SİYASƏT

Prezidentin xarici KİV-lərə son müsahibələrində diqqət çəkən mesajlar

Qısa zaman kəsiyində, son 10 gün müddətində Prezident İlham Əliyev dünyanın nüfuzlu 3 KİV qurumuna (Türkiyənin “Anadolu” Agentliyinə, Fransanın “France-24” televiziya kanalına, İspaniyanın EFE informasiya agentliyinə) müsahibələr verib. Əlavə olaraq, sentyabrın 24-də BMT Baş Assambleyasının 76-cı sessiyasında videoformatda çıxış edib. Bu KİV-lər dünyaca məşhurdurlar, siyasi mesajların çatdırılmasında vasitəçi kimi qəbul edilirlər. Paralel olaraq, təmsilçisi olduqları dillərdə stabil auditoriyaları vardır, etimadlı mənbə kimi qəbul edilirlər. Məsələn, İspaniyanın EFE informasiya agentliyi ispandilli ölkələrin “Euronews”u kimi qəbul edilir, yaxud,  “France-24” televiziya kanalı Frankfoniya məkanında (fransızdilli ölkələrin əməkdaşlıq çevrəsi) söz sahibidir.

Prezidentin qeyd edilən  KİV-lərə müsahibələrində görünür ki,  hər bir KİV qurumunun auditoriyasının spesifikasını nəzərə alır. Ermənistan-Azərbaycan münaqişəsinin tarixi səbəbləri, hazırkı vəziyyəti, habelə Azərbaycanın mövqeyini əsaslandıran  hüquqi, siyasi, mənəvi  amilləri həmin auditoriyaların spesifikalarını nəzərə almaqla diqqətə çatdırır, Azərbaycanın haqlı mövqeyini əsaslandırır. Məsələn, Avropa KİV-lərinə müsahibəsində Avropa İttifaqının  Ermənistan üçün 2.6 milyard avro həcmində iqtisadi yardım etməsini xüsusi qabardır. Eyni həcmdə məbləğin  eyni şərtlərlə işğaldan əziyyət çəkmiş tərəfə – Azərbaycana da təklif edilməli olduğunu vurğulayır, qarşılıqlı münasibətlərdə  Avropa İttifaqının  özünü dürüst aparmadığını əsaslndırır. Beləliklə, Aİ-nin Azərbaycana qarşı dürüst davranmadığı barədə Avropa auditoriyasında konkret faktlarla təsəvvür yaradır. Həmin müsahibələrdə Prezident Azərbaycanın Avropanın qaz bazarında rolunun artmasını, enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətini və digər önəmli cəhətlərini də diqqətə çatdırır.

Bütün bunlarla yanaşı, Prezidentin son müsahibə və  çıxışlarında qırmızı xəttlə keçən mesajlar görünür. Bu mesajların mərkəzində Dağlıq Qarabağın statusu mövzusu dayanır. Prezident hr 3 müsahibəsində və  BMT tribunasından etdiyi  çıxışında vurğulayır ki, status məsələsi tarixdə qalıb, bu mövzusunun reanimasiyasına çalışanlar perspektivsiz işlə uğraşırlar. Dövlət başçısı vurğulayır ki, iki ölkənin –Ermənistanla Azərbaycanın münasibətlərini  qaydaya salmaq istəyənlər öz bəyanatlarında səmimidirlərsə, bundan sonra yeni istiqamətdə çalışmalıdırlar: Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa, müharibə səhifəsini bağlamağa çağırmalı, kommunikasiyaların, nəqliyyat dəhlizlərinin  açılmasının zəruriliyinə inandırmalı, bunun Ermənistanın yeganə xilası yolu olduğunu  ona anlatmalıdılar.

Prezident dünya auditoriyasına anladır ki, Ermənistan rəsmi bəyanatlaının əksinə olaraq,  səmimi sülh niyyətindən hələ də uzaqdır. “3+3” regional əməkdaşlıq platformasına dair Türkiyə Prezidentinin təklifinə hələ də cavab verməməsi, real sülhün yaradılması üçün səslənən təkliflərə laqeyd yanaşması buna sübutdur. Prezident EFE agentliyinə müsahibəsində deyir: “BMT Baş Assambleyasının sessiyası çərçivəsində Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü baş tutub. Bu, müharibə bitəndən sonra birinci dəfə baş vermişdir. Bizim nazirin mənə verdiyi məlumata görə, görüş konstruktiv və ümidverici olmuşdur. Bizim mövqeyimiz müharibə bitəndən sonra dəyişməz olaraq qalır. Biz Ermənistanla hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında normal münasibətlər qurmaq istəyirik. Biz dərhal sərhədlərimizin delimitasiyasına və əlbəttə ki, bu proses bitəndən sonra demarkasiyasına başlamağa hazırıq. Həmçinin biz gələcək sülh sazişi üzərində Ermənistanla işləməyə başlamağa hazır olduğumuzu bildirmişik. Bütün bu təşəbbüslər tərəfimdən və digər Azərbaycan rəsmiləri tərəfindən dəfələrlə vurğulanmışdır. Lakin əfsuslar olsun ki, Ermənistan hələ də buna müsbət cavab verməyib”.

Azərbaycan rəhbəri bu müsahibələrdə əminliklə vurğulayır ki, Ermənistanın necə davranmasından asılı olmayaraq, yaxın aylarda köçkün ailələrinin ilk hissəsinin işğaldan azad edilmiş torpaqlara qayıdışı təmin ediləcək, Böyük Qayıdış prosesinə  hazırlıq işləri tamamlanacaq. Azad olunmuş ərazilərin yenidən qurulmasına yalnız bu il üçün 1 milyard 300 milyon dollar həcmində vəsait ayrılması, bölgədə çoxsaylı infrastruktur layihələrinin icra edilməsi sübut kimi göstərilir.

Müşfiq Ələsgərli