CƏMİYYƏT

Türk Şurasının media forumunda bu günkü müzakirə: “Birlikdən doğan zəfər: Qarabağ”

Oktyabrın 22-də İstanbulda işə başlayan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) media forumu davam edir. Bu gün “Türk dünyasının gələcəyi: Yeni Uluğ bəyləri, Əlişir Nəvailəri, Əhməd Yaseviləri”, “Türk dünyası olaraq gələcəyi qurmaq” və “Birlikdən doğan zəfər: Qarabağ” mövzularında panellər keçirilir.

“Birlikdən doğan zəfər: Qarabağ” panelində Qarabağ zəfəri ilə nəticələnmiş 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ilə Türkiyə arasındakı güclü həmrəyliyin bütün türk dünyası məkanında nümayiş olunmasının vacibliyi, bütün sahələr üzrə əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində atılacaq birgə addımlar müzakirə mövzusu olacaq.

Xatırladaq ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin ev sahibliyi etdiyi “Köklü keçmiş, güclü gələcək” şüarı ilə keçirilən media forumda ölkəmiz Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunur.

Foruma Türk Şurasına üzv və müşahidəçi ölkələrindən olan dövlət qurumlarının və özəl təşkilatların yüksək vəzifəli şəxsləri, media nümayəndələri, akademiklər, sosial media təmsilçiləri, universitet tələbələri olmaqla 500-dən çox iştirakçı qatılıb.

 

T.Rüstəmov