Müharibə qəhrəmanlarımız

Eyyubov Tural Yadulla oğlu

Eyyubov Tural Yadulla oğlu.

 

Bu gün İkinci Qarabağ savaşında şəhid olan qəhrəmanlarımızdan biri Tural Eyyubovun şəhadətindən bir il ötür.
Vətən uğrunda şəhid olan igidlərimizin sırasında leytenant Eyyubov Tural Yadulla oğlu da var. Tural 02.07.1992-ci ildə Kürdəmir rayonunun Mollakənd kəndində anadan olub. 1993-cü ildə ailəsi Rusiyaya köçdüyü üçün Tural 5-ci sinfə qədər orda təhsil alır. 2005-ci ildən ailə Bakıya qayıdır və Tural orta təhsilini Nəsimi rayonunda, 240 saylı məktəbdə davam etdirir. 2009-cu ildə Bakı Dövlət Universitetinin tətbiqi riyaziyyat fakültəsinə daxil olan Tural 2013-cu ildə oranı bitirir və həmin ilin oktyabrında hərbi xidmətə yola düşür. Hərbi xidmət zamanı TTM-də motoatıcı taqım komandirliyi kursunu müvəffəqiyyətlə başa vuran Tural leytenant kimi xidmətini davam etdirir.Xidmətini başa vurduqdan sonra kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Tural 2019-cu ilin iyulunda ailə qurur. 2020-ci ilin oktyabrında Vətənin müdafiəsinə qatılan leytenant Füzuli, Xocavənd, Şuşa uğrunda rəşadətlə döyüşərək 25 oktyabrda şəhidlik zirvəsinə ucalır. Tural doğulduğu torpaqda dəfn olunur. Qəhrəman şəhidimiz ölümündən sonra Azərbaycanın Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif olunub. Turalın iyunun 9-da qızı dünyaya gəldi. Atasının vəsiyyətinə əsasən adını Məryəm qoydular. Məryəm vətənə şəhid əmanətidir. Nur içində uyu, şəhidim, əmanətin göz bəbəyimiz, dəyərlimizdir.

                                                                                                                 ***

Hər kəs həyatında bir məna axtarır. Nə vaxtsa eşitmişəm ki, qundaq ilə kəfən arasındakı məsafənin adı ömürdür, həyat deyil. Həyatı isə özümüz yönləndiririk… Tural qundaqdan kəfənədək 28 il, 3 ay yol gəlmişdi. Həyatı müqəddəs amal uğrunda bitdi, ömrü isə ağ işıqlı ağ yollarda davam edir. Bu ağ, müqəddəs yol şəhadət yoludur. Hz.Məhəmməd Peyğəmbərin (s) kəlamında deyildiyi kimi “Zülmü aradan qaldırmaq yolunda öldürülən şəxs şəhiddir.” Vətən adlı eşqə, torpaq adlı məhəbbətə qurban getdi Tural. Əzmi böyük olsa da, məqsədə aparan yolu qısa oldu Turalın. Və qısa ömürdən geriyə pirə, ocağa dönən müqəddəs şəhid məzarı, sevib-seçdiyi ala gözlərinə qəm pərdəsi çəkilən gəlin, ay parçası kimi bir qız övladı, oğul fərəhini doya-doya dadmayan ata-ana qaldı…
Ata olacağını biləndə çox sevinmişdi Tural, lakin bu hissin xoşbəxtliyini yaşamadan şəhid oldu. 2021-ci il iyunun 9-da doğulan körpəyə Məryəm adını verdilər. Doğuşdan qabaq həyat yoldaşı Aygünün yuxusuna gələn Tural: “Qaragöz Məryəmim”-deyə körpə qızını əzizləyibmiş. Məryəm vətən üçün şəhid əmanətidir. İnşallah, sağ-salamat böyüyər və üzünü görməyəcəyi atası ilə həmişə qürur duyar…

 

