəkilini, videosunu çəkmək, aksiyaların dağıdılması zamanı yol verilən zorakılıqlardan bəhs edən  yayımlar vermək  cinayət hesab olunacaq. Bu yasaqlar təkcə qeyri-peşəkar xəbər istehsalçıları-sosial şəbəkə istifadəçiləri üçün deyil, peşəkar KİV nümayəndələri üçün də keçərlidir. Qanun  polis əməliyyatını lentə alan və ya fotoşəkil çəkən hər bir jurnalistin tutulmasına, nəzarətinə götürülməsinə, məhkəməyə göndərilməsinə imkan verəcək. Eyni zamanda, qaydaları pozanlar 45 000 avro məbləğinə qədər cərimə ilə cəzalandırıla, yaxud, 1 illik həbs cəzasına məhkum edilə bilərlər. Makron hakimiyyəti  media ictimaiyyətinin etiraz  tələbini nəzərə almaq, layihlərin geri qaytarılmasına çalışmaq əvəzinə, “Azadlıq yürüşü”nün  iştirakçılarını polis zopası ilə qarşıladı,  aksiyanı qan içində boğdu; yüzlərlə aksiya iştirakçısı xəsarət aldı, həbs edildi ( https://europeanjournalists.org/…/france-concerns…/  )

Bu azmış kimi, beynəlxalq jurnalist təşkilatlarının təmsilçiləri Fransanın daxili işlər naziri Gérald Darmanin ilə görüşərək problemləri yoluna qoymaq istəsələr də, daxili işlər naziri görüş iştirakçıları ilə qeyri-konstruktiv, köbud, saymazyana davrandı, onları kabinetdən qovdu. (https://europeanjournalists.org/blog/2020/11/27/france-tramples-on-press-freedom/    ).

Bu məzmunda xəbərlərin sayı yüzlərcədir, bəs qədər fakt göstərmək mümkündür. Amma problem odur ki, sadalanan faktların heç biri  “Sərhədsiz Reportyorlar”ın,  “Freedom House”, “Human Rights Watch”, “Amnesty International”, CPJ, İMS –nin  nə gündəlik xəbər lentində, nə də illik hesabatlarında görünmür. Əksinə, onların illik hesabatlarında  Fransa dünyaya yenə də söz və ifadə azadlığının yüksək səviyyədə təmin olunduğu ölkələrdən biri kimi göstərilir. Əgər adı keçən “reytinq təşkilatlarının” susqunluqları təkcə Fransa üzərində görünsəydi, münasibəti anlamaq olardı. Ehtimal edərdik ki, “Sərhədsiz Reportyorlar”ın mənzil qərargahının Parisdə yerləşməsi onun əl-qolunu bağlayır, yerli şərtləri nəzərə almağa məcbur edir. Amma iş orasındadır ki, “Sərhədsiz Reportyorlar” və üzv olduğu şəbəkə Fransa ilə yanaşı, bir sıra digər ölkələrə, məsələn, Ermənistana qarşı da eyni münasibəti sərgiləyirlər. Ermənistanda  baş verən hadisələr də eyni prinsiplərlə gizlədilir, “Sərhədsiz Reportyorlar”ın bəyanatlarında, gündəlik xəbər lentində, illik hesabatlarında görünmürlər. Lap yaxında, avqust ayında Ermənistanda fəaliyyət göstərən Məlumat Azadlığı Mərkəzinin rəhbəri Şuşan Doydoyan bəyanat yayaraq bildirdi ki, dövlət qurumlarında media işçiləri üçün akreditasiya şərtləri dəyişdirilir və qeyri-demokratik vəziyyətə salınır. Yeni şərtlər müstəqil fikirli jurnalistlərin dövlət qurumlarına girişini, məxsusən,  ölkə parlamentində fəaliyyətini imkansız edir. Yeni qərar təhlükəsiszlik amilləri ilə əlaqələndirilsə də, əsassız xarakter daşıyır və sair  (https://news.am/arm/news/660773.html //  https://www.rferl.org/a/armenia-journalists-obstructed-parliament/31429031.html  ). Ondan əvvəl isə Ermənistan Jurnalistlər Birliyinin sədri  Satik Seyranyan ölkədə söz, ifadə, media və  internet azadlığının boğulduğunu ifadə edən kəskin bəyanat yaymışdı. Baxın, axtarın, bu və bənzəri olan digər xəbərləri  “Sərhədsiz Reportyorlar”ın saytında tapacaqsınızmı? İş təkcə  “Sərhədsiz Reportyorlar” la da bitmir, onu konkret nümunə olaraq göstəririk: “Freedom House”,  “Human Rights Watch”, “Amnesty International” və şəbəkəyə daxil olan digər təşkilatların da məsələyə yanaşması eynidir. Mövzu Fransa, ABŞ, Ermənistan olunca susurlar, Azərbaycan, Türkiyə və hədəfdə olan digər dövlətləri isə top atəşinə tuturlar. Onların hədəfində konkret ölkələr var, yalnız hədəfdə olan ölkələri izləyir, ən kiçik insident  üzərində kampaniya keçirirlər. Məqsəd qeydə alınmış insidentin nəticələrini aradan qaldırmaq, hüququ pozulanın haqqını bərpa etmək də deyil. Niyyət hədəfdə  olan dövləti  gözdən salmaq, öz tələblərini qəbul etdirməkdir. “Freedom House” bu ilin mart ayında “Media azadlığı indeksini”,  sentyabrın 21-də isə “İnternet Azadlığı- 2021” hesabatını açıqlayıb. Hesabatda Azərbaycanın adı  35 balla internetin  azad olmadığı ölkələr sırasında yerləşdirilib. Ermənistanı isə 71 balla internetin  azad olduğu ölkələr sırasında verib. Təşkilat mart ayında açıqladığı hesabatda da eyni mövqeni sərgiləmişdi. Ermənistanı söz və ifadə azadlığının təmin edilməsinə görə yarım-azad, Azərbaycanı isə qeyri-azad ölkə kimi göstərmişdi. 

