SİYASƏT

Qarabağ savaşı və böyük qələbəmizin tarixi Azərbaycan mətbuatında

Ermənistanın hərbi təxribatından sonra Azərbaycan Ordusunun başlatdığı əks-hücum əməliyyatı 44 gün uğurla davam etdi. Bu müddət ərzində bütün dünya Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsinin, xalqımızın birliyinin, ordumuzun qüdrətinin şahidi oldu. Azərbaycan Ordusu Qarabağ savaşı zamanı düşməni darmadağın etməklə yanaşı, bir çox nəticə və parametrlər üzrə dünya hərb tarixində yeni rekordlara da imza atdı. Eyni zamanda Azərbaycan mediasının Vətən müharibəsi günlərindəki fəaliyyəti ordumuzun bu hünərini informasiya cəbhəsində də layiqincə tanıtdı.  Media tədqiqatçısı Akif Rüstəmovun yazdığı kimi: “Bu da onu göstərir ki, informasiya heç də silahdan az təsir etmir insanlara.” Faşist Almaniyasının təbliğat naziri Gebbels deyirdi ki, “Mənə kütləvi informasiya vasitələri verin, istənilən xalqı bir sürü donuza çevirim.”

Böyük qələbədə mətbuatın danılmaz rolunu dəyərləndirən professor Cahangir Məmmədli qeyd edir ki, “Mən həmin dövrdə qəzetlərin bu məsələyə necə yanaşmasını xüsusi diqqətlə nəzərdən keçirirdim. Mənim üçün doğma olan bir sıra qəzetlər var ki, bunlara rəsmi “Xalq qəzeti”, müstəqil “525-ci qəzet”, “Şərq”, və s. nəşrlər daxildir. Bu qəzetlərin səhifələri 44 günlük savaş günlərində  başdan-ayağa müharibə məqalələri ilə dolu idi. Belə vətənpərvərliyə, peşəkarlığa və döyüşkənliyə görə mən jurnalistlərimizin fəaliyyətindən çox razıyam. Azərbaycan mediası Vətən müharibəsi zamanı yüksək peşəkarlıq və vətənpərvərlik sərgilədi.” Təbii ki, professorun “və s.” deyərək qeyd etdiyi sıraya “Azərbaycan”, “Respublika”, “Yeni Müsavat” kimi onlarca nəşrlər və gündəlik informasiya portallarının adlarını da əlavə etmək olar. Deyilənlərə onların hər birinin hüquqi və mənəvi haqqı vardır, bu baxımdan da təqdim olunan materialların hər biri ciddi tədqiqatın mövzusu ola bilər, amma bu material bolluğunda, həm də informasiya zənginliyi baxımından daha çox diqqəti cəlb etdiyi üçün “Xalq qəzeti”-nin (Baş redaktor Əməkdar jurnalist Həsən Həsənov) üzərində dayanmağı məqsədə uyğun hesab etdik.
                               

                                       Münaqişə tarixi və müharibə öncəsi siyasi vəziyyətin mətbuatda təqdimatı

1988-ci il fevral hadisələrindən sonra Dağlıq Qarabağ Muxtar Vilayətinin separatçı-terrorçu qruplaşmaları və Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağın ələ keçirilməsi uğrunda hərbi əməliyyatlara başladılar. SSRİ Silahlı Qüvvələrinin Ermənistan və Dağlıq Qarabağ Muxtar Vilayətində yerləşən hissələri də onlara qoşuldu. Birinci Qarabağ müharibəsi  və ya ermənilər tərəfindən “Artsax Azadlıq müharibəsi”  kimi təqdim olunan, 1980-ci illərin sonlarından başlayan işğalçı müharibə  1994-cü ilin mayına kimi davam etdi. Ermənistan ilə birləşmək istəyən separatçı hərəkatın tələbi 1988-ci ildə nisbətən dinc şəkildə başlasa da, SSRİ-nin dağılmasının yaxınlaşması səbəbindən, azərbaycanlılar ilə ermənilər arasında getdikcə böyüyən şiddətli münaqişəyə çevrildi və tarixi Azərbaycan torpaqları olan Dağlıq Qarabağın və ətrafındakı 7 rayonun işğalı ilə nəticələndi.
Tərəflər arasında genişmiqyaslı döyüşlər 1992-ci ilin qışında başlamış, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) kimi bir neçə təşkilat, tərəflər arasındakı münaqişənin həllinə çalışsalar da, cəhdlər uğursuz olmuşdur.  Münaqişə nəticəsində Azərbaycandan 230 min erməni, Ermənistan və Qarabağdan isə 800 min azərbaycanlı məcburi köçkün olmuşdur. 1994-cü il mayın 12-si “Bişkek protokolu”-nun imzalanması ilə atəşkəs rejimi elan olunmuş və münaqişə dondurulmuşdur.
Aradan keçən müddət ərzində Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Azərbaycana müəyyən əraziləri qaytarmaqla Qarabağ münaqişəsini 1997-ci ildə həll edə bilərdi. Nəticədə sülh müqaviləsi bağlana və Dağlıq Qarabağın statusu müəyyən olunardı. Ter-Petrosyan qeyd edir ki, Qarabağ rəhbərliyi yanaşmasında maksimalistir və “onlar daha da çox şey əldə etmək barədə düşünürdülər.”  Ona görə də muxtariyyət təklifi ermənilər tərəfindən rədd edilmişdir. Hətta 1998-ci il martın 30-da prezident seçilən Robert Koçaryan münaqişənin həlli üçün müqavilə bağlama təkliflərini rədd etmiş, sonrakı zaman kəsiyində bu tendensiya İkinci Qarabağ müharibəsinə qədər davam etdirilmişdir. Nikol Paşinyanın hökumətə rəhbərliyi dövründə isə bu iddialar pik həddinə çatmışdır. Ermənistanın Müdafiə naziri David Tonoyan 2019-cu ilin martında ABŞ-a səfəri zamanı erməni diasporası ilə görüşündə “yeni ərazilər uğrunda yeni müharibə”-dən danışmaqla yeni işğalın xəritəsini göstərmişdir. Ardınca Ermənistanın baş naziri Nikol Paşinyan bir az da irəli gedərək separatçı rejimi danışıqlar masasına oturtmaq niyyətilə sülh danışıqlarının formatını dəyişdirməyə cəhd etmişdi. Hətta həmin ilin avqust ayında işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfəri zamanı  “Qarabağ – Ermənistandır, nöqtə”  tipli populist bəyənatı ilə həm beynəlxalq təşkilatların, əsasən də, ATƏT-in Minsk qrupunun təşəbbüslərinə ciddi zərbə endirmişdir.
