İQTİSADİYYAT

“Kölgə iqtisadiyyatı”nın azaldılması diqqətdə saxlanılır

 “Kölgə iqtisadiyyatı”nın miqyasının azaldılmasına yönəldilmiş ən vacib addımlardan biri ölkədə gəlirlərin və əmək bazarının şəffaflaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdir.

Sahibkarların iş yerlərini və verilən əməkhaqlarını rəsmiləşdirməsi üçün vergi qanunvericiliyində onlara vergi stimulları müəyyən edilib. Belə ki, qeyri-neft özəl sektorda fiziki şəxslərin 8000 manatadək əməkhaqları üzrə gəlir vergisi (14 faiz) ləğv edilib. Sosial sığorta yükünün işəgötürənlə işçi arasında bölünməsində isə işəgötürənin fiskal yükünün azalması nəzərə alınıb.

Nəticə etibarilə vergi güzəştlərinin tətbiq olunduğu 2019-cu ilin əvvəli ilə müqayisədə qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrin sayı həmin il 18,3 faiz, 2020-ci ildə isə 24 faiz artıb. Bu zaman həmin sektorda əməkhaqqı fondunun artım templəri müvafiq olaraq 29,5 faiz və 12,3 faiz təşkil edib. Bu addım büdcə üçün orta hesabla illik 300 milyon manat vergi itkisinə səbəb olsa da, ümumən əməkhaqqı fondunun “ağarması” hesabına Dövlət Sosial Müdafiə Fonduna daha çox sosial sığorta haqlarının daxil olmasına imkan yaradıb, bu da nəticə etibarilə büdcədən fondun hesabına ayrılan dotasiyaların əhəmiyyətli şəkildə azaldılmasına imkan verib. Belə ki, məcburi dövlət sosial sığorta ödənişləri üzrə daxilolmalar 2019-cu ildə əvvəlki illə müqayisədə 26 faiz, 2020-ci ildə 21,6 faiz artıb. Beləliklə, dövlət büdcə itkilərini kompensasiya etməklə yanaşı, büdcə üçün uzunmüddətli gəlir mənbələrinin yaradılmasına nail olub.

“Kölgə iqtisadiyyatı”nın məhdudlaşmasına hesablanmış digər istiqamət uçot sisteminin bərpası, gəlir və xərcin uçotunun şəffaf aparılması, malların sənədləşdirilmiş qaydada dövriyyəsinin təmin edilməsidir. Bu proses vergi inzibatçılığının ən çətin, vergiödəyiciləri ilə sıx işləməklə həyata keçirilən istiqamətidir.