CƏMİYYƏT

Əsl insan, əsl prezident, əsl Ali Baş Komandanın gerçək obrazı

“Sağlığında qiymət verin insanlara.”

                                                                                    Cabir  Novruz

Ulu Yaradanın izni və buyruğu ilə insanlar əsrdə bir dəfə öz aralarından  ən ağıllısını, ən layiqlisini özlərinə rəhbər seçirlər. XX əsrin son 30 ilini və XXI əsrin ilk illərini əhatə edən bir qərinəlik dövrdə böyük Tanrının mərhəməti ilə Azərbaycan xalqı özünün müdrik oğlu, ümummilli lider Heydər Əliyevi özünə rəhbər seçdi, öz taleyini ona etibar etdi. Ulu öndər hakimiyyətinin 1969–1982-ci illəri əhatə edən birinci dövründə Azərbaycanın sovet sistemi şəraitində sürətlə inkişaf etməsi üçün geniş quruculuq və abadlıq işləri gördü. Xalqımızın qüdrətli oğlu  1993-cü ilin fəlakətli günlərində müstəqil Azərbaycan dövlətinin xilaskarı kimi hakimiyyətə qayıtdıqdan sonra isə yeni elan edilmiş suverenliyi qoruyub saxladı. Yaranmış kəskin siyasi-hərbi qarşıdurmanı aradan qaldıran dünya şöhrətli siyasət və dövlət xadimi Heydər Əliyev dalbadal bir neçə dövlət çevrilişinə cəhdin qarşısını aldı. Uzaqgörən dövlət rəhbəri 1994-cü ildə iri xarici neft şirkətləri ilə “Əsrin müqaviləsi” adlanan neft müqaviləsini imzalayaraq Azərbaycanı müstəqil söz sahibi olan dövlət kimi beynəlxalq arenaya çıxardı. Müdrik  dövlət başçısı Ermənistanla təhlükəli həddə çatmış Birinci Qarabağ müharibəsində atəşkəsə nail oldu,  ordu quruculuğunu və Azərbaycanın yaxın gələcəkdə çiçəklənməsini təmin etdi.

         Ulu Öndər dünyasını dəyişən zaman anım mərasimində iştirak edən Qazaxıstan Respublikasının o vaxtkı prezidenti Nursultan Nazarbayev Heydər Əliyevin əziz ruhuna xitabən dedi: “Azərbaycanın günəşi söndü.” Həmin vaxt mən dövlət televiziyası ilə birbaşa transilyasiya olunan anım mərasimini izləyirdim. İxtiyari olaraq ürəyimdən bu fikrə qarşı bir etiraz səsləndi. Fikirləşdim ki, “Günəş” sönmür, sadəcə olaraq, səhər doğur, axşam isə səhər yenidən qayıtmaq üçün qürub edir. Azərbaycan xalqının XX əsr dünya siyasətinə bəxş etdiyi dahi insan, ümummilli lider Heydər Əliyevin günəşə bənzər şəxsiyyəti sönə bilməz, ideyaları yox ola bilməz.  Azərbaycanın Heydər Əliyev günəşi oğlu İlham Əliyevin simasında Azərbaycanın siyasi səmasında yenidən doğuldu. Heydər Əliyev günəşi onun ideya və əməllərinin ən layiqli davamçısı İlham Əliyevin simasında 18 ildir ki, Azərbaycana nur saçır. Nə qədər xalqımız var, nə qədər müstəqil Azərbaycan var Heydər Əliyev daim yaddaşımızda yaşayır və yaşayacaq. Ulu öndər həyatının son dövründə xalqımıza müraciətində demişdi: “Mən İlham Əliyevə özüm qədər inanıram.” Azərbaycan xalqının sadə bir nümayəndəsi kimi mən də qədirbilən soydaşlarımızla birlikdə Heydər Əliyev günəşinin  hərəkət çevrəsində nur saçan İlham Əliyev günəşinin nurundakı bu böyük həqiqətə inanmışam.