Erməni tərəfin işğal etdiyi Azərbaycan ərazilərində qanunsuz məskunlaşma aparması, livan ermənilərinin bu ərazilərə köçürülməsi və Dağlıq Qarabağla Ermənistan arasında yol infrastrukturunun yenilənməsi sülh prosesini dayandırdı. Üstəlik BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Dağlıq Qarabağdan qeydsiz-şərtsiz çıxarılması ilə bağlı verdiyi dörd qətnamənin icrasında moderatorlardan heç biri, eləcə də ATƏT-in Minsk qrupuna üzv ölkələr mövqe sərgiləmək istəmədilər.Yaranmış vəziyyətdə rəsmi Bakıya danışıqları davam etdirməkdən ötrü siyasi müstəvi qalmadı, uzun sürən danışıqların heç bir nəticə vermədiyi də aydın oldu. Ermənistanın Baş naziri Nikol Paşinyan BMT Baş Assambleyasının 75-ci sessiyasında Azərbaycan və Türkiyənin ünvanına bəyanatlar səsləndirdi. Elə orada da bu bəyanatlar dünya ictimaiyyətini aldatmaq cəhdi kimi dəyərləndirildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışında işğalçı ölkə Ermənistan və onun hazırkı rəhbərliyinin iflasa uğrayan siyasətini aydın şəkildə və konkret faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdırdı. Azərbaycan Respublikasının BMT-dəki daimi nümayəndəsinin müavini Tofiq Musayev bəyanatla çıxış edərək vurğuladı ki, “Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərində qurulmuş oyuncaq rejimin qanunsuz olması beynəlxalq səviyyədə dəfələrlə bəyan edilib; Ermənistanın rəhbərliyi və nəzarəti altında olan bu rejim nəticə etibarilə azərbaycanlılara qarşı irqi, etnik və dini motivlər əsasında törədilmiş təcavüz, etnik təmizləmə və digər cinayətlərin nəticəsindən başqa bir şey deyil. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə yekdilliklə qəbul edilmiş 822, 853, 874 və 884 nömrəli qətnamələrində nəinki uydurma “Dağlıq Qarabağ xalqı və onun təyini-müqəddərat hüququ”-nun adı çəkilməyib, hətta Azərbaycana qarşı güc tətbiq edilməsi və onun ərazilərinin işğal olunması pislənilib, Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə, onun beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmət etməyin vacibliyi, Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması təsdiqlənib, işğalçı qüvvələrin Azərbaycanın işğal altında olan bütün ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb edilib.
27 sentyabr 2020-ci il səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutması nəticəsində, Ermənistan ordusunun döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatına başlaması barədə qərar verilib. Ermənistanın son təxribatları ilə bağlı İsrailin nüfuzlu “i24 NEWS” kanalına müsahibə verən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev: “Sentyabrın 27-dən başlayaraq ermənilər azərbaycanlılara, xüsusən də təmas xəttinə yaxın ərazilərdə sıx yaşayan mülki vətəndaşlara qarşı hücumlar etməklə növbəti təxribata başladıqlarını açıq-aydın göstərib.” O bildirib ki, “Azərbaycan öz vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə əks-hücum əməliyyatı həyata keçirmək məcburiyyətində qalıb.” Qarşıdurmalar nəticəsində Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik, Azərbaycanda isə hərbi vəziyyət və komendant saatı, 28 sentyabrda qismən səfərbərlik elan edilmişdir. Qarşıdurmalar qısa müddətdə sürətlə alovlanmış və İkinci Qarabağ müharibəsinə çevrilmişdir.
Öncədən söyləmək yerinə düşər ki, gündəlik nəşr olunan “Xalq qəzeti” əks hücumların başlandığı gündən hər sayında baş verənlərə və işğal cəhdinin anatomiyasına kifayət qədər əhatəli yer ayırmışdır. Qəzetdə müharibənin ilk gününü (27 sentyabr bazar günü olduğundan qəzet 29 sentyabr 2020-ci ildə nəşr edilib) əks etdirən 80 məqalə yayımlanıb. “Biz qələbə çalacağıq”, “Azərbaycan Ordusu işğala son qoyacaq” kimi sloqanlarla nəşr edilən qəzetin bu sayında təxminən 30 (otuz) min işarəlik bu yazıların ümumi çəkisi qəzetin 95 faizə qədərini əhatə edir. Əslində bu o deməkdir ki, qəzetin bu sayı bütünlüklə müharibəyə həsr edilmişdir. 44 gün ərzində də cəbhədən məlumatlar, işğalçıya qarşı mübarizə, hakimiyyət və xalq birliyi ən aktiv mövzu olmuşdur.
Qəzetin dərc etdiyi materiallar sırasında qardaş Türkiyənin hadisəyə gecikmədən verdiyi dəstək və Prezident Rəcəb Tayyib Ərdoğanın “Haqq işində Azərbaycanın yanındayıq” kimi açıq bəyənatı münasibətlərin ölkələrimiz arasındakı müttəfiqlik ölçüsü olaraq dəyərləndirilə bilər. Pakistan, Ukrayna kimi ölkələrin Azərbaycan hakimiyyətinin yanında yer alması və işğalçıya qarşı aparılan müharibədə Azərbaycana səmimi dəstəklərini ifadə etməsi də diqqətçəkən idi. Region ölkələrindən Rusiya, İran, Gürcüstan və eyni zamanda, bəzi Avropa ölkələrinin də münaqişədən narahatlıqları mühüm amildir. Heç şübhəsiz ki, Türkiyə kimi dost-qardaş ölkənin zərrə qədər təmənna güdmədən Azərbaycan hakimiyyətinin yanında yer alması daha ciddi dəyərdir. Eyni zamanda baş verənlərə Türkiyənin münasibəti təkcə strateji tərəfdaşlığın yox, həm də qardaş olan dövlətin və onun dəstəkçisi olan xalqın siyasi iradəsinin bariz ifadəsi idi. “Otuz ildir davam edən Dağlıq Qarabağ münaqişəsinin həlli yalnız Ermənistan işğal etdiyi ərazilərdən geri çəkildiyi zaman mümkün olacaq. Türkiyə ədalətli davasında hər zaman qardaş Azərbaycanın yanındadır.” kimi fikirlər təkcə Türkiyənin Müdafiə naziri Hülisi Akarın, Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altunun yox, həm də bütün Türkiyənin mövqeyi olmuşdur. “Azərbaycan həm mənəvi, həm də hüquqi cəhətdən haqlıdır. Biz Bakını həm danışıqlar masası arxasında, həm də döyüş meydanında dəstəkləməyə hazırıq.”  deyən Türkiyənin Xarici İşlər naziri Mövlüd Çavuşoğlunun bu bəyanatı Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalına görə onun ölkəsinin qardaş Azərbaycana mənəvi və siyasi səciyyə daşıyan dəstəyidir: “Dağlıq Qarabağ münaqişəsinin həlli işğal olunmuş ərazilərin azad olunması ilə mümkündür. Əgər Ermənistan sülh istəyirsə, işğal olunmuş ərazilərdən qeyri-şərtsiz çıxmalıdır.” Türkiyənin qarşılaşdığı problemlərin, o cümlədən, Ermənistanın xarici güclərin təsiri ilə Qafqazda problemlər yaratmasının və bütün bu məsələlərin qətiyyətlə dəf edildiyini vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan “Böyük Qələbə”-dən sonra çox rahat bir tərzdə deyirdi: “Azərbaycanlı qardaşlarımızla birlikdə 30 illik əziyyəti sona çatdıran zəfərin sevincini yaşadıq.”

