CƏMİYYƏT

Azərbaycan və Özbəkistan təşkilatları arasında media sahəsində əməkdaşlığa dair memorandum imzalandı

UNEC Tədqiqat Fondunun Departament rəhbəri Ellada Əliyeva, Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn  Quliyevin iştirakı ilə Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin rektoru, Beynəlxalq Pres-klubun sədri Şerzodxan Kudratxoca arasında görüş keçirilmişdir.

Görüşdə tərəflər əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, media sahəsində birgə layihələrin icrası, təcrübə mübadiləsinin həyata keçirilməsi, qarşılıqlı olaraq hər iki ölkənin jurnalistlərinin qarşı tərəfdə təlimlərdə iştirakı və s. müzakirə olunub. Tərəflər qeyd olunan məsələlərlə bağlı əməkdaşlığa dair Memorandumun imzalanmasını razılaşdırıblar. 

Cari ilin 2 oktyabr tarixində Daşkənddəki Beynəlxalq Pres-klubda Azərbaycan və Özbəkistan qurumları arasında əməkdaşlığa dair Memorandum imzalanıb.

İmzalanma mərasimində UNEC Tədqiqat Fondunun Departament rəhbəri Ellada Əliyeva, Özbəkistan tərəfindən də mötəbər qonaqlar iştirak ediblər.

BAMF-ın prezidenti Umud Mirzəyev və Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin rektoru, Beynəlxalq Pres-klubun sədri Şerzodxan Kudratxoca arasında 2 Memorandum imzalanıb. Özbəkistan Universiteti və hər iki ölkənin press klubları arasında əməkdaşlığa dair sənədlər təsdiq edilib.

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov və Şerzodxan Kudratxoca arasında da əməkdaşlığa dair Memorandum imzalanıb. 

Tərəflər hər iki ölkənin tanıdılması, media sahəsində əməkdaşlıq, birgə konfransların, mediaturların təşkili, Özbəkistan jurnalistləri üçün Azərbaycan dili kurslarının təşkili, Özbəkistanın Beynəlxalq Press-Klubuna, Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinə Azərbaycana dair kitab və nəşrlərin göndərilməsi razılaşdırılıb.

İmzalanma mərasimində Samir Abbasov Azərbaycan Mədəniyyət Mərkəzinin Özbəkistan KİV-ləri ilə birgə layihəsi nəticəsində 44 günlük Vətən müharibəsi zamanı Özbəkistan mətbuatının Azərbaycana mühüm informasiya dəstəyi göstərdiyini, xarici ölkələrdə ən çox məqalə və materialların məhz, bu ölkədə yayımlandığını və qardaş Özbəkistan KİV-lərinin ölkəmizin haqq işinə dəstək göstərdiyini vurğulayıb. O, Özbəkistan tərəfinə öz təşəkkürünü bildirib və yeni əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsindən məmnunluğunu ifadə edib. Şerzodxan Kudratxoca Azərbaycanla əməkdaşlığa xüsusi önəm verildiyini və bu istiqamətdə Azərbaycan Mədəniyyət Mərkəzi ilə əməkdaşlığın təqdirəlayiq olduğunu qeyd edib və yeni əməkdaşlığın qurulmasını yüksək qiymətləndirib. 

BAMF-ın prezidenti Umud Mirzəyev imzalanmış sənədlər nəticəsində gələcəkdə hər iki ölkənin jurnalistləri və media qurumları arasında əməkdaşlığın yeni müstəviyə keçəcəyini, daha sıx əlaqələrin yaranacağını vurğulayıb.