İQTİSADİYYAT

STP şirkətlər qrupu “Ələt Azad İqtisadi Zonası” ilə memorandum imzalayıb

Ölkəmizin qabaqcıl şirkətlərindən biri olan STP Şirkətlər Qrupu və “Ələt Azad İqtisadi Zonası” arasında “Strateji Əməkdaşlıq üzrə Anlaşma Memorandumu” imzalanıb. İmzalanma mərasimi STP Şirkətlər qrupunun “Rebuild Karabakh” sərgisində reallaşıb. Memorandumun məqsədi iki qurum arasında iqtisadi əlaqələri inkişaf etdirmək, həmçinin qarşılıqlı bilik, informasiya və təcrübə mübadiləsi üçün əməkdaşlıq etməkdir. Bundan başqa qurumların bir-birinin fəaliyyətinin təşviq olunması və onların fəaliyyətinə sərmayələrin cəlb edilməsi üçün birgə fəaliyyəti də nəzərdə tutur.
Memorandum STP Şirkətlər qrupu tərəfdən Baş direktor Ruslan Ağabəyli və “Ələt Azad İqtisadi Zonası”-nın səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov tərəfindən imzalanıb. Anlaşma memorandumuna “Sərmayə yatırımlarının həyata keçirilməsinə qarşılıqlı dəstəyin göstərilməsi”, “İşgüzar səfərlər zamanı qarşılıqlı zəruri əlaqələndirmənin təşkili”, “Bilik, informasiya və təcrübənin mübadiləsi” və s. istiqamətləri əhatə edən bəndlər daxildir.
“Ələt Azad İqtisadi Zonası” ölkənin qeyri-neft sektoruna yerli və xarici investisiyaları gücləndirmək üçün həyata keçirilən bir layihədir. Bu strateji coğrafi məkandan regional investisiya mərkəzini təmin etmək və Avropa-Qafqaz-Asiya və Şimal-Cənub nəqliyyat dəhlizlərində rəqabət qabiliyyətini artırmaq üçün istifadə ediləcək.