         “Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır! Biz haqq yolundayıq!”

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Dövlət Televiziyası vasitəsilə yayımlanan  müraciətində Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının müntəzəm xarakter almasını “Ermənistanın hərbi-siyasi rəhbərliyinin yeni ərazilər uğrunda işğal siyasəti” adlandırdı və qeyd etdi ki, “Mülki əhaliyə və hərbçilərimizə qarşı növbəti hərbi təxribat bu gün (27 sentyabr 2020-ci il) Ermənistan tərəfindən törədildi və qeyd etdiyim kimi, bu dəfə də onlar öz cəzasını alıblar və alacaqlar. Ermənistanın baş naziri bir il bundan əvvəl işğal edilmiş torpaqlarda – Xankəndində demişdir ki, “Qarabağ Ermənistandır və nöqtə.” Birincisi bu yalandır, Qarabağ Azərbaycandır və mən bu məsələ ilə bağlı öz fikirlərimi dəfələrlə bildirmişəm: “Qarabağ Azərbaycandır” və nida işarəsi!” İkincisi, bu təxribat xarakterli bəyanat faktiki olaraq danışıqlar prosesinə vurulan böyük zərbə idi. Əgər Ermənistanın Baş naziri deyirsə ki, “Qarabağ Ermənistandır” onda hansı danışıqlardan söhbət gedə bilər?!” Ermənistan işğalçı dövlətdir, bu işğala son qoyulmalıdır və son qoyulacaqdır. Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Ciddi faktdır ki, otuz ilə yaxındır ki, qətnamələr kağız üzərində qalır, Minsk qrupu çərçivəsində danışıqlar aparılır və bunun sonunda Ermənistan müntəzəm olaraq hərbi təxribatlar törətməklə danışıqlar prosesini iflic edir. Prezident həmin gün xalqa növbəti müraciətində BMT kürsüsündə deyilənləri bir daha yada salır: “Ermənistanın Baş naziri bəyan etdi ki, on minlərlə insanı birləşdirən “könüllü” hərbi birləşmələr yaradılacaqdır. Bu nə üçün lazımdır? Bunlar kimə qarşı vuruşacaqlar? Bu, Azərbaycana qarşı bu gün törədilən təxribatın hazırlıq mərhələsi idi. Mən artıq bir neçə dəfə demişdim, o cümlədən, bu yaxınlarda BMT kürsüsündən demişdim ki, Ermənistan yeni müharibəyə hazırlaşır, Ermənistan dayandırılmalıdır və dayandırılacaqdır.”
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Təhlükəsizlik Şurasının həmin gün toplanmış iclasında deyirdi: “Mən Azərbaycan xalqına bu məlumatı verməklə bir daha demək istəyirəm ki, biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz heç kimin torpağına göz dikməmişik, heç kimin torpağında, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur, ancaq biz öz torpağımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik.” Bu Azərbaycanın nizamlı, müasir silahlarla təchiz olunmuş peşəkar ordusu sayəsəsində mümkün idi. Rusiyalı politiloq Aleksey Şvaryov yazırdı: “Azərbaycan Silahlı Qüvvələri ölkəsinin ərazi bütövlüyünü bərpa etmək üçün istənilən gücə malikdir. Əgər Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərini sülh yolu ilə azad etmək istəmirsə, Azərbaycan Ordusu müharibə yolu ilə torpaqları hər an azad edə bilər” Prezidentin də dediyi kimi: “Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq.”
Azərbaycan ordusunun komandanlığı tərəfindən qoşunların bütün cəbhə boyu sürətli əks-hücum əməliyyatı başlaması xalq tərəfindən də yekdilliklə və çoşqu ilə qarşılandı: “Torpaqlarımızı işğaldan azad etmək üçün bizim şəhidlərimiz də olacaq. Biz sülh danışıqlarını oyuncağa çevirmiş Ermənistanın məsuliyyətsizliyinin ağrısını ona yaşatmalıyıq. Bundan yaxşı fürsət yoxdur. Nəyin bahasına olur-olsun, Qarabağ itkisi ləkəsini üstümüzdən götürməliyik.” Əslində bu bütün cəmiyyətin fikir və çağırışı idi. Eyni zamanda ilk gündən ictimaiyyət cəbhədən gələn xəbərlərə sevinməkdə idi. Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilirdi: “Azərbaycan Ordusunun bölmələri cəbhənin Tərtər-Ağdam, Füzuli-Cəbrayıl və Murovdağı istiqamətlərində Ermənistan qoşunlarının işğalı altında olan vacib yüksəkliklər uğrunda döyüşlər aparır. Raket-artilleriya qoşunları və aviasiya vasitələri düşmənin komanda məntəqələrinə zərbələr endirir, manevr edən çoxlu sayda canlı qüvvəsini, döyüş texnikasını və hərbi obyektlərini məhv edir. Bütün cəbhə boyu şiddətli döyüşlər gedir.”
