İQTİSADİYYAT

Neft Fondunun investisiya portfelinin 60 faizi inkişaf etmiş ölkələrin payına düşür

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2021-ci il 30 sentyabr tarixinə olan investisiya portfelinin ölkələrin inkişaf səviyyəsinə görə bölgüsünü açıqlayıb.

Fonddan  verilən məlumata görə, inkişaf etmiş ölkələr üzrə bu göstərici 59,86 faiz, inkişaf etməkdə olan ölkələr üzrə – 19,82 faiz, beynəlxalq maliyyə təşkilatları üzrə isə 7,51 faiz təşkil edib. Sərmayələrin qalan hissəsi (12,81 faiz) qızılın payına düşüb.

Fondun investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatına (beynəlxalq maliyyə təşkilatları üzrə) dünyanın 6 regionu daxildir. Bunların sırasına Şimali Amerika (26,71 faiz), Cənubi Amerika (0,04 faiz), Avropa (30,02 faiz), Yaxın Şərq (0,68 faiz), Avstraliya / Yeni Zelandiya (1 faiz) və Asiya / Sakit Okean (21,23 faiz) daxildir.

Qeyd edək ki, 2021-ci ilin 30 sentyabr tarixinə ARDNF-nin investisiya portfeli 44 226,06 milyon dollara bərabər olub.