Gülnar Eyyubova – Turalın anası: Tural Kürdəmir rayonunun Mollakənd kəndində anadan olub.1992-ci ilin yayında, o, 7 aylıq olanda Rusiyaya köçdük. Onun körpəliyi, uşaqlığı orada keçib. Uşaq bağçasına, məktəbə də orada getdi. Tural böyük oğlum idi. İkinci oğlumuz da Rusiyada doğuldu. Uşaqlar o mühitə tez öyrəşdilər. Məktəbdə çox yaxşı oxuyurdular. İki qardaş bir şey üstündə mübahisə etsələr də çox mehriban idilər. Bir-birlərini qoruyurdular. Hər ikisi dərs əlaçısı idi. Rusiyada şərəf lövhəsində şəkiləri vardı. Tərifnamə almışdılar. Müəllimləri onları çox istəyirdi. İdmanla məşğul olurdular. Tural güləş, yüngül atletika ilə məşğul olurdu, əlləri üstə rahat gəzirdi. Yarışlara gedir, medallar qazanırdı. Bir dəfə məşq zamanı əlləri üstə yıxılanda biləyinin ikisi də qırılmışdı. O hadisədən sonra daha idmana qoymadıq. Balaca vaxtından formaya vurğun idi Tural. Həmişə deyirdi ki, polis olacağam. 2005-ci ildə qayıtdıq Azərbaycana. Təhsilini Nəsimi rayonunda 240 saylı məktəbin rus bölməsində davam etdirdi. Burda da yaxşı oxudu. Bakı Dövlət Universitetinin “Tətbiqi riyaziyyat və kibernetika” fakültəsinə qəbul olundu. Tural universitetdə də yaxşı oxudu. Özünə həm orta məktəbdə, həm də universitetdə yaxşı dostlar qazanmışdı. Heç bizə əziyyət vermədi, imtahanlardan kəsri olmadı. 2013-cü ildə universiteti müvəfəqiyyətlə bitirib, diplomunu aldı və oktyabr ayında hərbi xidmətə çağırıldı.