Az zaman kəsiyində baş verənlər mətbuatın baş mövzusu oldu. Geniş ictimaiyyətin fikir və mülahizələrinə böyük əhəmiyyət verən mətbuat bu məsələdə heç tərəddüdsüz müharibəni işğaldan qurtulmağın yeganə yolu kimi təqdim etdi. Cəmiyyətdə fəallığı ilə fərqlənən millət vəkili Qənirə Paşayeva sanki müharibə üçün yenidən “doğuldu”. Müharibə dövründə “Xalq qəzeti” onun onlarca məqalə və müsahibələrini dərc etdi. Siyasi fəallığı və vətənpərvər çağırışları ilə seçilən deputat müharibənin ilk günlərindən işğalçıya qarşı mübarizəni “Vətən müharibəsi” adlandırırdı. O, Ali Baş Komandana, xilaskar orduya, vətənpərvər əsgərə dərin inamdan danışırdı: “Xalqımız yüksək ovqata, coşğun milli qürur hissinə sahibdir. Dövlətimiz, şəxsən dövlət başçımız xalqın istəklərinin ən parlaq ifadəçisidir. Bu ifadə tarixi həqiqətləri, günümüzün siyasi-hərbi gerçəkliklərini, qarşıda duran milli, xəlqi və bəşəri vəzifələri bütün dərinliyi ilə özündə ehtiva edir.”
Akademik Rafael Hüseynova görə isə “Prezident İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi illər boyunca çox sərəncamlar, çox fərmanlar imzalayıb, çox qərarlar verib, kütlə qarşısına çıxaraq insanlarımıza çox müraciətlər edib, lakin 2020-ci il sentyabrın 27-də onun imzaladığı “ölkədə hərbi vəziyyət elan edilməsi haqqında” fərman da, elə həmin gün xalqa müraciəti də əvvəlkilərin hamısından ciddi şəkildə fərqlənir, bütün bunlar müasir həyatımızın, eləcə də, bütöv tariximizin də ən həlledici məqamları kimi qavranılmağa layiqdir. Əslində bu qətiyyətli addımlar elə dövlət başçımızın özünün də tərcümeyi-halında həmişə ən parlaq səhifələr kimi qalacaq.”
Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əks-hücum əməliyyatları və işğal altındakı ərazilərimizin düşməndən xilas edilməsi prosesini Çanaqqala zəfəri və Qafqaz İslam Ordusunun tarixi missiyası ilə müqayisə edən professor Zakir Avşar deyir: “Azərbaycan Ordusu həqiqətən də mübarək bir ordudur. Müstəqilliyin qorunması üçün üzərinə düşən missiyanı həyata keçirməyə qadirdir.”
Ölkəmizdə fəaliyyət göstərən 52 siyasi partiyanın əllisi Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatlarına dair birgə bəyanat yayaraq Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevlə həmrəy olduqlarını bildiriblər. Qəzetə bu barədə danışan Milli Məclisin deputatı, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə qeyd edir ki, “cəbhədə baş verən hadisələr cəmiyyətdə milli birliyi daha da gücləndirib. Kimliyindən və siyasi əqidəsindən asılı olmayaraq hər birmiz dövlət başçımızın ətrafında sıx birləşərək bu döyüşdən də qalib çıxmaq üçün Ali Baş Komandanın bütün çağırışlarına hazır olduğumuzu nümayiş etdirməliyik.”
Cəbhədə əməliyyatların başladığı ilk saatlarda Müdafiə Nazirliyinin mətbuat xidmətinin katibi polkovnik-leytenant Anar Eyvazov açıqlamasında deyirdi: “Hazırda Ermənistan tərəfinin çoxlu sayda canlı qüvvə itkisi var. Eyni zamanda, düşmənin döyüş texnikası və zenit-artilleriya kompleksləri məhv edilib.”
Tarix göstərir ki, nasizm və faşizm hansı milli zəmində formalaşmasından və inkişaf etməsindən asılı olmayaraq həmişə və hər yerdə nifrət, təcavüz və müharibə yolu seçir. 2020-ci il sentyabrın 27-də, bazar günü səhər tezdən baş verənlər gec-tez olmalı idi, çünki bu, müasir Ermənistanda illər boyu yaradılan və mövcud olan açıq-aşkar nasist rejimin mahiyyətinin qanunauyğun ifadəsi idi. Bu barədə danışan Rusiyalı politoloq Oleq Kuznetsov deyib: “Azərbaycan öz ərazisində və özünün ərazi bütövlüyü uğrunda müharibə aparmağa məcbur edilib, onun müharibəsi düzgün və ədalətlidir. Ümidvaram ki, bu müharibə ölkənin ən yeni tarixinə “Azadlıq müharibəsi”, hətta “Vətən müharibəsi” adı ilə düşəcək və dünya tarixində bu cür müharibələrin hamısı kimi o da zəfərlə başa çatacaq. Mən Azərbaycan xalqına qələbə, Azərbaycan ordusuna rəşadət arzu edirəm.”
Sentyabrın 27-dən əks-həmlə ilə başlayan, şanlı ordumuzun zəfərləri ilə 44 gün davam edən Vətən müharibəsi işğaldan tarixi torpaqları xilas etməklə, həm də minlərlə insanın 30 ilə yaxın müddətdən sonra öz yurd-yuvalarına qovuşmasını təmin etdi, dədə-baba torpaqlarına olan həsrətin bitməsi xalqın qələbə inamını qaytardı. Qəzetin əməkdaşları Tahir Aydınoğlunun, Vaqif Bayramovun, İttifaq Mirzəbəylinin, Əliqismət Bədəlovun, Paşa Əmircanovun, Məsaim Abdullayevin, Zərifə Bəşirqızının və başqalarının imzası ilə təqdim edilən yazılarda bu tarixi gerçəkliyin təntənəsini görməkdəyik. Onu da qeyd etmək yerinə düşər ki, bu tendensiya qəzetin tərtibatında da özünü göstərmiş, hətta qəzeti vərəqləyən, yaxud onu internetdə izləyən oxucu da tərtibatın təqdim etdiyi qələbə sevincini yaşamışdır (məsul katib İlqar Rüstəmov). Bir az da dəqiqləşdirsək tərtibat və məzmun vəhdətinin ortaya qoyduğu təqdimat qəzetin siyasi xəttinin, informasiya cəbhəsindəki uğurunun təsdiqi idi. Bu faktı ortaya qoyan yazılar onlarcadır desək belə, qəzetin informasiya cəbhəsindəki uğurlu fəaliyyətini tam dəyərləndirmiş olmuruq. Əslində qəzetin dərc etdiyi analitik təhlilər bir yana, həcimcə ən kiçik xəbərlər belə cəbhədə uğurun və şanlı Azərbaycan əsgərinin tarixi qələbəyə gedən yolunun aynası kimi görünür. Qeyd etmək yerinə düşər ki, bu tendensiya qəzetin baş xətti olduğundan təkcə əməkdaşların yox, siyasi xadimlərin, politoloqların, eləcə də bütün kənar müəlliflərin imzası ilə təqdim edilmiş məqalə və müsahibələrdə də görünməkdədir.
