İQTİSADİYYAT

Azad edilmiş ərazilər Azərbaycana investisiyaları xeyli dərəcədə artıracaq

Azad edilmiş ərazilərə xarici sərmayə cəlbi Azərbaycan iqtisadiyyatına investisiyaları xeyli dərəcədə artıracaq. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “Dayanıqlı inkişafın maliyyələdirilməsi: COVID-19 pandemiyasından dayanıqlı və yaşıl bərpa” mövzusunda çərşənbə günü keçirilən tədbirdə deyib. M.Cabbarov bildirib ki, Azərbaycan öz ərazilərini erməni işğalından azad etdikdən sonra həmin ərazilərin bərpası, insanların orada təhlükəsiz şəkildə məskunlaşdırılması, iqtisadi inkişafın reallaşdırılması, ölkə iqtisadiyyatına inteqrasiya olunması və digər bu kimi çağırışlar qoyur. Nazir qeyd edib ki, Azərbaycanın bu istiqamətdə prioritetləri dayanıqlı inkişaf məqsədlərinin prioritetləri ilə üst-üstə düşür.
M.Cabbarovun sözlərinə görə, işğal dövründə ermənilər həmin ərazilərdə yaşayış evlərini, sosial obyektləri dağıdıb, iqtisadiyyatı məhv edib, ekoloji fəlakət törədib. Nazir vurğulayıb ki, həmin ərazilərin bərpası böyük maliyyə vəsaiti tələb edir: “Azad edilmiş ərazilərə xarici sərmayənin cəlb edilməsi Azərbaycan iqtisadiyyatına investisiyaları xeyli dərəcədə artıracaq.”