         Ulu öndər dünyasını dəyişdikdən sonra xalqımız 2003-cü il oktyabr ayının 15-də İlham Heydər oğlu Əliyevə böyük etimad göstərərək öz içərisindən yetişmiş ən ağıllı, ən layiqli, ən savadlı, ən bacarıqlı, ən hünərli, ən müdrik övladı kimi onu özünə rəhbər, prezident seçdi. Həmin vaxtdan artıq 18 il keçir. Ötən müddət ərzində prezident İlham Əliyevin rəhbərliyi ilə yeni neft və qaz müqavilələri imzalandı, ölkəmizdə yeni yollar salındı, körpülər tikildi, yeni infrastrukturlar yaradıldı. 2 milyonadək yeni iş yerləri açıldı, əhalinin aztəminatlı hissəsinin, qazilərin, şəhid ailələrinin qayğı və ehtiyacları nizama  salındı, onların sosial təminatı və mənzil şəraiti yaxşılaşdırıldı. Maaşlar, təqaüdlər, sosial müavinətlər artırıldı. 1 milyon məcburi köçkünün və qaçqının ağır yükünü çəkən  ölkəmizdə çoxsaylı yeni yaşayış məskənləri salındı. Ən başlıcası isə prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Heydər oğlu Əliyevin birbaşa rəhbərliyi ilə ərazisinin 20 faizi işğal altında olan Azərbaycanda ordu quruculuğuna, silahlı qüvvələrin müasir hərbi texnika, çevik döyüş vasitələri ilə təchiz edilməsinə, hərbi qulluqçuların NATO standartlarına uyğun hazırlıq keçməsinə nail olundu və peşəkar ordu yaradıldı. Azsaylı dövlətin daxil olduğu kosmik ailəyə ölkəmizin də adı əlavə olundu, Azərbaycanın 2 kosmik peyki səmaya qaldırıldı.

   Bütün bunların nəticəsidir ki, müdrik prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin birbaşa rəhbərliyi ilə 2016-cı ilin Aprel döyüşlərində ilk uğurlar qazanıldı, erməni işğalçılarına layiqli dərs verildi və strateji əhəmiyyətli Lələtəpə yüksəliyi və minlərlə hektar ərazi işğaldan azad edildi. Qarabağa böyük qayıdışın rəmzi timsalında azad edilib yenidən dirçəldilmiş Cocuq Mərcanlıda Şuşa məscidinin oxşarı ucaldıldı. Bu, yaxın gələcəkdə torpaqlarımızı işğaldan azad edəcəyimiz barədə düşmənə ciddi bir siqnal idi. Artıq ölkəmizdə deyildiyi kimi, 2016-cı ilin 4 günlük Aprel döyüşləri 2020-ci ilin 44 günlük 2-ci Vətən müharibəsinin baş məşqi oldu.  

         Nəhayət, erməni işğalçıları tərəfindən Azərbaycan Respublikasının Ermənistanla dövlət sərhədində 2020-ci ilin iyul ayında Tovuz rayonu ərazisində və həmin ilin sentyabr ayının 27-də təmas xətlərində törədilən hərbi təxribatlara cavab olaraq Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordumuza əks-hücum əmri verdi.  Vətən müharibəsi adlandırdığımız İkinci Qarabağ savaşının elə ilk günündəcə düşmənin hərbi qüvvəsinin “məğlubedilməz ordu” mifi darmadağın edildi və işğalçının müdafiə səddi yarıldı.

          44 günlük Vətən müharibəsinin hər günü televiziya kanalları ilə xalqımıza yeni-yeni ərazilərimizin mənfur düşmən tapdağından azad edilməsi barədə Azərbaycan Respublikasının Prezidenti məlumat verir, dünyanın nüfuzlu informasiya agentliklərinə rus, ingilis, türk dillərində müsahibələr verərək düşmənə informasiya müharibəsində də sarsıdıcı zərbələr endirirdi. Ali Baş Komandanın rəhbərliyi altında, nəhayət, 44 günlük Vətən müharibəsi zəfərlə başa çatdı, düşmən diz çökərək kapitulyasiya aktına qol çəkdi. Cənab İlham Əliyevin hakimiyyətə gəldiyi gündən ötən 18 il ərzində xalqımız və bütün dünya onun öz xalqının ən ağıllı, savadlı, cəsarətli, müdrik və qəhraman prezidenti olmasına bir daha əmin oldu.      

         Cənab prezident bu gün də quruculuq işlərini davam etdirir. O, qısa müddət ərzində Bakıda “Zəfər” parkını, Füzulidə beynəlxalq  aeroportu, işğaldan azad edilmiş torpaqlarda yeni su elektrik stansiyalarını inşa etdirib, istifadəyə verdi. Dövlət başçımız Şuşada böyük Azərbaycan şairi və dövlət xadimi Molla Pənah Vaqifin məqbərəsini və digər tarixi abidələri bərpa etdirdi, Şuşada musiqi festivalı keçirilməsini təşkil etdi. Müzəffər Prezidentin Şuşaya çəkdirdiyi avtomobil yolunun tikintisi artıq başa çatmaq üzrədir. Azərbaycan lideri İlham Əliyev qələbə nəticəsində gündəmə gəlmiş Zəngəzur dəhlizinin açılması və istifadəyə verilməsi üçün yorulmadan çalışır.

         Bir sözlə, prezidentimiz xanımı ilə birlikdə Azərbaycan xalqının rifahı naminə, dövlət müstəqilliyimizin qorunması və respublikamızın ərazi bütövlüyünün bərpası, onun daim inkişaf etməsi və gündən-günə abadlaşması üçün yorulmadan çalışır. Bu fəaliyyətində ona və xanımına tükənməz enerji və cansağlığı, uzun illər boyu ölkəmizi beləcə ləyaqətlə idarə etməyi və beynəlxalq arenada bizi ən yüksək imiclə təmsil etməyi arzu edirəm. Xalqımız inanır ki, bunu ondan yaxşı kimsə edə bilməz. Bütün bunlara görə deyirəm: “Cənab Prezident, siz Ulu Öndər Heydər Əliyev kimi dahi bir şəxsiyyətin ailəsində dünyaya gəlmisiniz, məhz onun diplomatiya məktəbinin ən layiqli davamçısısınız. Ümummilli lider ötən əsrin sonlarında deyirdi: “Azərbaycan Respublikasının müstəqilliyinin qorunması naminə öz canımdan keçməyə hazıram, bu yolda özümü və övladlarımı qurban verməyə hazıram.” Prezident İlham Əliyev də atası kimi Azərbaycan Respublikasının müstəqilliyinin, ərazi bütövlüyünün qorunması naminə öz canınızdan keçməyə hər an hazırdır. Bu həqiqəti o öz əməlləri ilə hər gün sübut edir.

    Bu yerdə sözlərimi cənab prezidentin özünə ünvanlayıram. Möhtərəm İlham Əliev, sizin haqqınızda nə qədər xoş sözlər yazsam da həvəsim və sözlərim tükənməz. Sizin quruculuq, abadlıq işlərinizi, xoş əməllərinizi bir yazıya sığışdırmaq olmaz. Siz qurucu, yaradıcı İlhamsınız. Tarixdə quran, yaradan, körpülər, yollar salan, şəhərlər abadlaşdıran, aeroportlar tikən, parklar salan, dövləti peşəkarcasına idarə edən bir prezident kimi yadda qalacaqsınız və daim yaşayacaqsınız, çünki dövlət idarə etmək də bir peşədir, bunu sıradan biri edə bilməz.  Biz çox xoşbəxtik ki, xalqımızın Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev kimi liderləri var. Ulu Öndərin dediyi kimi, mən də fəxr edirəm ki, azərbaycanlıyam, atanız və sizin kimi oğulları olan bir xalqın nümayəndəsiyəm. Atanızın və  sizin dövlətimizi idarə etdiyiniz dövrdə Azərbaycanda dünyaya gəlmişəm, yaşamışam, təhsil almışam, işləyirəm və yaşayıram. Övladlarım da sizin rəhbərlik etdiyiniz ölkədə yaşayır, oxuyur və işləyirlər. Rusiya Federasiyası, Belarus, Ukrayna prezidentləri və dünyanın bir çox siyasi liderləri də qeyd edirlər ki, Azərbaycanın Heydər Əliyev və İlham Əliyev kimi ağıllı, müdrik rəhbərləri var.

         Mən özümü həm də ona görə ən xoşbəxt azərbaycanlı sayıram ki, cənab prezident məhz sizin 25 mart 2004-cü il tarixli fərmanınızla xidmətdə əldə etdiyim önəmli nəticələrə görə “Vətən uğrunda medalı” ilə, 2007-ci ildə isə sizin adınızdan “Hərbi xidmətdə fərqlənməyə görə 3-cü dərəcəli medalı” ilə təltif edilmişəm. Bununla qürur duyuram. Ölkə daxilində və xaricində, harada olmağımdan, hansı statusda olmağımdan asılı olmayaraq daim atanızla və sizinlə fəxr etmişəm, qurur duymuşam, indi də fəxr edirəm, qürur duyuram. Daim təmənnasız olaraq hər yerdə Ulu Öndər Heydər Əliyevi və sizi təbliğ etmişəm və edirəm. Bu mənim və hər bir soydaşımızın vətəndaşlıq borcudur. O taylı, bu taylı 50 milyonluq Azərbaycan xalqının hər bir nümayəndəsi hər yerdə sizin qəhramanlığınızdan, müdrikliyinizdən, quruculuq və abadlıq işlərinizdən öyünclə söz açır. Mən də onlardan biri kimi öz üzərimə düşəni edib, bu yazını yazdım. Nə qədər xalqımız var, nə qədər Azərbaycan var– ulu öndər Heydər Əliyev və onun oğlu, müdrik və qəhrəman prezident, torpaqlarımızı işğaldan azad etmiş qalib sərkərdə İlham Əliyev daim Azərbaycan səmasının qoşa günəşi kimi yurdumuza nur saçacaqlar.

Sahib ƏLƏKBƏROV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü                                                

15 oktyabr 2021-ci il