Son 30 il ərzində erməni faşistlərinin doğma torpaqlarımızda həyata keçirdiyi vəhşiliklər müzəffər ordumuz tərəfindən tutarlı cavablandırıldı və həlledici zərbəni aldılar. 2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı Qüvvələrinin münaqişə zonasında təmas xəttini pozaraq mövqelərimizə etdikləri hücuma cavab olaraq müzəffər, nizamlı Azərbaycan ordusu əks hücuma keçib düşmənə ağır zərbələr endirərək, onların işğalçılıq siyasətinə son qoydu.

Prezident İlham Əliyevin xarici mətbuata müsahibələri düşmən üzərində diplomatik və təbliğati üstünlüyü təmin etdi.

Hələ müharibənin ilk günlərində “Sky News” televiziya kanalının “Dağlıq Qarabağda fəaliyyət göstərən jurnalistlərlə bağlı “Sizin sözçünüz deyib ki, onlar Azərbaycan ərazilərində qanunsuz olduqlarına görə hədəf obyektləridir. Siz də belə hesab edirsiniz?” kimi aqressiv sualını cavablandıran Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyirdi: “Biz jurnalistlərin gəlməyində maraqlıyıq. Mən hər gün televiziyadayam, hər gün müsahibələr verirəm, çünki biz mövqeyimizi, gördüyümüz işi diqqətə çatdırmaq istəyirik. Biz təcavüzkar deyilik, təcavüzə məruz qalmışıq. Təcavüzkar Ermənistandır. Biz ərazilərin geri qaytarılmasını istəyirik.”
Prezident xarici mətbuat orqanlarına, televiziya kanallarına verdiyi müsahibələrində də bu tendensiyanı davam etdirmiş, hətta jurnalistlərin çox aqressiv suallarını belə təmkinlə cavablandırmış, hətta ikili mövqelərinə görə onları haqlı qınaq obyektinə belə çevirmişdir: “Biz Qərb mediasını yaxından müşahidə edirik və bu qırx gün ərzində mənim bəlkə də, otuz müsahibəm olub. Onların hamısı çox aqressiv idi, sanki bu, müsahibə deyildi, sanki bir ittiham idi. Ermənistan tərəfində heç nə baş vermir. Heç kim Paşinyandan nəyə görə Gəncəyə ballistik raketlərlə zərbə endirdiyini soruşmur. Nəyə görə o, 92 nəfəri qətlə yetirib? Nəyə görə o, Tərtərdə dəfn mərasiminə hücum edib? Nəyə görə onlar 21 insanı qətlə yetirərək, 70 nəfəri yaralayaraq Bərdəyə hücum etmək üçün kassetli bombalarla “Smerç”dən istifadə ediblər? Heç kim ondan soruşmur. Heç kim ondan silahları hardan əldə etdiyini soruşmur? Yalnız bizə hücum edirlər. Beynəlxalq media yalnız Azərbaycanı ləkələyir.”
Açıq mövqe, haqq işimizə böyük inam Azərbaycanın haqlı mövqeyini ortaya qoyan Prezidentin bütün müsahibələrində görünür.  Əgər Türkiyənin “A Haber” televiziya kanalının, NTV televiziyasının, CNN-Türk televiziyasının, “TRT Haber” televiziya kanalının, Rusiyanın TASS informasiya agentliyinin, “Pervıy Kanal” televiziyasının, “Əl-Ərəbiyə” və “Əl-Cəzirə” televiziya kanalının müxbirlərinin suallarında səmimiyyət, hadisələrin sülh yoluna xidmət meyllərini görürüksə, “BBC News”in, İspaniyanın EFE informasiya agentliyinin, Almaniyanın ARD televiziya kanalının, “Sky News” televiziya kanalının, “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramının müxbirlərinin suallarında jurnalist səmimiyyətinə yox, tərəfli və haqsız mövqe nümayişlərinə şahidlik edirik. Bu suallarda təkidlə Türkiyənin müdaxiləsi, hətta Qarabağa suriyalı muzdluların göndərilməsi belə elə soruşulur ki, sual verənlər jurnalistdən çox tədqiqatçı xarakterində görünürlər. Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Almaniyanın ARD televiziya kanalının müxbirinin suallarını cox haqlı olaraq “Alman dövləti və alman xalqı, elə bilirik, rəsmən faşizmdən imtina edib – bu yaxşıdır, təqdirə, alqışa layiqdir; lakin kim deyə bilər ki, ARD əməkdaşının ruhuna faşizm çökməyib? O suallar ki, ARD əməkdaşı tərəfindən verilmişdi,  erməni faşizminə ortaq olmaqdır…” deyə dəyərləndirir.
“Siz bu əsrin əvvəlindən hakimiyyətdəsiniz və bu məsələ ilə bağlı heç bir irəliləyiş yoxdur. Erməniləri günahlandırmaq asandır, lakin siz siyasi cəhətdən bunu həll edə bilmədiyiniz üçün əsgərlərinizin indi cəbhə xəttində öldüyünə görə şəxsən öz üzərinizə məsuliyyəti götürürsünüzmü?” Baxın “Siz bu əsrin əvvəlindən hakimiyyətdəsiniz və bu məsələ ilə bağlı heç bir irəliləyiş yoxdur” sualının daha çox beynəlxalq təşkilatlara, ATƏT-ə, Avropa Şurasına, ya da hec olmasa ATƏT-n Minsk qrupunun üzvülərinə ünvanlanması daha məqsədəuyğun olmazdı? Üstəlik bu qrupun fəaliyyət mandatı Azərbaycan Prezidentinin 2003-cü ildən başlayan prezidentlik zamanından da coxdur, bu mandat 1992-ci ildən, keçən əsrin 90-cı illərindən başlayır, amma prezidentin təmkinli cavabı müxbirin mövqeyini dəyişməyə məcbur edir: “Bizim əsgərlərimiz öz torpağımız uğrunda həlak olurlar. Bizim əsgərlərimiz tarixi və beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpağında həlak olurlar. Erməni əsgərlər hansı torpaqda ölürlər? Onlar Füzulidə ölürlər, Cəbrayılda ölürlər, onlar digər Azərbaycan ərazilərində ölürlər. Onların orada nə işləri var? Siz Paşinyandan soruşmalısınız onun əsgəri orada nə edir? Qondarma “Dağlıq Qarabağ ordusu”nun 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Onlar bizim torpağımızdadırlar. Xəritəyə baxmaq kifayətdir. Bizim üçün bu, Vətən Müharibəsidir. Biz özümüzü müdafiə edirik. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik ki, bir milyon köçkünün geri qayıtmasına imkan yaradaq. Bizim etdiyimiz budur.”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Azərbaycan danışıqlarda həmişə konstruktivlik nümayiş etdirib. Vasitəçilik missiyası üçün cavabdeh olan Minsk qrupunun həmsədrləri də bunu təsdiq edə bilərlər. Üstəlik son iki ildə və bundan əvvəl də dəfələrlə bəyan etmişik ki, biz danışıqların formatına da sadiqik” Yenə həmin müsahibəsində prezident bildirib ki, “Bazar günü baş verən hadisələrə Ermənistan artıq bir neçə ay idi ki, hazırlaşırdı. Əgər siz onların hərəkətlərinin və bəyanatlarının xronologiyasını izləsəniz aşkar görərsiniz ki, onlar bu təxribata şüurlu şəkildə gedirdilər. Bu yaxınlarda, BMT Baş Assambleyasının tribunasından çıxış edərkən mən açıq demişəm ki, Ermənistan müharibəyə hazırlaşır və onu dayandırmaq lazımdır.” Təbii ki, bunlar müharibənin Ermənistan üçün sürpriz olduğunu zənn edənlərə verilən tutarlı cavabdır.
