CƏMİYYƏT

Bakıda tikinti məsələləri ilə bağlı müşavirə keçirilib

Bakı Şəhər İcra Hakimiyyətində Bakı Şəhər İcra Hakimiyyəti, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Azərbaycan Memarlar İttifaqı ilə birgə bu qurumların rəhbərləri, aparıcı memarlar və hazırda tikilən binaların memarlarının iştirakı ilə “Bakı şəhərinin memarlıq görünüşünün qorunması və paytaxtda şəhərsalmanın gələcək inkişafı” mövzusunda seminar-müşavirə keçirilib.
  İcra Hakimiyyətindən  verilən məlumata görə, başçı Eldar Əzizov bildirib ki, bugünkü seminar-müşavirə Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban Əliyevanın tövsiyələrinə uyğun olaraq təşkil edilib. O bildirib ki, son illər ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlər nəticəsində paytaxtımız Bakı şəhəri ciddi şəkildə inkişaf edərək dünyanın ən gözəl şəhərləri sırasında yer alır: “Paytaxtın dinamik inkişafı davam edir. Memarlar müasir tələblərə cavab verən layihələr hazırlamalı, bu zaman milli memarlıq üslubu və xüsusiyyətləri qorunmalıdır. Bu günkü tədbirimizdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, tanınmış memarlar şəhərin gələcək inkişafı ilə bağlı öz təklif və tövsiyələrini verəcəklər”.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev çıxış edərək respublika ərazisində, o cümlədən Qarabağ və Şərqi Zəngəzurda dövlət başçısının göstərişlərinə əsasən aparılan genişmiqyaslı quruculuq işlərindən söz açıb. İşğaldan azad edilmiş ərazilərdə müxtəlif istiqamətli şəhərsalma və infrastruktur layihələrinin həyata keçirildiyini vurğulayaraq hazırlanan layihələrdə bu ərazinin coğrafi quruluşu, milli-memarlıq ənənələri və normativ tələblərin gözlənilməsinə xüsusi diqqət ayrıldığını qeyd edib, bu proseslərdə məhz memarların böyük rol oynadığını vurğulayıb”.
Tədbirdə çıxış edən Azərbaycan Memarlar İttifaqı idarə heyətinin sədri Elbay Qasımzadə memarlığın günümüzdəki önəmi və bu sənətin özəlliyindən danışıb. Gənc memarların ixtisaslaşması məsələsi və layihələndirmə işlərində peşəkar mütəxəssislərin çalışdığı şirkətlərə üstünlük verilməsinin vacibliyini qeyd edib.
Sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini İlqar İsbatov mövzu ətrafında geniş məruzə ilə çıxış edib. Tədbir iştirakçılarına şəhərdəki tikililər, o cümlədən şəhərsalma və tikinti layihələrinin hazırlanması zamanı əvvəlki illərdə rast gəlinən çatışmazlıqlar, layihələrin keyfiyyətinin artırılması üçün komitə tərəfindən aparılmış təhlillərin nəticələri və görülməli işlər haqqında ətraflı məlumat verilərək, təqdimat nümayiş olunub.
 

T.Rüstəmov