Müharibə qəhrəmanlarımız

Abışov Elnur Şaiq oğlu

İkinci Qarabağ savaşında qanı ilə şərəfli tariximizi yazaraq şəhadətə qovuşan igid şəhidimiz Elnur haqqında söhbət açacağam oxucularımıza. Bu gün Elnur Abışovun şəhadətə qovuşmasının birinci il dönümüdür.

Abışov Elnur Şaiq oğlu

Vətənin Şəhidlik zirvəsini fəth edən igid oğlu Abışov Elnur Şaiq oğlu 1 sentyabr 1997-ci ildə Kürdəmir rayonunun Qarasu kəndində doğulub. 2003-cü ildən 2014-cü ilədək Qarasu kənd orta məktəbində təhsil alıb. 2015-ci ildə həqiqi hərbi xidmətə gedən Elnur Füzuli rayonunda qulluq edib. 2016-cı ildə Aprel döyüşlərində iştirak edən Elnur cəsurluğuna görə Fəxri Fərmanla təltif olunub. 2017-ci ilin aprelində xidmətini başa vuran Elnur doğma kəndinə dönərək kənd xəstəxanasında diş texniki kimi fəaliyyət göstərir. Uşaqlıqdan hərbi işə meyli olduğundan 2020-ci ilin avqust ayında müddətdən artıq xidmət etmək üçün Mingəçevir şəhərində kurs keçərək, sentyabr ayında Tərtərdə hərbi qulluğa başlayıb. 27 sentyabda Vətən müharibəsi başlayanda Elnur Talışkənd istiqamətində döyüşlərə qatılır. Oktyabrın 7-də Suqovuşanda düşmənlə üzbəüz döyüşdə Elnur qəhrəmancasına şəhid olur. Vətən müharibəsinin qəhrəman şəhidi Elnur Abışovun cəsurluğu dövlətimiz tərəfindən “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.


"Bir ana kimi düşünürəm ki, insan dar ayaqda qazandığı hər şeyə qıyar, qurban verər. Qurban vermək istəmədiyimiz, qıymadığımız tək bir şey var bu həyatda, dünyaya gətirdiyimiz, üzərində titrədiyimiz, canımızdan bir parça – övladımız. Fikrimcə, bütün valideynlər bu sayaq düşünür. 44 günlük müharibə  bu düşüncəmə düzəliş etdi bir qədər. Ölkənin hər yerində minlərlə ailələr eşitdik, gördük, şahidi olduq , iki, hətta üç övladı səngərdə düşmənlə üz-üzə, ölüm-dirim savaşında. Analar, atalar qıydı övladına Vətən üçün. Demək, övladdan da ötə, şirin, qiymətli bir məfhum varmış – Vətən! Valideynlər gördük, tanıdıq hər gün oğlanlarının döyüşdəki şücaəti ilə övünür, gecələr səhərəcən öz baları ilə bərabər, bütün əsgərlərə dualar edir. Səngərdə iki övladı vətən üçün döyüşən, cəbhə  bölgəsinin ayrı-ayrı istiqamətlərindən iki zəng gözləyən ailələr Kürdəmirdə də çox idi. Belə fədakar  ailələrdən biri də Kürdəmirin Şilyan kəndində - Abışovlar ailəsi idi. 2020-ci il sentyabrın 27-də qardaşı Səfalı ilə birgə Vətən Müharibəsinə qatıldı Elnur. Talış və Suqovuşan kəndi uğurunda gedən döyüşlərdə düşmənin bir neçə texnikası və xeyli sayda canlı qüvvəsini məhv etdilər iki qardaş. Valideynləri hər iki övladının yolunu gözlədi, qələbə ilə geri qayıtmaları üçün qurban götürmüşdülər... Elnur vətən uğrunda qurban gedərək şəhid kimi qayıtdı elinə-obasına. Qardaşı Səfalı isə  xidmətini davam etdirdi, qardaşının, şəhid olan döyüş yoldaşlarının qisasını almaq üçün rəşadətlə döyüşdü və "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" medalları ilə təltif edildi..." 