Müharibə başlayanda işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda gedən əks-hücum əməliyyatlarına kölgə salmaq, cəmiyyətdə çaşqınlıq, xaos, şübhə yaratmaq məqsədilə yayılan yalan məlumatların qarşısını almaq məqsədilə bəzi məhdudiyyətlər tətbiq edildi. Bu barədə “Xalq qəzeti” yazırdı: “Bunu cəmiyyətdə informasiya blokadası, məlumat təlabatının qarşısının alınması kimi qiymətləndirmək olmaz. Dövlətin strateji informasiya müharibəsində əsas məqsədi düşmənin dezinformasiyalarından müdafiə, təhlükəsizliyin təmin olunmasıdır.” Bu barədə Yaponiyanın “Nikkei” qəzetinin “Siz söz azadlığı və interneti qeyd etdiniz, lakin sosial şəbəkə sistemlərində bəzi məhdudiyyətlər var.” sualını cavablandıran Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyirdi:
– Bunlar müvəqqəti məhdudiyyətlərdir. Bu məhdudiyyətlər toqquşmalar başladıqdan sonra tətbiq olunmuşdur. Biz xalqımıza elan etdik ki, bu, milli təhlükəsizlik məsələləridir, çünki biz belə bir vaxtda informasiya sistemimizi erməni təxribatından qorumalıyıq. Beləliklə, bu, müvəqqəti səciyyə daşıyır. Toqquşmaların aktiv fazası bitən kimi bütün bu məhdudiyyətlər aradan qaldırılacaq, lakin sizə deyə bilərəm ki, internetin əhatə dairəsi çox yüksəkdir və azərbaycanlıların 80 faizdən çoxu internet istifadəçiləridir. Beləliklə, bu, yalnız müvəqqəti xarakter daşıyır.”
Qarabağla bağlı həqiqətlərin ardıcıl olaraq ölkəmizin birinci şəxsinin dilindən səsləndirilməsinin nə qədər vacib olduğunu əsaslandırmağa ehtiyac yoxdur. Ali Baş Komandanın savaş günlərində müharibənin başlanması və qazanılan zəfərlərlə bağlı xalqa müraciətlərində və xarici KİV-lərə verdiyi müsahibələrində səsləndirilən həqiqətlər Azərbaycanın düşmən üzərində diplomatik və təbliğati üstünlüyünü təmin etdi, öz yalanları ilə illərdən bəri geniş xarici auditoriyanı aldatmış işğalçı tərəfə informasiya sferasında ciddi zərbələr vurdu. Bununla da Ali Baş Komandan və Prezident İlham Əliyev informasiya müharibəsindəki mühüm missiyanı da öhdəsinə götürdü, beynəlxalq media orqanlarına səlis məntiq və arqumentlərlə əsaslandırılmış müsahibələr verməklə beynəlxalq auditoriyanın düzgün məlumatlandırılmasına nail oldu. Prezidentin erməni yalanlarının ifşa edilməsində bir ordu qədər xidmət göstərdiyini vurğulayan Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu “Xalq qəzeti”-nə bildirdi: “Azərbaycan rəhbəri İlham Əliyev dünya ictimaiyyətini məlumatlandırmaq istiqamətində də müstəsna bir çevikliklə, məqsədyönlü şəkildə zəruri işlər görür. Ali Baş Komandanın dünyanın nüfuzlu media qurumlarına bir-birinin ardınca verdiyi müsahibələr dünya ictimaiyyətində Qarabağ müharibəsinin obyektiv və əhatəli mənzərəsini yaradır. Demək olar ki, hər gün ölkə başçısının beynəlxalq media vasitələrindən hansınasa geniş açıqlaması olur. Bunlar beynəlxalq ictimai rəyə önəmli təsir göstərir. Dünya bu müsahibələri izləməklə müharibə bölgəsindəki əsl reallıqla tanış olur. Bu açıqlamalar hazırda dünya informasiya məkanında Azərbaycan-Ermənistan münaqişəsi, Qarabağ müharibəsi və s. haqqında dolğun və obyektiv informasiya mənbəyi rolunu oynayır.” Məhz bu dolğun və obyektiv informasiya mənbəyi az qala dünyanın hər yerində böyük bir təbliğat sisteminin başında duran ermənilərin informasiya müharibəsindəki məğlubiyyətini də qaçınılmaz etdi. Media mütəxəsisi Akif Rüstəmovun yazdığı kimi “Ermənistan və havadarları Azərbaycana qarşı böhtanlar yaymaqla erməni cəmiyyətinə ruhdan düşməməyi məsləhət görür, amma yanılırlar. İndi heç nəyi gizlətmək olmur. Müharibə meydanında  uduzan Ermənistanı saxta məlumatlar xilas edə bilməz.”
Göründüyü kimi xalqımızın işğalçı Ermənistanla bütün cəbhələrdə, eləcə də informasiya meydanında mübarizəsi uğurla davam etdirildi. İndiki zamanda bunun nə qədər vacib olduğunu qələbəmiz də təsdiqləyir. “Xalq qəzeti”-nin yazdığı kimi “Ali Baş Komandan İlham Əliyevin beynəlxalq mediaya verdiyi müsahibələr Qarabağ müharibəsinin mahiyyətinə, erməni yalan və saxtakarlıqlarına aydınlıq gətirilməsi baxımından dünya ictimai rəyinə hər şeydən artıq təsir göstərir.”