“Sərhədsiz Reportyorlar” da bu günlərdə aktivdir, Azərbaycanda blogerlərin, sosial şəbəkə istifadəçilərinin basqıya məruz qalması barədə qondarma xəbərlər yayır, bəyanatlar verir.

Bütün bunlar təsadüfi deyil.  “Sərhədsiz Reportyorlar” öz saytında  rəsmi dəstəkçiləri barədə məlumat verib. Bu sırada  Fransanın xarici işlər, daxili işlər və müdafiə nazirliklərinin adlarını qeyd edib (  https://rsf.org/en/our-supporters ).  Təəssüf ki, belə “dəstək” onun   fəaliyyətində özünü büruzə verir, onu  siyasi konyukturaya uyğun davranışa vadar edir. II Qarabağ savaşı zamanı Fransa Azərbaycana qarşı hansı mövqeyi sərgiləyibsə, “Sərhədsiz Reportyorlar” da eynisini təkrarlayıb. Məsələn, “Sərhədsiz Reportyorlar” II Qarabağ savaşı (44 günlük müharibə) zamanı Azərbaycanla bağlı yanlış rəy formalaşdırmağa çalışdı. Azərbaycanı guya “80 nəfər jurnalisti mühasirədə saxlamaqda,  Xankəndindən təhlükəsiz çıxışına imkan verməməkdə” qınadı.  Yalançı,  ajiotaj yaradan informasiyalar yaydı. RSF həmin dövrdə Ermənistandan və xaricdən gələn jurnalistlərin döyüş bölgəsində Azərbaycan silahlı qüvvələri tərəfindən bilərəkdən atəşə tutulması barədə bir neçə dəfə açıqlama yaydı. Hansı ki, həmin dövrdə Azərbaycan jurnalistləri Ermənistan silahlı qüvvələrinin hücumuna məruz qalırdılar. RSF bu barədə heç bir məlumat yaymadı.

Bu gün də bu təşkilatlar Azərbaycana qarşı aktiv əks təbliğat aparırlar. ABŞ, Fransa rəhbərliyi ilə sinxron hərəkətlər edirlər.  Konqresdə otaya çıxan anti-Azərbayan təklif, ABŞ-ın və Fransanın  Ermənistandakı  səfirlərinin açıqlamaları, paralel şəkildə “Freedom House”  və “Sərhədsiz Reportyorlar”ın hesabatları…Bu sinxronluq təsadüfi deyil.

İqtidar.Az