İQTİSADİYYAT

Murovdağ tunelinin inşası davam etdirilir

Avqustun 16-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarında olarkən, Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində, Murovdağında inşa olunacaq 11,6 kilometrlik tunelin təməlinin qoyulması mərasimindən dərhal sonra genişmiqyaslı tikinti işlərinə başlanılıb.
Göygöl və Kəlbəcər rayonlarını birləşdirən Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun layihə uzunluğu 80,7 km təşkil edir. Layihənin 13,5-cı kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və yüksəklik 1700 metrdən Murovdağ zirvəsinədək 3250 metrə qədər artır.
Burda qış fəslində güclü qar və şaxtalı hava şəraitində yolun təhlükəsiz istismarı mümkün olmaya bilər. Buna görə də çətin relyefə malik ərazidə 31,5 kilometrlik yolun tikilməsi əvəzinə bu hissənin Murovdağ silsiləsinin altından 11, 6 kilometrlik tunel ilə keçilməsi daha məqsədəuyğun hesab edilib. Tunel bir istiqamət üzrə 2 hərəkət zolaqlı və 12 metr enində olacaq.
Murovdağ tunelinin sol hərəkət istiqaməti üzrə üst yarı hissədə 125 metr, sağ istiqamət üzrə üst yarı hissədə isə 115 metr qazma işləri aparılıb. Hazırda tuneldə qazma, partlatma və qırıcı üsulları ilə tunelin qaya qruntlardan ibarət hissələrinin kənarlaşdırılması işləri davam etdirilir.
Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu başlanğıcını Göygöl rayonunun Toğanalı kəndindən götürməklə işğaldan azad edilmiş Kəlbəcər rayonunun ərazisindən keçir. Bu üzdən sözügedən rayonun bir-çox yaşayış məntəqələri ilə yanaşı rayon mərkəzinə və məşhur İstisu ərazisinə qədər rahat gediş-gəliş təmin ediləcək.