CƏMİYYƏT

Kitaba qayıdış prosesinə xidmət missiyası

Kitab birbaşa müqəddəs anlayışlar sırasındadır. Ən azı ona görə ki, müqəddəs Qurani-Kərim kitab formatındadır. Son vaxtlar — yəni elektron informasiya vasitələrinin, xüsusilə internetin meydana çıxması ilə — kitaba etinasızlıq faktı yaranmışdı, lakin tədqiqatçıların, sosialoqların gəldiyi qənaətə görə kitaba ictimai maraq yenidən artmağa başlamışdır.
Yaxşı ki, bizim Azərbaycanımızdakı kitab nəşriyyatları müvəqqəti yaranmış kitaba etinasızlığın keçici olacağını tez anladılar. Bu gün respublikamızda xeyli sayda özəl kitab nəşriyyatı fəaliyyət göstərməkdədir. Bu sırada “Zərdabi LTD” MMC Nəşriyyat-Poliqrafiya müəssisəsini xüsusi qeyd edərdik. Yüksək poliqrafiya ixtisasına malik Elman Qasımovun rəhbərlik etdiyi bu nəşriyyat kiçik bir otaqda yerləşir. Doğrudur, müəssisənin mətbəsi genişdir, müasir avadanlıqlarla işləyir, amma nəşriyyatın yaradıcı heyəti çox kiçik bir otaqda çox böyük iş görür. “Zərdabi LTD” nəşriyyatı fəaliyyət göstərdiyi az bir müddətdə ətrafına daimi müəlliflər yığa bilmişdir, çünki nəşriyyatın yorulmaz, peşəkar əməkdaşlarının sayının az olmasına baxmayaraq, böyük bir müəssisənin işini görür.
Nəşr etdikləri kitabları poliqrafiyanın son naliyyətləri ilə ortaya qoyurlar. Biz hansısa bir kitabın adını çəkib onu reklam etmək məqsədindən uzağıq. Bircə onu deyə bilərik ki, “Zərdabi LTD” nəşriyyatı ən müasir peşəkarlıq fəaliyyətilə təkcə kitab müəlliflərinin deyil, oxucunun da rəğbətini qazanmışdır. Əlbəttə ki, müqəddəs kitaba yenidən qayıdış prosesində belə nəşriyyatların da xidməti danılmazdır.

Mehdizadə Günel