SİYASƏT

İran-Ermənistan “dostluğu” anti-Azərbaycan müstəvisində “qardaşlıq” mərhələsinə keçib

Son günlərdə İran-Azərbaycan münasibətlərində birtərəfli qaydada gərginlik yaranması, İran tərəfindən anlaşılmaz və düşmən mövqeyi ilə ortaqlaşan addımlar atılması, anti-Azərbaycan aksiyalarının keçirilməsi, istər-istəməz, ölkələrimiz arasında əlaqə və əməkdaşlığın uzaq və yaxın mərhələlərini yada salır. Azərbaycanın sovet-kommunist sistemi tərkibində olduğu dövrlərdə təqdim edilən tarixdən bilirdik ki, 3 min illik İran dövlətinin ən böyük əyaləti olan Azərbaycanın Araz çayından şimaldakı hissəsi 1813-cü ildə Rusiya imperiyasına güzəşt edilmişdir. Sovet imperiyasının çöküşü nəticəsində tarixi Azərbaycanın şimalında 1918-ci ildə elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin varisi olan müstəqil Azərbaycan Respublikasının bərpa edilməsini İran İslam Respublikasının tanıması isə iki ölkə arasında mehriban qonşuluq əlaqələri üçün mötəbər əsas olmuşdur.

Son 30 ildə Qarabağ münaqişəsi zəminində Azərbaycan ərazisinin 20 faizini işğal etmiş Ermənistanla İranın sıx əməkdaşlığı, “dost-qardaş” dediyi Azərbaycana hərbi təcavüz etmiş dövlətə hərtərəfli yardım göstərməsi ölkəmizin maraqları ilə birbaşa ziddiyyət yaratsa da, xalqımız buna dözümlü yanaşmış, müstəqil dövlətimiz bir-birinin daxili işlərinə qarışmamaq prinsipinə sadiq qalmışdır. Hətta Qarabağı viran qoyan ermənilərin vandallığını İran tərəfinin görməzliyə vurması da Azərbaycanla ortaq keçmişi və ümumi dəyərləri üstün tutmasının kölgəsində qalmışdır.
Keçən ilin payızında Azərbaycanın 44 günlük Vətən müharibəsində Qarabağı işğaldan azad etməsinin İran rəhbərliyində gizli bir məyusluq yaratması isə son aylarda və son günlərdə atılan addımlarla tam aşkara çıxmışdır. Azərbaycanın Qarabağ qələbəsi, ərazi bütövlüyünü bərpa edərək İran və Ermənistan sərhədlərinə çıxması, sən demə, İranın “strateji maraqlarına” xələl gətirib. Zəngəzur dəhlizinin açılması barədə üçtərəfli razılaşma isə bir ildir ki, İran rəhbərliyini açıq-aşkar narazı salıb.
Belə olanda Azərbaycan xalqında haqlı suallar yaranır:
— Azərbaycanın işğalçı Ermənistan üzərində qazandığı qələbənin reallıqları nə üçün İranda qısqanclıqla qarşılanıb və Ermənistanla əməkdaşlığı dostluq səviyyəsinə qaldırıb?
— Nə üçün İran Qarabağdakı separatçı rejimin tör-töküntülərinə açıq-gizli yardımlarını davam etdirməklə Azərbaycanla münasibətləri ciddi sual altında qoyur?
— 30 il davam etmiş işğal dövründə susmuş İran dövləti Ermənistanın məğlubiyyətindən sonra Azərbaycan sərhədlərində niyə və kimə qarşı hərbi güc nümayiş etdirir?
Təəssüf ki, belə arzuolunmaz suallar gündən-günə artır. Son sual isə belədir:
— Sözdə daim İslam həmrəyliyindən dəm vuran İranın türk-müsəlmanların əbədi düşməni olan Ermənistanla qonşuluq münasibətlərinin “dostluq” mərhələsini aşaraq “qardaşlıq” dövrünə qədəm qoyması məgər İranda yaşayan 40 milyonluq Azərbaycan türkünü birbaşa təhqir etmirmi?

Nurxan Tahiroğlu