CƏMİYYƏT

Dövlətin inkişafında turizmin rolu

Turizm istirahət əyləncə formalarından olmaqla yanaşı, həm də mədəni-siyasi, kulturoloji əhəmiyyət kəsb edir. Turizm müasir dünyanın qlobal əhəmiyyətə malik olan,  sosial-iqtisadi əlaqələri  tənzimləyən,  həm də müxtəlif  ölkələr və xalqlar arasında qarşılıqlı münasibət yaradan biznes sahəsidir. Dünyanın hər bir ölkəsində bu sektorun inkişafına böyük maraq göstərirlər. Hal-hazırda müasir dövrümüzdə beynəlxalq maliyyə qurumları və təşkilatları turizmin inkişafına öz maraq və diqqətlərini  artırıblar.

     Sovet ittifaqı dağıldıqdan sonra  müstəqillik əldə etmiş  Azərbaycan Respublikasında da turizmin inkişafina maraq artmış, bu sahəyə dövlət səviyyəsində xüsusi qayğı  göstərilmişdir. İlk olaraq onu qeyd edim ki, turizmə olan münasibətin başında ölkənin sosial-iqtisadi maraqları dayanır. Bəs Azərbaycan turizm ölkəsidir deyib fikirləri niyə ora cəlb etməliyik?    

     Azərbaycan bu sahəni  inkişaf etdirməsində  kifayət qədər imkanları və təbii coğrafi potensialı olan bir ölkədir. Dünyada mövcud olan 11 iqlim qurşağından 9-unun Azərbaycanda olması  bu ölkənin turizm üçün əlverişli bir məkan olması barəsində aydın təsəvvür yaradır. Bu faktın özü  məhz Azərbaycanın turizm marşurutuna daxil olması üçün kifayət edir. Ölkəmizin dənizi,  aranı, dağı, meşələri,  gölləri,  yaylaqları turistləri bura cəlb edən obyektlərdəndir. Sözsüz ki, inkişaf etmiş ölkələrin turizm sahəsində əldə etdiyi təcrübəni öz ölkəmizlə müqayisəli şəkildə araşdırmalıyıq. Məsələn, Fransa, İspaniya, Almaniya,  Türkiyə və s. ölkələrdə turizm ildən-ilə inkişaf edir. Məhz Azərbaycanda bu strukturun  peşəkarlığı elə təşkil olunmalıdır ki,  beynəlxalq bazarda mövcud olan güclü rəqabətə tab gətirə bilsin. Bu rəqabətə tab gətirmək üçün əvvəlcə iqtisadi kadrların hazırlanması məsələsi aktual olmalıdır.

      Sevindirici haldır ki, son illər Azərbaycana gələn turistlərin sayı gündən-günə artır. Bu isə həm iqtisadi inkişafa, həm də mədəniyyət tanıtımına böyük xidmət göstərir.

Mehdizadə Günel