Tural ağır təbiətli, tərbiyəli idi uşaqlıqdan. Böyüdükcə də xasiyyəti dəyişmədi. Şitliyi, yerli-yersiz danışmağı sevməzdi. Böyük-kiçik arasında məsafə saxlayardı. Mən ana-bala kimi onunla zarafat etmirdim, aramızda pərdə vardı. Hər sözümə diqqət edirdim ki, birdən Turalın xoşuna gəlməz, ancaq o, dostları, tələbə yoldaşları ilə zarafat etməyi, deyib-gülməyi, bir yerə toplaşıb söhbətləşməyi sevirdi. Allah onun öz xasiyyətinə uyğun qız çıxarmışdı qarşısına. Nişanlısı da ağır təbiətli, sözünə, danışığına, davranışına diqqət edən, ədəb-ərkanlı, mülayim, zərif bir qız idi.
Turalın prinsipiallığı, fikrindən dönməməyi də var idi. İddialı uşaq idi. Əgər qarşısına bir məqsəd qoysa, onu həyata keçirmək üçün mübarizə aparıb istəyinə nail olurdu, ancaq tutduğu yoldan peşman olan, küyə gedən, səhv edən də deyildi. Hər şeyi ona məsləhət edərdik. Sanki evimizin böyüyü, ağsaqqalı o idi, evimizin dirəyi idi. Yalanla, hay-küylə arası yox idi…
Onun xarakterinə görə həmişə düşünürdüm ki, Tural yaxşı həyat yoldaşı, yaxşı ata olacaq. Səyahəti xoşlayırdı, Almaniyada, Türkiyədə, Dubayda olmuşdu. Şəkil çəkdirməyi sevməzdi,sosial şəbəkələrdən instaqramda vardı, orda da profil şəkli yox idi. Evdə də şəkil çəkiləndə, onu çəkməyimizi sevmirdi. Hərbi xidmətə həvəslə getdi. Andiçmə mərasiminə getdik bircə dəfə, sonra razı olmadı yanına gedək. Narazı halda: – “Mən uşaq deyiləm” – deyirdi. Xidmət zamanı könüllü 3 ay Bakıda, Təlim Tədris Mərkəzinin zabitlər kursunda oxudu. Elə onunla da taleyini yazdı Tural. Kursu bitirib, leytenant rütbəsi qazandı. Bir il səkkiz ay Beyləqanda xidmət elədi, motoatıcı taqım komandiri kimi, sonra müqaviləsi bitdi, yenidən müqavilə bağlamadı, Bakıda leytenant kimi işləmək istəyirdi, alınmadı. Fövqəladə hallar Nazirliyinə də sənəd verdi, serjant rütbəsi ilə iş təklif etdilər, istəmədi. İş sarıdan bəxti gətirmirdi Turalın. Çox düzgün, halal adam idi. Dindar idi, haramı qəbul etmirdi. “Rüşvət verib işə girməyəcəyəm, heç vaxt rüşvət almayacağam”- deyirdi. Öz ixtisasi üzrə də çox iş axtardı. Bekar qalmamaq üçün kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul oldu. Pis qazanmırdı, ancaq özünü orda təsdiq edə biləcəyi iş axtarışında idi. Tural bədxərcliyi sevməzdi, qənaətcil idi. Düşünüb xərcləyər, evin bütün xərclərini nizamlayardı.Tovuz döyüşü zamanı general Polad Həşimov şəhid olanda Tural dəli kimi bağırmışdı:
“General şəhid olursa, daha biz niyə yaşayırıq?” – demişdi. İyuldan sonra hey fikirli-fikirli deyirdi:
“Müharibə olmalıdır! Müharibə olacaq! Qansız torpaq alınmaz! Birdəfəlik işğala son qoymaq lazımdır!”… Müharibə başlandı. Tural hər gün xəbər gözləyirdi:
“Məni mütləq çağırmalıdırlar! Mən zabitəm, mən döyüşməliyəm!” – deyirdi. Atası sakitləşdirməyə çalışırdı ki, “Narahat olma lazım olanda çağıracaqlar.” Turalın təzyiqi yüksək olurdu. Səhhətində problemi vardı. O, hərdən atasına ciddi-ciddi baxıb deyirdi:
“Ata, birdən ora-bura gedib xəstəlik kağızı verərsən ha?! Bil ki, özüm könüllü gedəcəyəm…”
Oktyabrın 14-də gəlinimlə xəstəxanaya, müayinəyə getmişdilər. Xəstəxanadan sevincək qayıtdılar. Aygün hamilə idi, Tural ata olacaqdı. Çox sevindik bu xəbərə, ancaq analıq hissiyatım mənə deyirdi ki, nəsə baş verəcək. Turalın taleyində acı bir hadisə olacaq. Evin içində ruh kimi gəzirdim, hisslərim, duyğularım, yuxum didərgin idi. Hiss edirdim ki, Tural gedəcək və onun həyatı yarımçıq qalacaq. Bu düşüncələr, nəvəmin dünyaya gələcəyi xəbərinin sevincini qursağımda qoyurdu. O günlər hamı kimi biz də televizorun qarşısında həyəcanla cəbhə xəbərlərini izləyirdik. Verilişlərin birində şəhidin körpə uşağını göstərirdilər. Tural da kresloda oturub,həmin sujeti izləyirdi. Fikirli- fikirli, asta səslə: “Mənim də uşağıma acıyacaqlar, şəhid balasıdır, – deyəcəklər”…