Təranə Abışova – Elnurun anası: – “Elnur ortancıl oğlum idi. Sakit, sağlam, yaraşıqlı, üzügülər uşaq olub. Uşaqlıqda hər şeyə maraq göstərirdi. Texnikadan yaxşı başı çıxırdı. 9-cu sinifdə oxuyanda gəmi düzəltmişdi. Gəmiyə sərinkeşin matorunu qoymuşdu, gəmi suda əməlli-başlı hərəkət edirdi. Əmisi diş həkimidir. O, gəmini görəndən sonra demişdi ki, bu uşaqda istedad, yaradıcılıq var. O, Elnuru öz yanına işə götürdü, diş texniki. Ona kabinet verdi, avadanlıq, mal-material aldı. Elnur o sənəti tez öyrəndi. Kənddə çox adama diş düzəltmişdi. İşini bəyənirdilər. Orta məktəbdə orta səviyyədə oxuyurdu, amma müəllimləri davranışından, dərsə davamiyyətindən, ictimai fəallığından razılıq edirdilər.
Elnuru nə işə buyursaydıq yarıdırdı, bacarıqlı, inadkar idi. Gücü çatmayan işə də güc edərdi və öhdəsindən gələrdi. Həyətdə bekar olan kimi idmanla məşğul olurdu. Fiziki işlə, idmanla çox məşğul olduğuna görə güclü idi. Bir yaş ondan böyük olmasına baxmayaraq güləşəndə böyük qardaşını asanlıqla yıxırdı. Elnurun ov etməyə, balıq tutmağa da marağı vardı. Heç vaxt qarmağı boşa çıxmaz, balıqsız geri qayıtmazdı. Hələ bir-iki dəfə yayın istisində balığa getməyin üstündə onu cəzalandırmışdım da. İşləməyi sevdiyi kimi, əylənməyi də çox sevirdi. Hərdən geyinib-keçinib dostları, sinif yoldaşları ilə gəzməyə gedərdi. Tez-tez sinif yoldaşları, qohum-əqrəba ilə görüşməyi, söhbətləşməyi xoşlayırdı. Səs-küylü, zarafatcıl olduğuna görə onu hamı çox istəyirdi. Uşaqla da, özündən böyüklə də dil tapıb, ünsiyyət qurmağı bacarırdı. İndi o yoxdur, evimiz suyu qurumuş dəyirman kimidir, səssiz-səmirsiz. Elnur səliqə-səhmanlı, zövqlü idi. Nə geyinsəydi ona yaraşır, əyninə otururdu. Evdə atasından çox mənə bağlı idi. Atası ilə pərdə saxlayırdı. Nə sözü olsa mənə deyirdi. Bacıları olmadığına meyillərini kiçik bibilərinə salmışdılar. Xüsusilə Elnurun sirri, sözü bibisində idi. Orta məktəbdən sevdiyi vardı, bibisinə sirr qaçırmışdı. Deyirmiş ki, iş-gücümü qurum, sonra nişanlanarıq. Mən də həsrətlə o günü gözləyirdim (kövrəlir)…
Elnur əmisinin yanında çalışsa da, yeniyetməliyindən meyli hərbiyə idi. Əsgərlikdə olanda Aprel döyüşlərində iştirak etməsi onun bu peşəyə marağını bir az da artırmışdı. Tovuz hadisələri zamanı isə fikrini qətiləşdirdi. SMS ilə qeydiyyatdan keçmişdi. Atası bir az danlamışdı:
– Böyük qardaşın da hərbidədir, kiçik qardaşın hələ çox balacadır. Əlində işin, peşən var, evdə bizim köməyimizsən. Sənin hərbidə nə işin var? İnadla:
– Gedəcəyəm, o boyda generaldan artıq deyiləm ki, – demişdi.
Avqust ayında Mingəçevirə müddətdən artıq xidmət etmək üçün kursa getdi. Kursu bitirən kimi əmrini Tərtərə verdilər. Telefonda mənə deyirdi ki, oktyabrın 15-də əmək haqqımı alıb gələcəyəm evə. Sentyabrın 27-də xidmətə başladığının iki həftəsində müharibə başladı. İlk məvacibini almaq, evə gəlib bizimlə görüşmək balama qismət olmadı (ağlayır)…
Müharibə başlayanda çox narahat oldum. İki oğlum cəbhədə idi. Atışma səsi bizim kəndə qədər gəlirdi. Gecə-gündüz əsgərlərə dua edirdim. Elnur sentyabrın 27-də səhər saat 10 radələrində zəng etdi. Qışqıra-qışqıra danışırdı. Atışma, top səsindən məni eşidə bilmirdi, ancaq mən onu yaxşı eşidirdim. O gurultu, patlayış səsləri hələ də qulağımdadır. Elnur qışqıra-qışqıra ancaq Nicatı– qardaşını soruşdu:
– Ana, Nicat sizinlə danışıb? Nicatdan xəbəriniz var? Məndən nigaran qalmayın. Mən Aprel döyüşlərində vuruşmuşam, müharibə, ölüm-itim, qan görmüşəm. Mənə heç nə olmaz! Nicat zəng vursa, deyin ki, özünü qorusun! – dedi.
Nicat kəşfiyyatda olduğuna görə Elnur ondan çox nigaran idi. Onun odun-alovun içində qardaşını düşünməsi məni çox kövrəltdi, ağladım. Bütün günü gözüm televizorda qalmışdı, canımı qoymağa yer tapmırdım. Yalvarmışdım ki, gündə bircə dəfə zəng elə, bilim ki, sağsan. Hər gün zəng edirdi, tələsik danışırdı, qardaşını soruşurdu. Bir də, narahat olmayın, qələbə çalıb, qayıdacağıq, – deyirdi. Son dəfə oktyabrın 4-də danışdı. Məndən soruşdu ki, televizorda nə deyirlər, nə vaxt qurtaracaq? Dedim ki, -“tezliklə qurtaracaq,”- deyirlər. Bir ah çəkdi: – “Allah qoysa!” – dedi. Oktyabrın 5-i, 6-sı zəng vurmadı. Nicat da zəng vurub Elnuru soruşdu, ona zəng çatmadığına görə, narahat idi. Halım pis idi, gah qızdırır, gah üşüdürdüm. Oktyabrın 7-də səhər eşitdik ki, qonşumuzun oğlu yaralanıb. Onu döyüş yerindən Nicatgil çıxarıb, hospitala göndəriblər. Yoldaşım mənə dedi ki, mən qonşu ilə hospitala gedirəm, sən keç anasının yanına, təskinlik ver. Keçdim qonşuya. Hamı üzümə baxıb:
– Sənə nə olub, özündə, sözündə deyilsən, pörtmüsən, – dedilər.
– Elnurdan 3 gündü xəbər yoxdu, narahatam, – dedim.
Elə orda xəbər gəldi ki, Elnuru vurublar, yaralıdır. Atası yoldan qayıdıb Naftalana, Bərdəyə. Yaralı deyilmiş, şəhid olubmuş balam. Həmin gün axşam gəldi evimizə bayraqlı tabutda (ağlayır) …

(44 günlük Vətən müharibəsinin kürdəmirli şəhidlərinin qısa,lakin şərəfli həyatından bəhs etdiyim “Ölümü ömür seçənlər” kitabından.)

Yaqut Bahadurqızı
Filologiya üzrə fəlsəfə doktoru