CƏMİYYƏT

FB yaradıcılığına fəal münasibətin vacibliyi

Dünyanı cənginə alan koronavirusla bağlı bütün ölkələrdə karantin şəraiti yaradıldı. Azərbaycan da istisna olmadı. Ötən ilin martında tətbiq olunan karantin dövründən bir il yarım ötür. Karantin şəraiti bütün dünyada bütün sahələrin inkişafını ləngitdi və ləngitməkdədir. Bu elə bir şəraitdir ki, hətta ədəbi yaradıcılığın da texniki  istiqamətlərini, məzmun, mövzu kontentini  fərqli  bir  yönə salmaqdadır. İnternet aləmi bu dövr ərzində insanların münasibət sistemində birinci sıraya keçdi. Azərbaycan tarixinə qızıl həriflərlə yazılan 44 günlük Vətən müharibəsi dövründə FB fəalları ənənəvi media sistemindən xeyli irəli getdi. İrəli getdi, amma bir sıra hallarda həm də saxta, yalan xəbərlərlə ictimaiyyətin qınağına səbəb oldu.Tamamilə üzə çıxdı ki, FB fəallarının bir qismi “qələmsiz yazıları”  ( Rəşad Məcid)  ilə qələbəmizə, uğurumuza xidmət etdisə, digər bir qismi-daha dəqiq desək, savadsız qismi isə bilərəkdən – bilməyərəkdən bu qələbəyə kölgə salan statuslarla fəallıq göstərdilər. Belə “fəalların”  qarşısını almaq çox çətindir.    Söz azadlığının ideal vasitəsi olan  internetin  bu imkanlarından sui-istifadənin  qarşısını almaq  çətindir. Amma faktlar göstərir ki, hər sahədə olduğu kimi, bu sahədə də maarifləndirmə işi çox vacibdir. FB fəallarının dəqiq, obyektiv, azərbaycançılıq, milli maraqlar sisteminə söykənən , Vətən sevgisini heç nəyə qurban verməyən qisminin status və kommentləri bu sahədə həm də maarifçiliyin ən yüksək göstəricisidir. Filosof Səlahəddin Xəlilovun həyata bağlı yığcam, amma müqəddəs məzmun dolu statusları, özünün  cəmiyyətə gərəkli statuslarını hətta “Qələmsiz yazılanlar”  adlı bir kitabında toplayıb nəşr etdirən yazıçı-publisit Rəşad Məcidin fikirləri, “Şərq” qəzetinin  redaktoru Akif Aşırlının klassik dövlətçiliyimiz, tariximizdə iz qoymuş şəxsiyyətlərimizlə bağlı  yazıları, Elçin Mirzəbəyli, Rafael  Tağızadə kimi şairlərin duyğulu, Vətənə bağlı şeirləri , Yunus Oğuzun Vətən müharibəsi ilə bağlı publisistik görüşləri, APA kimi dəyərli və populyar bir Agentliyin rəhbəri Vüsalə Mahirqızının saxta xəbərçilərə birbaşa təsir edən publisitikası , “Olaylar”ın istedadlı rəhbəri  Fatma Abbasquliyevanın saxta xəbərçilərə cavabları və s. FB yaradıcılığı artıq internet şəbəkəsində bir dərs rolu oynamaqdadır. İnternet fəallarımızın bu qisminə diqqətlə yanaşdıqda  onların maarifçilik fəaliyyətinin əhəmiyyətini dərhal hiss etmək olur. Çox arzu edərdik ki, onların FB yaradıcılığı ilə bağlı ən azı ayrıca bir tədqiqat aparılsın, yeni yaranan Medianın İnkişafı Agentliyi onları qiymətləndirilməsi  işinə ayrıca bir dəyər formatını həyata keçirsin. İnanırıq ki, FB –nın özündə keçiriləcək bir sorğu  həm şəffaflığı təmin edər, həm də ədəbi yaradıcılığın yeni və qaçılmaz forması olan “Qələmsiz yazılanlar” ın obyektiv, etik, peşəkarlıq nümunələrinin sambalını artırar, səviyyəsiz , savadsız  xəbər “müəllifləri” ni doğru yola çəkmək işinə kömək edər.

Günel  Mehdizadə