CƏMİYYƏT

Azərbaycan Prokurorluğunun kollektivi ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Prokurorluq orqanlarının yaradılmasının 103 illiyi və prokurorluq işçilərinin peşə bayramı günü münasibətilə Baş Prokurorluğun, Respublika Hərbi və Bakı Şəhər prokurorluqları orqanlarının kollektivləri oktyabrın 1-də Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Azərbaycan Prokurorluğunun kollektivi Şəhidlər xiyabanına gələrək ölkəmizin müstəqilliyi və azadlığı uğrunda şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinə dərin ehtiramlarını bildirib, məzarları üzərinə gül dəstələri qoyub, “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

Xatırladaq ki, ümummilli lider Heydər Əliyev 1998-ci il iyulun 17-də Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1918-ci il 1 oktyabr tarixli qərarı ilə Bakı Dairə Məhkəməsinin tərkibində prokurorluq orqanlarının fəaliyyətə başlamasını əsas tutaraq, hər il oktyabrın 1-nin Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü kimi təsis olunmasına dair Sərəncam imzalayıb.