GÜNDƏM

Avropa liderləri Merkellə təntənəli surətdə vidalaşıblar

16 il Almaniya kansleri vəzifəsində fəaliyyət göstərdikdən sonra Angela Merkel Avropa siyasi səhnəsini tərk edir.
Merkelin sonuncu dəfə iştirak etdiyi  Aİ-nin 107-ci sammitində Avropa liderləri onunla kiçik bir vida mərasimi keçiriblər.
Onun həmkarları yekdil fikir səsləndiriblər: “Kansler geridə “əvəzolunmaz boşluq” buraxacaq.” Bu barədə Almaniyanın “Frankfurter Allgemeine” qəzeti yazıb: “Angelasız Avropa İttifaqı Vatikansız Roma və ya Eyfelsiz Paris kimidir.”
Aİ sədri Şarl Mişel Merkelə hörmətini belə bildirib:  “Avropa səhnəsi ilə vidalaşmağınız siyasi baxımdan bizə toxunduğu kimi, eyni zamanda bizi duyğularla doldurur.” Mişel Merkelin ayıq düşüncəli və sadə olduğunu deyib: “Bu, cazibədarlığın  güclü silahıdır. Merkel  Avropa layihəmizin kompası və parlaq işığıdır.” O, hədiyyə olaraq Merkelə Avropa Şurasının iclaslarının keçirildiyi  “Avropa” binasının bədii görüntüsünün şəklini bağışlayıb.

T.Rüstəmov