CƏMİYYƏT

Bakıda avtomobil sıxlığı: — Problem aradan qaldırıla bilərmi?

Uzun müddətdir ki, hər bir ölkənin, şəhərin, meqapolisin iqtisadi inkişaf səviyyəsi burada avtomobil parkının kəmiyyət göstəricisi ilə də müəyyən edilir.                

Ötən əsrin 70-ci illərində Nyu-York, Paris, Berlin, Toronto… kimi meqapolislərin avtomobil parkının kəmiyyət göstəricisi barədə informasiyalara,  vizual görüntülərə heyranlıqla, həsədlə baxmışıq. Mən özüm də  bir avtomobil idarə edən sürücü kimi bu gün Bakımızın mərkəzi, hətta mərkəzdən kənar küçələrinə diqqət edirəm, bu küçələrdəki avtomobil axınına baxaraq qürur hissi duyuram, çünki saysız-hesabsız avtomobil parkı Azərbaycanımızın iqtisadi inkişafının danılmaz bir göstəricisidir. Buna baxmayaraq, gözəl Bakımızda avtomobil sıxlığı bizi problemlərlə də üzləşdirir. Təkcə hər gün bu küçələrdə baş verən avtomobil qəzalarını, piyada vurulmalarını, yol kənarlarında park edilən minlərlə avtomobilin yaratdığı sıxlığı, keçilməzlik kimi faktları nəzərə alsaq problemlərin nə qədər çox olduğunu anlamaq çətin olmaz.

      Bəs nə etməli? Gündən-günə çoxalan avtomobil sıxlığından necə xilas olmalı?                                                                                                      

   Mən bu yazıda bizə çoxdan məlum olan bir çıxış yolunu xatırlatmaq istərdim:

 — Avropanın bəzi paytaxtlarında, ABŞ-ın bəzi şəhərlərində tətbiq və təklif olunan bir çıxış yolu: — Sonu cüt rəqəmlərlə bitən nömrələrə malik avtomobilləri həftənin cüt günüləri, tək rəqəmlərlə  bitən  avtomobilləri həftənin tək günləri  şəhərə buraxmaq. Qalan günlərdə əhali ictimai nəqliyyatdan istifadə etsin. Bu hesabla şəhərdə avtomobil sıxlığını ikiqat azaltmış olarıq. Əlbəttə, qalan detalları nəqliyyat idarələri özləri işləyib hazırlaya bilər.

Mehdizadə Günel