CƏMİYYƏT, Müharibə qəhrəmanlarımız

Şəhidlərimizi tanıyaq, tanıdaq.

İkinci Qarabağ savaşının ilk günlərində qanı ilə şərəfli tariximizin ilk səhifələrini yazaraq şəhadətə qovuşan igid şəhidimiz Nurlan haqqında söhbət açacağam oxucularımıza. Bu gün Nurlan Dadaşovun şəhid olmasının birinci il dönmüdür.

Dadaşov Nurlan Səyyad oğlu

       Nurlan Səyyad oğlu Dadaşov 27 sentyabr  2001-ci ildə Kürdəmir rayonunun Qarasaqqal kəndində anadan olub. 2007-2018-ci illərdə Qarasaqqal kənd tam orta məktəbində təhsil alıb. Orta təhsilini başa vurduqdan sonra 2019-cu ilin oktyabrında hərbi xidmətə  yola düşüb. Xususi təyinatlı qüvvələrdə xidmət edən Nurlan, Vətən müharibəsi başlayarkən  Murovdağ, Füzuli, Cəbrayıl, Xocavənd istiqamətlərində döyüşlərdə iştirak edib. Oktyabrın 3-də Cəbrayıl istiqamətindəki döyüşdə igidlik göstərərək  qəhrəmancasına şəhid olub.  Qəhrəman şəhidimiz  oktyabrın 4-də doğma kəndində  dəfn olunub. Nurlan Səyyad oğlu Dadaşov  ölümündən sonra Azerbaycan Respublikasinin Prezidenti İlham Əliyevin sərəncamı ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

    Vətən üçün canından keçən oğul, Vətən, Xalq səni unutmayacaq!

***

           Qohum olduğumuz üçün yaxşı tanıyıram Rəfiqəni. Diribaş, bacarıqlı, mehriban qadındır. Üç oğul dünyaya gətirıb. Həmişə bacı-qardaşları arasında zarafatla öyünərdi ki, Vətənə 3 əsgər, sipər, düşmənə çəpər böyüdürəm. Ağlına gəlməzdi ki, illər ötəcək, üç oğulun ikisi Vətən  torpağı üçün həqiqətən də sipər olacaq, torpaqlarımızın azad olunması uğrunda gedən müharibədə döyüşəcək, biri  şəhid olacaq…

           Nurlan evin kiçiyi, sonbeşiyi idi. Bir az ərköyünlü vardı, kiçik olduğu üçün hamı onu əzizləyirdi, amma ağıllı, zəhmətkeş, qayğıkeş uşaq idi. Nə iş buyursaydılar, müzakirəsiz gedərdi, ərinməzdi. Səliqəli geyimi, yaraşığı, uca boy-buxunu ilə seçilirdi tay-tuşları arasında. Uşaqlıqdan arzusu hərbçi olmaq idi Nurlanın. Böyük qardaşı Kamran hərbçi idi. O, evə gələndə paltarlarını dəyişərdi. Nurlan dərhal onun hərbi formasını geyinib, kənddə gəzərdi. Güzgünün qarşısında durub  xeyli özünə  tamaşa edib, zarafatla:

  – Hərbçi olmaq mənə çox yaraşır. Görəsən mən də bu formanı  geyə biləcəm?– deyirdi.

     Nurlan qayğıkeş, diqqətcil olduğu üçün Rəfiqə ona daha çox bel bağlayır, – mənim dərd ortağımdı, deyirdi. Yaşının kiçik olmasına baxmayaraq bütün söz-söhbətini, dərd-sərini ona deyirdi, onunla məsləhətləşirdi. Nurlan Rəfiqəyə qız uşağı qədər yaxın idi. O da çöldə nə işi olsa, nə söz-söhbəti vardısa, anasına  deyərdi. Qardaşları ilə də münasibəti  yaxşı idi Nurlanın. Qardaşları da onu çox istəyirdilər...

     Mənim Nurlan haqqında eşitdiklərim, bildiklərim bu qədər idi. Kəndə gedəndə hərdən məclisdə, yolda-rizdə rastlaşırdıq. Gülə-gülə salamlaşıb, hal-əhval tutub, tələsik uzaqlaşırdı. Hətta, zarafatla məşhur filmin qəhrəmanı Mirişə də bənzədirdim onu…Müharibə başlayanı 9 gün idi artıq. Səhər yuxudan durar-durmaz  acı xəbər aldıq, Nurlan şəhid olmuşdu… Ölüm elə amansız, elə soyuqdur ki, heç kəsə yaraşdırmaq olmur. Onda ki, Nurlan kimi gülərüz, nur çöhrəlı, mehriban gəncə. Axı vur-tut 19 yaşı vardı Nurlanın. Əsgərliyinin bir ilini çəkmişdi. Axı, qalaq-qalaq arzuları, qucaq-qucaq  niyyətləri vardı Nurlanın…

    Yas yerinə gəlmişdim. Ağır idi, çətin idi bayraqlı, qırmızı yaylıqlı yas qapısından keçmək… Ürəyi neştər kimi dəlib, deşən ağı deyən, bayatı çağıran doğmalarının fəryadlarını eşitmək ağır idi, ağrılı idi…