Həmin axşam – oktyabrın 17-də – evimizə zəng gəldi. Turalı hərbi komissarlığa çağırırdılar. Biz şəhərdə yaşasaq da, Rusiyadan qayıdandan sonra kənddə qeydiyyata düşmüşdük. Oktyabrın 18-də Tural atası ilə rayona qeydiyyatdan keçməyə getdi. Oktyabrın 21-də ötürəcəkdilər. Telefonda xahiş etdim ki, iki gün də bizim üçün böyük zamandı, evə gəl mənimlə, yoldaşınla görüş, sonra get. Tural atası ilə həmin gün evə qayıtdı. Mən səhhətindəki problemləri yadına saldım. Ehtiyatla fikrindən daşındırmağa çalışdım. Yoldaşı dilə tutmaq istədi.Hər ikimizə tərs-tərs baxıb, sözümüzü yarımçıq kəsdi. Gəlinim incik halda:
“Gedirsənsə məni Rusiyaya – atamın evinə apar qoy, sonra get!” – dedi. Tural kəskin tərzdə:
“Problem yoxdu, apararam. Məni heç kəs fikrimdən daşındıra bilməz, özünüzü yormayın ! Cəbhəyə gedəcəyəm. Şəhid olacağamsa, nə xoş! Demək Allah belə məsləhət bilib. Şəhid olan oğullardan artıq deyiləm”…
Oktyabrın 21-də səhər tezdən yola salanda, mənə sual verdi:
— Ana, şəhid olsam Allah günahlarımı bağışlayar?”
“İnşallah, sağ-salamat gələrsən. Hə, əlbəttə, bağışlayar. Şəhadət bütün günahları yuyur.” – kövrək səslə dedim. “Daha niyə qorxursan? İnşallah, cənnətə düşəcəyəm.” – dedi və gülümsünüb getdi. (kövrəldi)…
Cəbhədən hər gün zəng vururdu. Çox rahat, arxayın danışırdı, elə bil heç cəbhədə deyildi. Son dəfə oktyabrın 24-də danışdıq. Bizi xəbərdar etdi ki, 2-3 gün ona zəng çatmayacaq, şəbəkə olmayacaq. Bizi arxayın saldı. Mənimlə elə rahat, elə arxayın danışırdı ki, ağlıma gətirə bilmirdim ki, cəbhədə, ağır döyüşlərdədir, ancaq qardaşımın oğluna deyibmiş ki, burda güllə, mərmi göydən yağış kimi yağır. Deyirmiş ki, anamgilə deməyin, Aygün eşidər, həyəcanlanar, uşağa xətər gələr… Aygünlə danışanda da gülə-gülə danışırdı. Deyirdi ki, özündən muğayat ol, yeməyinə diqqət et, hər şey yaxşı olacaq, tezliklə görüşəcəyik…
Səhər tezdən atası namaza duranda ağlayırdı. Sakitləşdirə bilmirdim. Sanki bəd xəbər alacağı ürəyinə dammışdı. Gün ərzində yemək yemədi. Günorta zəng etdilər ki, Tural yaralanıb. Şəhid olubmuş, qəfil demək istəməyiblər. Tez yığışıb rayona gəldik. Gəlini gətirmədik ki, hamilədi, həyəcanlanmasın. Artıq yolda bizə məlum oldu ki, Tural şəhid olub. Nəşini bizdən qabaq kəndə gətiriblər. Heç 10 dəqiqə balamla vidalaşa bilmədim, dəfn etdilər… Hər şey o qədər ani, o qədər sürətlə baş verdi ki, nə olduğunu anlaya, düşünə bilmədim. Turalın çağırılmağı, qeydiyyatı, yola düşməyi, şəhid kimi qayıtmağı… Bu qədər anların hamısı cəmi 8 gün ərzində baş verdi və Turalı əbədi itirdik (ağlayır)… Hələ də bütün bunlar mənə yuxu kimi gəlir. Onun yoxluğunu qəbul edə bilmirəm. Məndən çox qohum-əqraba, dost-tanış ağlayır ona…
Turalı hərdən yuxumda görürəm. Az-az gəlir yuxuma. Bir dəfə gördüm ki, yatıb. Mən də həmişə olduğu kimi onu çağırıram: “Tural, azan verildi, namazının vaxtıdır, dur!”- məni eşidir, görür, ancaq durmur. Eləcə, lal-dinməz baxır üzümə…
Bir dəfə də gördüm ki, qəbiristanlığa, Turalı ziyarətə getmişik. Qış fəslidi, ancaq hər yer yamyaşıldı. Turalın ayaqları torpaqdan çıxıb. Deyirəm ki, Turalın ayaqları görünür. Birdən qolunu da torpaqdan çölə atır. Qışqırıram ki, “Tural sağdır!” Torpağı əllərimlə kənara tökürəm. Tural gözünü açır, üzümə baxır, ancaq yenə də danışmır. Deyirəm ki, “Tural, Aygün getdi” yenə heç nə demir, ancaq dodağını büzüb ağlayır…
Tural çox həyalı oğlan idi, hələ uşaq vaxtından yanımda soyunub – geyinməzdi. Çox xoşlayırdı ki, başını dizimin üstünə qoysun. Mən də saçını – başını oxşayım. Getməmişdən bir gün qabaq da divanda oturmuşdum. Gəlib yanımda uzandı, əlimi başına qoydu. Gerisini özüm bilirdim, tumarladım, oxşadım. Bu dəfə çox uzun çəkdi, Tural durmaq istəmirdi. Ərkyana itələdim:
“Əl çək məndən, qollarım ağrıyır. Get yoldaşın oxşasın!” Üzümə baxmadan, sakitcə əlimdən öpüb qalxdı…İndi divanda oturanda dizlərim üşüyür. Əllərim sığallamaq, oxşamaq üçün sənin gül qoxulu tellərini axtarır Tural! (ağlayır)…

(44 günlük Vətən müharibəsinin kürdəmirli şəhidlərinin qısa, lakin şərəfli həyatından bəhs etdiyim “Ölümü ömür seçənlər” kitabımdan bir parça)

Yaqut Bahadurqızı
Filologiya üzrə fəlsəfə doktoru