MƏDƏNİYYƏT

Qafar Cəbiyevin “Düşüncələr”i

Geniş oxucu dairəsinə yeni təqdim olunan Qafar Cəbiyevin “Düşüncər”ini onun yeni uğuru adlandırmaq istəsəm də, həmən bu fikirimdən daşındım. Əslində Əməkdar jurnalist, siyasi elmlər doktoru Xalid Niyazovun redaktorliğu ilə “Elm və Təhsil” nəşriyyatının təqdim etdiyi bu nəfis tərtibatlı kitabı  Qafar müəllimin böyük uğurlarının  təqdimatı adlandırmaq daha düzgün olardı.

Məhz 6 bölümdən ibarət bu kitabda oxucu Qafar müəllimin arxealogiya elmi sahəsində əvəzsiz xidmətlərinin, tədqiqat və düşüncələrinin şahidi olmaqla yanaşı müəllifin müstəqillik illərində ölkədə baş verənlərə ayıq münasibəti, Ulu öndərin ənənələrinə sədaqəti, Azərbaycan tarixinin və arxeologiyasının ən aktual problemlərinin həllindəki rolu, eyni zamanda onun  müxtəlif dövrü nəşrlərdə dərc olunmuş elmi-publisistik məqalələri ilə ardışıl tanış olur.

Həm onun özünün təqdim etdiyi, həm də haqqında təqdim edilən yazıların hər birində Qafar müəllimin dəyərli alim, Azərbaycan arxeologiyasının görkəmli siması, fədakar arxeoloq, istedadlı qələm sahibi, vicdanı susmayan jurnalist, ən nəayət vətən eşqli, Vətən amallı böyük bir vətənpərvər olduğuna şahidlik edirik. 

Qafar Cəbiyevin “Girdman tarixi (IV-IX əsrlər)” əsərinə akademik Yaqub Mahmudovun verdiyi dəyər və bu əsəri “Girdman tarixi real tarixdir, olmuş tarixdir, bizim tarixdir. Bu təkcə müəllifin deyil, ümumiyyətlə tarix elmimizin böyük uğurudur. Onun Girdmanın IV-IX əsrlər tarixinə həsr olunmuş tədqiqatı elmimizdə yenilikdir, tarixi saxtalaşdıranlara, xüsusiilə də, erməni saxtakarlarına tutarlı cavabdır”, -deyə dəyərləndirməsi əslində hər alimin qazana bilmədiyi böyük dəyərdir. Bu kimi daha böyük qiymətləndirmələri onun haqqında təqdim olunan digər yazılarda da görməkdəyik. Maraqlıdır ki, Azərbaycanın elmi ictimaiyyətinin yaxşı tanınıdığı akademik Teymur Bünyadovun, akademik Nailə Vəlixanlının; tarix, arxeologiya və etnoqrafiya sahəsində xidmətləri olan Əsədulla Cəfərov, Vəfa Quliyeva, Nəcəf Müseyibli, Fariz Xəlilli Qafar müəllimin xidmətlərini yetərincə dəyərləndirir, onu “Azərbaycan arxeologiya elminin möhtəşəm binasının sütunlarından olan”, “fədakar arxeoloq”, “Azərbaycan arxeologiyasının görkəmli siması” adlandırır,  elmi fəaliyyətini yüksək qiymətləndirirlər. Maraqlıdır ki, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitunun direktoru, professor Maisə Rəhimova Qafar müəllimi “Azərbaycan tarix və  arxeologiya elminin inkişafı istiqamətindəki bir sıra ilklər Qafar Cəbiyevə məxsusdur”, deyə təqdim edir.

Qafar Cəbiyevin elmi fəaliyyətindən danışanda bir faktı mütləq xatırlatmaq yerinə düşər: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Xidməti, “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Gürcüstan Qafqaz İrsi Araşdırma İnstitutu və İtaliya YOCOCU Asossasiyasının birgə təşkilatçılığı ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı, professor Qafar Cəbiyevin 70 illik yubleyinə həsr olunmuş  “Azərbaycan arxeologiyasının inkişafında professor Qafar Cəbiyevin rolu” mövzusunda beynəlxalq vebinar – konfrans keçirmişdir. Görkəmli alimin şərəfinə təşkil olunmuş Türkiyə, İtaliya, Rusiya, Gürcüstan və Şimali Makedoniyadan cöxsaylı elm adamlarının qatıldığı və  2 gün davam edən beynəlxalq tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatları, Mədəniyyət Nazirliyinin, Ağsu, Şamaxı, İsmayıllı rayonları  icra hakimiyyətinin nümayəndələri və Türkiyəli qonaqlar çıxış etmiş, fədakar alimin həyat yolundan, onun arxelogiya elminə töhfələrindən danışmılmışlar. Beynəlxalq könfransın proqramına diqqət edəndə belə Qafar müəllimin nə qədər zəngin yaradıcılıq irsinə sahib olduğuna şahidlik etməli olursan: “Orta əsr Qəbələ şəhəri professor Qafar Cəbiyevin tədqiqatlarında”,  “Görkəmli arxeoloq Qafar Cəbiyevin “Şəhərgah yaşayış yeri” və “Muradxan dəfinəsi”nin öyrənilməsində rolu”, “Azərbaycanın orta əsr arxeologiyasının inkişafında professor Qafar Cəbiyevin fəaliyyəti”, “Tədqiqatçı-alim Qafar Cəbiyevin AAK-dakı fəaliyyətinə dair”, “Azərbaycan arxeologiyasının tədqiqində Qafar Cəbiyevin rolu”, “Şirvan abidələrinin aşkarlanmasında arxeoloq Qafar Cəbiyevin rolu”, “Professor Qafar Cəbiyevin tələbəlik illərinə dair xatirələr” və sair məruzələrdə yubliyar-alimin bir insan ömrünə sığmayan coxşahəli və uğurlu fəaliyəti, elmi-pedaqoji və həm də  jurnalistika  sahəsindəki  xidmətləri göz önünə gəlir.

Yeri gəlmişkən qeyd edilməlidir ki, Qafar Cəbiyev uzun illər ölkənin aparıcı mətbuat orqanlarında da çalışmış, Azərbaycan milli  mətbuatının inkişafına xüsusi töhfələr vermişdir. Onun bu sahədəki xidmətləri ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək dəyərləndirilmişdir. O, ölkə Prezidentinin müvafiq sərəncamları ilə 2003- 2018-ci illərdə Milli Televiziya və Radio Şurasının üzvü, 2013-cü ildən şuranın sədr müavini olmuşdur. Əmək fəaliyyətinin ilk illərindən əsas peşəsi ilə yanaşı jurnalist qələmini əlindən qoymayan Qafar müəllim kütləvi informasiya vasitələrinin inkişafın­dakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görülmüşdür. “Düşüncələr” kitabında mətbuatımızın dəyərli simalarından olan professor Cahangir Məmmədlinin, siyasi elmlər doktoru, əməkdar jurnalist Xalid Niyazovun, əməkdar mədəniyyət işcisi Qüdrət Piriyevin, Milli televiziya və Radio şurasının şöbə müdiri  Təvəkkül Dadaşovun, tanınmış jurnalist Asif Mərzilinin Qafar müəllimin milli mətbuatda fəaliyyətini layiqincə dəyərləndirən yazılar yer alır.

Azərbaycan EA Tarix İnstitutunun Arxeologiya və Etnoqrafiya bölməsində uzun illər  baş  laborant,  kiçik  elmi işçi və nəhayət baş elmi işçi kimi çalışan Qafar Cəbiyev  Qəbələ,  Bakı  və  Ağsu-İsmayıllı arxeoloji  ekspedisiyalarının  apardığı çöl  tədqiqatı  işlərində yaxından iştirak edib. Uzun müddət  Ağsu-İsmayıllı  ekspedisiyası  rəisinin  müavini,  Qəbələ arxeoloji ekspedisiyasının IV dəstəsinin  rəisi kimi fəaliyyət göstərib və Qəbələ, Bakı, İsmayıllı, Ağsu və Kürdəmir  ərazisindəki  arxeoloji  abidələrin  öyrənilməsində bilik və başarığını əsirgəməyib.  Girdiman  tarixi  mövzusunda  doktorluq  dissertasiyası müdafiə edən görkəmli alim “Arxeologiya və roman­tika”, “Azərbaycan keramikası”, “Can Azərbaycan”, “Bura Vətəndir”, “Muradxan dəfinəsi”, “Girdiman: tarixi və tarixi coğrafiyası”,“Ya­zılan qalacaq”, “Ağsu şəhəri orta əsrlərdə” adlı kitabların, ali məktəblər üçün “Azərbaycan tarixi” və “Azərbaycan arxeologiyasının əsasları” dərsliklərinin, Azərbaycan tarixinə və arxeologiyasına dair tədris proqramlarının,  habelə  150-dən çox elmi, 500-dən çox elmi-publisistik  məqalənin  müəllifidir.  O, həmçinin ümum­milli lider Heydər Əliyevin həyatı, fəaliyyəti və elmi nəzəri irsinin öyrənilməsi və təbliğinə dair silsilə məqalələrin və Heydər Əliyev irsinin ali məktəblərdə tədrisinə dair proqramın müəllifidir.

Qafar Cəbiyevin uğurları bununla bitmir. Onun elmi axtarışları Vətən tarixini yeni səhifələrlə zənginləşdirir. Son 100 ildə Azərbaycan arxeoloqları arasında ilk dəfə olaraq 44 ədəd qızıl sikkədən ibarət dəfinəni məhz Qafar Cəbiyev aşkarlamış, onları tədqiq etmiş, qorunmaq və nümayiş olunmaq üçün Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi fonduna təqdim etmişdir.

Sonda qeyd etmək yerinə düşər ki, Qafar Cəbiyevin “Düşüncələr”i həqiqəti,  ədaləti özü üçün  amal yolu seçən vətənpərvərbir alimin, qələm sahibinin, eyni zamanda dəyərli  bir insanın tale yolunun aynası kimi də görünür.  Və nə yaxşı ki, belədir. Qafar müəllimin özünün də prinsip və həyat yolu adlandırdığı “Həqiqət yolu” onun “Düşüncələr”ində də əzəli həqiqətdir. Böyük Atatürkün dediyi kimi, həqiqəti qorumaqdan və ona güvənməkdən  heç zaman cəkinməyin!

N. Qədimoğlu