                Əzizim ulu  dağlar,

                Çeşməli, sulu dağlar,

                Burda bir cavan ölüb,

                Göy kişnər, bulud ağlar…

                Əzizim balabanı,

                Asta çal balabanı,

                Hamının balası gəldi,

                Bəs mənim balam hanı…

    Rəfiqə deyildi nalə çəkən, ağı deyib ürək dağlayan, Nurlanın xalaları idi. Ana naləsini, fəryadını, üsyanını  içində boğmuşdu. Qaya parçası kimi vüqarla, şax durmuşdu:

  •  Ağlamayın mənim balamı! Mənim balam şəhid olub. Mənim balam Vətən yolunda, torpaq uğrunda  şəhid olub. Şəhidi ağlamazlar! El üçün, xalq üçün qurban gedib, qurbana vaysınmazlar… Üç oğlumun biri Vətənə qurban gedib, Vətən sağ olsun! Bu mənzərəni təsvir etməyə kəlmələr aciz, sözlər kasaddır. Bu sözlər bir Ordunu coşduran çağırış idi! Müharibələrə, qan-qadalara qarşı üsyan idi, bətnində, qucağında qaniçən böyüdən ruhsuz, duyğusuz düşmən analarına yağdırılan nalə idi qarğış idi…Dağ vüqarlı bu qadın həmin anda tanıdığım gülərüz Rəfiqə deyildi, əzəmətli qadın, qürurlu  ana obrazı, ana abidəsi idi gözümdə. Hər kəsin yarada bilməyəcəyi qəhrəman ana abidəsi!…

  Xeyli vaxt keçəndən sonra bir də gəldim bu evə. Bu dəfə Nurlan haqqında xatirələri çözələməyə, dinləməyə. Evdə xeyli adam vardı – Nurlanın dostları, sinif yoldaşları, müəllimləri, qohumları…


     Rəfiqə DadaşovaNurlanın anası: Nurlan diribaş, qaynar uşaq idi. Məktəbi qurtarandan sonra işlədi, çalışdı. Kənd işlərinə gedir, xərcliyini qazanırdı, evdən pul istəmirdi. Təsərrüfat , həyət-baca işlərinin hamısına əl yetirirdi. Qazancı ilə özünə əyin-baş, telefon almışdı. Hələ anasına  da telefon almışdı. Həyətlərində çoxlu ağac, gül əkmişdi. Balıq tutmağı çox xoşlayırdı. Hər yerə də velosipedlə gedirdi. Məhəllədə kimin velosipedi sınsaydı, nasaz olsaydı Nurlanın yanına gətirərdi. Bacarıqlı idi, əlindən hər iş gəlirdi. Qılıqlı, mehriban uşaq idi Nurlan. Hamı ilə dil tapırdı. Ona görə də dostları çox idi. Qohuma da, qonşuya da, dosta, tanışa da can yandıran, ünsiyyət quran idi. Orta məktəbdə əla oxumasa da, orta səviyyədə oxuyur, idman yarışlarında iştirak edirdi.

Nurlan əsgərlikdə də özünə yaxşı dostlar qazanmışdı. Yanına gedəndə

demişdi ki, ana, atamdan razılıq almışam, sən də razılıq ver, biz yoldaşlarımızla xidmətdən sonra hərbidə qalıb işləmək istəyirik. İşləyib sizə kömək edərəm, özümə maşın alaram, ev tikərəm deyirdi…

     Xidmətindən razı idi. Deyirdi ki, verilən tapşırıqları yüksək  səviyyədə  yerinə yetirir, təlimlərdə  yüksək nəticələr əldə edir. Sentyabrın 24-də Nurlangili təlimə aparıblar. Zəng vuranda: – Bizi təlimə aparırlar. 1 həftə  telefonuma zəng çatmayacaq, özüm sizinlə əlaqə saxlayacağam, – demişdi. Müharibənin başlamasını böyük oğlum Kamrandan eşitdim. Sentyabrın 28-də Kamran zəng vurub dedi ki, mən döyüş bölgəsindəyəm, müharibə başlayıb. Nurlandan çox nigaran idim. Ayın son günü – 31-də mənə zəng vurdu Nurlan. Kəşfiyyatdan gəlmişdi. Hiss etdirməməyə çalışsam da, kövrəldiyimi anladı və dedi:

  • Ana, darıxma, inşallah, 10-15 günə torpaqlarımızı qaytaracağıq. Müharibə

qurtaran  kimi, məzuniyyət götürüb evimizə gələcəyəm. Komandirimiz bizə söz verib ki, hamımızı məzuniyyətə buraxacaq. Ad günümü sizinlə birgə qeyd edərik. Sentyabrın 27-də – müharibə başlayan gün Nurlanın 19 yaşı tamam olmuşdu. Həmin gün hamı ilə danışmışdı. Elə bil ürəyinə dammışdı ki, şəhid olacaq. Qardaşları, atası, xalası ilə də danışmışdı. Hamı ilə halallaşmışdı balam (ağlayır)…

       ( 44 günlük Vətən müharibəsinin  kürdəmirli şəhidlərinin qısa,lakin şərəfli həyatından bəhs etdiyim “Ölümü ömür seçənlər” kitabından.)

Filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı