MƏDƏNİYYƏT

Sağlığında qiymət verin insanlara…

Xalq artisti, “Şöhrət”,”Şərəf” və l-ci dərəcəli “Əmək” ordenli, prezidentin fərdi təqaüdçüsü, Mədəniyyət və İncəsənət Universitetinin professoru  Canəli Əkbərov üçüncü ildir ki, insult xəstəliyindən əziyyət çəkir. Xəstəlik son günlər xanəndəni yatağa salıb. Xanəndə evdə müalicə alır. Xalq artistinin ailə üzvləri dövlət adamlarının, eləcə  də xalqın diqqət və  qayğısından razılıq edirlər.

Bu gün Mədəniyyət Nazirliyinin nümayəndələrindən Svetlana Kazımova,Vüqar Hümmətov və başqaları, Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova Canəli Əkbərovun  ailə üzvləriylə əlaqə saxlayıblar. Ailə üzvləri səmimi  münasibətə görə  minnətdarlıqlarını bildiriblər. Xalq artistinə biz də cansağlığı arzulayırıq. Canəli Əkbərov Mərkəzi Klinikada yatdığı zaman və evə buraxılandan sonra iki yazı yazmışdım. Həmin yazıları saytın izləyicilərinə təqdim edirəm.

 

Sağlığında qiymət verin insanlara…

 

Xalq artisti, Mədəniyyət və İncəsənət Universitetinin professoru, “Şöhrət” və “Şərəf” ordenli Canəli Əkbərovun insult diaqnozu ilə Mərkəzi Klinikaya yerləşdirilməsi xəbəri ildırım sürətilə dünyaya yayılıb. Xalq artistinin bütün müalicə xərclərini Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın göstərişi ilə Heydər Əliyev Fondu öz öhdəsinə götürüb. Canəli Əkbərovun ailə üzvləri və bütün muğamsevərlər Mehriban xanımın xeyirxah münasibətinə görə minnətdarlıqlarını bildirirlər.

Xalq artisti klinikaya yerləşdirilən kimi əvvəlcə sənət yoldaşları onu dövrəyə alıblar. Xalq artistləri Teymur Mustafayev, Möhlət Müslümov, Səkinə İsmayılova, Mələkxanım Əyyubova, Gülyaz və Gülyanaq Məmmədova bacıları, Nəzakət Teymurova, Aygün Bayramova, Gülüstan Əliyeva, Simarə İmanova, Mənsum İbrahimov, Zabit Nəbizadə, Sahib İbrahimov, Zakir Əliyev, Yaqub Zurufçu, Təyyar Bayramov, Babək Niftəliyev, Ehtiram Hüseynov və daha neçə tanınmış sənət adamı, işlədiyi universitetin rektoru Ceyran Mahmudova, tələbələri və tələbələrin valideynləri sənətkarı tək qoymurlar. Xan Şuşinskinin ailə üzvləri – qızı Bəyimxanım, oğlu Aslan, kürəkəni Vidadi – gəlişləri ilə xanəndəyə xüsusi əhval-ruhiyyə bəxş ediblər. Muğam ustası Zahid Quliyev Almaniyadan təşrif buyurub:

– Ustadımın klinikaya yerləşdirildiyini eşidən kimi Bakıya uçdum. Bunu özümə mənəvi borc bildim. Canəli müəllim Asəf Zeynallı adına Musiqi Texnikumunda mənə muğamın sirlərini öyrədib. Möhtəşəm Opera və Balet Teatrında Canəli müəllim Məcnun oynayanda mən onun dostu Zeydi oynamışam. Bu rola məni Canəli müəllim hazırlamışdı. Teatrdan ayrılsaq da, yenə də dostuq. 15 ildir Almaniyada yaşayıram. Elə gün olmur ki, bir-birimizdən xəbər tutmayaq. Müəllimimin tez sağalıb həyata qayıtmasını arzulayıram.

Xalq artisti Arif Babayev insult keçirən xanəndə yoldaşının səhhəti ilə maraqlanacağını deyib: “Allah şəfa versin. Hazırda Bakıdan kənardayam. Xanəndə yoldaşımızdır, yaşlı adamdır. Allah köməyi olsun. İnşallah mən Bakıya gələnə qədər sağalar. Yox əgər xəstəxanada olsa, yanına gedib, Canəli müəllimin səhhəti ilə maraqlanaram. Sənətkar adamdı, bir-birimizə lazımıq. Bilmirəm bu dünya kimə lazım olacaq. İnsanlar əgər mehriban, dost olmasa bu həyat nə ilə yoğrulmalıdır?”

Bu günlərdə evə buraxılacaq Canəli Əkbərov müalicəsini evdə davam etdirəcəyini bildirib. Xalq artisti Azərbaycan muğamının bayrağını UNESKO-ya qaldıran Mehriban xanıma müalicə işində himayədar olduğu üçün sonsuz minnətdarlığını bildirir: “Bu xəstəlik mənim üçün bir sınaq oldu. Nəinki sənət dostlarımın, xalqımın necə qədirbilən, sənətsevər olduğunu bir daha bildim. Azərbaycanın elə bir guşəsi olmadı ki, gəlib mənimlə maraqlanmasınlar. Mərkəzi klinikada həkimlərin iynə-dərmanlarından başqa Mehriban xanımın himayədarlığı, xalqımın məhəbbəti mənə məlhəm oldu, məni yenidən həyata qaytardı. Qalan ömrümü də sənətimlə xalqıma xidmət etməklə keçirəcəyəm. İnşallah.” Xalqımın ülvi məhəbbəti qarşısında ürəyim vəcdə gəlir və Cabir Novruzun müdrik misraları yadıma düşür:

 

Sağlığında qiymət verin insanlara,

Sağlığında yaxşı deyin yaxşılara…

 

Hələ yaşamağa dəyər …

 

Xalq artisti Canəli Əkbərov Mərkəzi Klinikadan sonra müalicəsini evdə davam etdirir. Arabir zəngləşsək də, görüşməyə imkanım olmurdu. Görüşümüz 5 oktyabra – “Müəllimlər günü”-nə – təsadüf etmişdi. Əzəli və əbədi Leylisi – Arifə xanım – hər zaman olduğu kimi yenə də ömür-gün yoldaşının qayğısına körpə uşağı kimi qalırdı. Hüquqşünas qardaşı Tərlan Əkbərov, sonbeşik qardaşı Telman da gəldilər. Böyük qızı Sevinc, həyat yoldaşı Nurəddin müəllim də onlarda idi. Böyük nəvələri – doktor Şəbnəm və Nərmin müəllimə da babalarını təbrikə gəldilər.

Deyim ki, “Xalq artisti”-nin zahiri görkəmi də əvvəlki kimidir. Səsi də yerindədir, yaddaşı da. Söhbətinə Birinci vitse-prezidentimiz Mehriban xanıma minnətdarlıqla başladı: “Birmənalı şəkildə deyirəm ki, Mehriban xanımın diqqət və qayğısı məni yenidən həyata qaytardı. Mehriban xanımın muğama, sənətə olan münasibəti ölçüyə gəlməzdir. Bu günə kimi Mehriban xanımın göstərişinə əsasən Heydər Əliyev Fondunun dəstəyi hesabına müalicəmi davam etdirirəm. Nəticələrimin “at çapdığı” bu geniş otaqları da sevimli prezidentimiz İlham Əliyev verib mənə. Lənkəranın ucqar kəndlərindən olan Tükəvilədə çiy kərpicli ikiotaqlı evdən çıxmışam. Beş balamı Bakıda “Xruşşovka” deyilən mənzildə böyütmüşəm. Təkcə mən yox, bütün ailəm Əliyevlər ailəsinə borclu və minnətdarıq.”

Söhbətimiz zamanı Canəli müəllim tez-tez telefon zənglərinə cavab verməli olurdu. Xalq artisti Arif Babayevin zəngindən sonra əhval-ruhiyyəsi bir az da yüksəldi, sonra Moskvadan səfirimiz Polad Bülbüloğlu, Londondan əməkdar mədəniyyət işçisi Rafiq Rüstəmov, uzun illər rəhbər vəzifələrdə işləmiş Sərhad Məmmədov, ilk poliqrafçı alim Şəddat Cəfərov, naşir-publisist Hacı Mehman Fərzullayev, əməkdar həkim Xaqani Hüseynov, əməkdar jurnalist Flora Xəlilzadə söhbətimizi yarımçıq qoydular.

Oxumasını istədik. Bulaq suyu kimi tərtəmiz səsindən və şirin nəfəsindən “Ay qəşəng ceyran”, “Narı-narı”, “Ay qara qız” süzüldü. Muğam üstündə köklənən səsi zilində də, bəmində də hamımıza saflıq aşıladı.

Şəkilləri qürurla göstərir: “Bu, Ulu Öndərin mənə “Şöhrət” ordeni verməsidir, bu İlham Əliyevin “Şərəf” ordeni verməsi. Bu, filarmoniyadakı yubiley tədbirimdir. Fərəh xanım Əliyeva Mədəniyyət Nazirliyinin təbrikini çatdırır. Pis ömür yaşamamışam. Hər zaman diqqət mərkəzindəyəm. Hələlik işə çıxmasam da, darıxmağa vaxt tapmıram. Ötən həftə prezidentimizin imzaladığı “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalını evimizə gətirib mənə təqdim etdilər. Gənclik “dostum” tarla yoldaşlıq edirəm. Təbim gələndə ürəyim istəyən qədər oxuyuram. Həkimlərin qadağasına baxmayaraq, bəzən maşın da sürürəm. Dost-tanışın, sənətsevərlərin da diqqətindən çox razıyam. Okeanın o tayından – uzaq Amerikadan da yanıma gələnlər oldu… Sevil Mürsəlova, Rasim Məlikov və Təzəgül Məlikova Amerikaya çatan kimi zəng vurub kefimi soruşdular. Bütün bunları görəndə düşünürəm ki, hələ yaşamağa dəyər…

 

 

 

SEVDA ƏLİBƏYLİ