                                                     Ali Baş Komandanın siyasəti xalqı yumruq kimi birləşdirdi

Sentyabrın 27-dən başlayan əks hücum əməliyyatları nəticəsində işğal altında olan ərazilərimizin əhəmiyyətli hissəsinin işğaldan azad olunması, Azərbaycan, Rusiya və Ermənistan siyasi rəhbərləri tərəfindən imzalanmış birgə “Bəyanat”-ın qüvvəyə minməsi böyük qələbənin təsdiqidir. Ard-arda Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının və bir çox yaşayış məntəqələrinin düşməndən geri alınması qələbəyə gedən yolumuzu açdı. Bu duyğuların sevincini şair Ələmdar Quluzadə oxucuları ilə bu şəkildə bölüşür: “Bizi yaralı Qarabağımıza müdrik və qətiyyətli Ali Baş Komandanımızın artıq icra olunan əmri ilə mübariz Silahlı Qüvvələrimiz qovuşdurmaqdadır. Uğur olsun ümidgahımız Azərbaycan Ordusu!”
30 il bütün dünya ictimayyətini həyasızcasına aldadan Ermənistan rəhbərliyi sözdə sülh tərəfdarı olduğunu, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinin mümkünlüyünü bəyan edirdi, amma əməli fəaliyyətində isə tam əksinə, Dağlıq Qarabağda, Füzulidə, Cəbrayılda, Ağdamda, Ağdərədə müdafiə istehkamları quraraq işğal etdikləri torpaqları qaytarmamaq üçün məkrli planlar qururdular. Təxribat xarakterli bəyanatları faktiki olaraq danışıqlar prosesinə vurulan böyük zərbə adlandıran Xalq artisti, professor Tofiq Bakıxanov “Xalq qəzeti”-nə müsahibəsində deyirdi: “Dağlıq Qarabağ Respublikası” ilə danışıqları Azərbaycan Ordusu aparmalıdır. Buyurun, həmin danışıqlar gedir.”
Bəs sonu nə oldu?! Möhtərəm prezident və Ali Baş Komandanın dediyi kimi, “nə oldu Paşinyan?” İstehkamlar dağıdıldı, düşmənin hərbi texnikası, minlərlə əsgər və zabiti  məhv edildi, çoxlu sayda hərbi texnika və silah-sursat qənimət olaraq götürüldü. Bu bizim haqq işimizin təntənəsi idi. Bu həm də Azərbaycan xalqının və Azərbaycan xalqını ətrafında yumruq kimi birləşdirən Ali Baş Komandanın tarixi qələbəsi idi. “Xalq qəzeti” yazırdı: “Türkiyənin ölkəmizdəki sabiq səfiri Hulusi Kılıç Azərbaycan mediasına açıqlamasında bildirib ki, Ermənistanın dinc əhaliyə, cəbhə bölgəsindən uzaq ünvanlara hücumları qardaş xalqı işğal altında olan torpaqlarını azad etmək niyyətindən geri döndərə bilməyəcək. Bu gün Azərbaycanda güclü bir lider var və bu liderin ətrafında güclü ordu, ona güvənən, etimad edən xalq dayanıb.”
Şah İsmayılın, Nadir şahın qurduğu imperiyaların süqutundan sonra torpaq itirə-itirə gələn Azərbaycan ilk dəfə idi ki, torpaqlarının mühüm və strateji bir hissəsini – Qarabağı – yenidən özünə qaytarmaqla şanlı tarixinin yeni səhifəsini yazmış oldu. Bununla da Azərbaycan ilk dəfə olaraq tarixi torpaqlarını qaytarmağa nail oldu. Bu barədə müsahibəsində millət vəkili Qənirə Paşayeva deyirdi: “Azərbaycan son əsrlərin ən böyük zəfərini yaşayır. Noyabrın 8-də Şuşanın, 9-da 70-dən artıq kəndin, 1 qəsəbənin, 8 strateji yüksəkliyin azad olunması, bunun ardınca isə noyabrın 10-da Ermənistanın ağ bayraq qaldıraraq, tam kapitulyasiyası, dekabrın 1-dək Kəlbəcərin, Ağdamın və Laçının müharibəsiz, qansız, şəhidsiz qaytarılmasını nəzərdə tutan birgə bəyanat imzalanması tariximizə Zəfər həftəsi kimi həkk olundu.”
Bu günlərdə hələ barıt qoxusu çəkilməyən torpaqlara cənab prezidentin öz xanımı, birinci vitse-prezidentlə birlikdə səfər etməsi isə yeni bir fədəkarlıq nümunəsidir. Bunu “Tarixi əhəmiyyətli səfər” adlandıran Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, hüquq elmləri doktoru Nizami Səfərov yazırdı: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın “10 noyabr Qələbəsi”-ndən cəmi 6 gün sonra işğaldan azad olunmuş yurd yerlərimizə – Füzuli və Cəbrayıl rayonlarına səfəri tarixi əhəmiyyət kəsb edir. Bu səfər Azərbaycanın hərbi-siyasi strategiyasının təntənəsinin bariz nümunəsi olaraq, Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında həyata keçirilən zəfər yürüşünün məntiqi nəticəsidir.”
Bundan sonra Ağdam səfəri reallaşdı. Çox riskli addımlar ilə Ali Baş Komandan xalqın yanında olduğunu bir daha göstərdi. İşğaldan azad edilmiş torpaqlara gedən prezident İlham Əliyev həm də bütün dünyaya yeni bir mesaj verdi: “Azərbaycan xalqı tarixi torpaqlarının sahibidir və bu gün onun sahibləri bu torpaqlarda rahat və qorxusuz gəzə bilər.” Bu həm də Azərbaycan dövlətinin gücünün, haqq savaşında qalibiyyətinin təntənəsi idi. Ali Baş Komandan erməni tapdağından təzəcə xilas olunmuş əzəli torpaqlara gedişi ilə buraya qayıtmaq istəyən xalqın inamını və arzusunu dəfələrlə artırmış oldu.
