MARAQLI

Bill Qeyts Türkiyədəki “Məryəm Ana evi”-ni ikinci dəfə ziyarət edib

146 milyard dollarlıq sərvətlə dünyanın 4-cü ən zəngin adamı ünvanına sahib olan, “Microsoft” korporasiyasının həmtəsisçisi Bill Qeyts hacı olub. Milyarder ötən gün kirayələdiyi “Lana” adlı lüks yaxta ilə Türkiyənin Aydınlar vilayətinin Quşadası qəsəbəsinə gəlib.

Quşadası körfəzi sahillərində lövbər salan “Lana”-da bir müddət dincələn Qeyts daha sonra şəxsi helikopteri ilə İzmirin Səlcuq vilayətindəki hava limanına enib. Birbaşa müqəddəs “Məryəm Ana evi”-nə gedən Qeyts kilsədə dua edərək yenidən hacı olub. Daha sonra Qeyts yaxın mühafizəçiləri ilə qədim Efes şəhərini gəzib.

Keçən il dənizə buraxılan “Lana”nın uzunluğu 107 metr, eni isə 16 metrdir. Yaxtanın həftəlik kirayəsi isə 1 milyon 800 min avrodur. Yaxtanı müşayiət edən 68,2 metr uzunluğundakı “Wayfinder” adlı dəstək gəmisində isə Qeytsin yaxın mühafizəçiləri və işçiləri qalıb.

Milyarder iş adamı keçmiş həyat yoldaşı Melinda ilə 2005-ci ildə Marmarisdə tətildə olarkən “Məryəm Ana evi”-nə ilk dəfə gəlib.

T.Rüstəmov