Möhtərəm prezident bu tarixi səfərlərində erməni vandalizminin sifətini də beynəlxalq ictimaiyyətə göstərdi. Həm də bütün dünyaya böyük bir çağrış edildi: “Görün ermənilər necə vəhşiliklər törədiblər, bir dənə də olsun salamat tikili belə qoymayıblar, tarixi abidələri, hətta qəbristanlıqları belə eşiblər” Belə vəhşiliklərə şahidlik edən, amma humanist ənənələrinə sadiq olan Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad olunmuş ərazilərə səfəri zamanı onu da vurğuladı ki: “Azərbaycan vətəndaşları bütün xalqların, dinlərin nümayəndələri ilə normal, mehriban, sülh şəraitində yaşayırlar. Bizim erməni xalqı ilə işimiz yoxdur. ”
Bu gün də vəhşiliklərindən çəkinməyən, Kəlbəcərdən, Laçından və digər azad olunmuş ərazilərdən çıxarkən də evləri, meşələri yandırıb viran qoyan erməni xislətlilərin əməllərini dünya görür. Doğma yuvalarını tərk edəndə bir ovuc torpaq götürüb, qışın qar-çovğununda 10 saat ərzində ayaqyalın, başıaçıq canını qurtaran azərbaycanlıları onlarla müqayisə etmək tarixi haqsızlıq olardı. Bütün bunları bilə-bilə Azərbaycan dövləti humanizm ilə onlara daha 10 gün də vaxt verdi ki, murdar ayaqları müqəddəs torpaqlardan kəsilsin. Unitazlarını da, leşlərini də biryolluq aparsınlar…
Möhtərəm Prezidentin azad olunmuş torpaqlara tarixi səfərləri hərbi kapitulyasiyaya məruz qalan, tənəzzülə uğrayan, amma 3 rayondan çıxmamaq üçün bəhanələr axtaran və bəyanatdakı öhdəliklərinə əməl etməyən Ermənistan üçün də ciddi bir çağırış idi: Qarabağ Azərbaycandır! Biz Azərbaycanın hər yerinə gedəcəyik. Hər qarış torpağımızı azad edəcəyik,  Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyik. Eyni zamanda cənab Prezidentin də səsləndirdiyi kimi “Heç bir status haqqında söhbət gedə bilməz. Vahid Azərbaycan dövləti var. Çoxmillətli, çoxkonfensiyalı, mütərəqqi Azərbaycan dövləti var.” Rəşadətli Ali Baş Komandan tərəfindən Azərbaycan bayrağının əzəli və əbədi torpaqlarımızda ucaldılması bir daha dövlətimizin qüdrətini, bölgədə söz sahibi olmasını təsdiq edir.
                                                                                                     Nəticə
Azərbaycan xalqı 30 illik yurd nisgilindən sonra, nəhayət ki, Qarabağda qəhrəman bir savaşla işğal dövrünə son qoydu. Müzəffər Ordumuzun sentyabrın 27-dən başlayan davamlı hərbi qələbəsi 44 gündən sonra təcazvüzkar Ermənistan dövlətinin məğlubiyyətini rəsmiləşdirən 10 noyabr tarixli Rusiya – Azərbaycan – Ermənistan bəyanatını imzalamağa  məcbur etdi. Azərbaycan dövləti öz iradəsi və gücü ilə BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə kağız üzərində qalan qətnamələrinin icrasına nail oldu.
Son üç yüz ildə qələbə, zəfər həsrətli xalqımızın bu intizarına  artıq son qoyuldu. “Xalq qəzeti”nin dərc etdiyi yüzlərcə qələbə soraqlı və ən müxtəlif janrlı materialları analiz etdikcə yekun qənaət kimi qələbəmizin obyektivliyini təmin edən bəzi detalların üzərində dayanmağı da vacib bildik:
– Azərbaycan BMT-nin uzun illərdir kağız üzərində qalan 4 qətnaməsini özü yerinə yetirərək ərazilərini Ermənistanın işğalından azad etdi,
– Azərbaycan Prezidenti İlham Əliyev Vətən müharibəsi dövründə ciddi beynəlxalq təzyiq və təhdidləri məhz xalqın inam və iradəsinə, birliyinə söykənərək dəf etdi,
– Ali Baş Komandanın savaş günlərində müharibənin başlanması və qazanılan zəfərlərlə bağlı xalqa müraciətlərində və xarici KİV-lərə verdiyi 30-dan çox müsahibədə səsləndirilən həqiqətlər Azərbaycanın düşmən üzərində diplomatik və təbliğati üstünlüyünü təmin etdi, öz yalanları ilə illərdən bəri geniş xarici auditoriyanı aldatmış işğalçı tərəfə informasiya sferasında ciddi zərbələr vurdu,
– Ermənistan hərbi-siyasi rəhbərliyi isə xilas olmağın yolunu müharibə cinayətləri törətməkdə – Azərbaycanın cəbhə bölgəsində və ondan uzaqlarda yaşayan dinc əhalisini raket-artilleriya atəşinə tutub ümumu vahimə və sarsıntı yaratmaqda – gördü. Ermənistan işğalçı dövlətdir və Azərbaycan özünümüdafiə hüququndan istifadə edir.
– Ermənilərin fitnəkar təxribatlarına, kütləvi vandalizminə baxmayaraq, Azərbaycanın Tərtər, Ağdam, Goranboy, Ağcabədi, Bərdə, Yevlax, Beyləqan rayonlarının, Gəncə  və Mingəçevir şəhərlərinin sakinləri sonadək yüksək vətənpərvərlik, iradə, əzm nümayiş etdirdilər. 44 günlük müharibə zamanı Azərbaycanda fərarilik faktı qeydə alınmadı.
– Müharibə Azərbaycan üçün məqsəd deyildi. Azərbaycan güc tətbiq etməklə Ermənistanı işğal etdiyi ərazilərdən geri çəkilməyə məcbur etdi. 44 günlük müharibə Azərbaycanın vətənpərvər və böyük xalqı olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Bütün dünyaya məlum oldu ki, 30 ilin torpaq həsrəti, əzabları xalqımızın iradəsini sındırmayıb, onun inam və əzmini sarsıtmayıb.
– Nəhayət, Ali Baş Komandan İlham Əliyev milyonların qəlbində qurduğu əbədi mənəvi heykəli ilə bugünkü və gələcək nəsillərin yaddaşına minilliyin fatehi kimi düşdü.

Namiq Əhmədov,
Azərbaycan Respublikasının Əməkdar Jurnalisti,
”Qızıl Qələm” , ”Araz”, Həsən bəy Zərdabi və TURKSOY-un Ali Media mükafatçısı.

 

İQTİDAR.AZ SAYTI ÜÇÜN