MƏDƏNİYYƏT

Yubiley tarixi bir günə düşdü

Adı böyük hərflərlə yazılmağa layiq azərbaycanlı, 57 il yarımlıq ömründə neçə böyük ömürlərə sığan vəzifə səlahiyyətlərini  həyata keçirən, sözün həqiqi mənasında böyük insanpərvər Nəsrulla Nəsrullayevin doğum tarixinin 101-ci ilidir.80,90 illik yubileyləri prezident sərəncamları ilə keçirilsə də, 100  illiyi Qarabağ torpaqlarımızdakı savaş günlərinə düşdü. “SÖZ” jurnalı  olaraq  yubilyara xüsusi  buraxılış həsr  etdik. Ləyaqətli və  şərəfli ömrün illəri  “Söz”-də vərəqləndi.Ruhu şad olsun.

Nəsrulla Hidayət oğlu Nəsrullayev 1920-ci ilin 25 oktyabrında Bakı şəhərində anadan olmuşdur. Yeddillik təhsildən sonra Sənaye Texnikumunu və Sənaye İnstitutunu bitirib. N.Nəsrullayevin əmək fəaliyyətinin böyük hissəsi Bakı Elektrik Maşınqayırma Zavodu (BEMZ) ilə bağlıdır. 1960-cı ildə Respublika Xalq Təsərrüfatı Şurası yanında Neft və Kənd təsərrüfatı sahələri ilə birlikdə Elektrotexnika sənayesi idarəsi yaradılır. Bu işə rəhbərlik N.Nəsrullayevə tapşırılır. Sonra Bakı Şəhər Partiya Komitəsinin I katibliyinə (1961-1966) irəli çəkilir. 1966-69-cu illərdə Azərbaycan Dövlət Plan Komitəsi sədrinin I müavini kimi də səmərəli fəaliyyət göstərir. 1969-cu ildə Nəsrulla Nəsrullayev Azərbaycan SSR-in Rabitə naziri təyin olunur. Onun Rabitə naziri işlədiyi illər (1969-1975) rabitənin yüksək inkişafı müşahidə olunur.

 

     

Rabitə sahəsində həyata keçirəsi arzu və planları çox olsa da, respublika rəhbəri Heydər Əliyev N.Nəsrullayevi Yüngül Sənaye naziri təyin edir. Nəsrullayev özünə xas olan enerji ilə bu sahədə də fəaliyyətə başlayır. İlk növbədə müəssisələrin modernləşdirilməsini həyata keçirməyə çalışır, lakin ağır xəstəliyi bu sahədə işlərini başa çatdırmağa imkan vermir. Qəlbi qurub-yaratmaq eşqilə dolu olan bu insanın ürəyi dayanır. Nəsrulla Nəsrullayev 1978-ci il aprelin 26-da vəfat edir. Son mənzili I Fəxri Xiyabandadır.       

1995-ci ildə Respublika Prezidenti Heydər Əliyevin sərəncamı ilə Bakı Elektrik Maşınqayırma Zavoduna (BEMZ) ilk direktoru N.Nəsrullayevin adı verilmişdir. 2006-cı ildə Respublika Prezidenti İlham Əliyevin sərəncamı ilə N.Nəsrullayevin yaşadığı evə (Neftçilər prospekti, 93) xatirə lövhəsi vurulmuşdur. N.Nəsrullayev dəfələrlə SSRİ Ali Soveti və Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir. Uzun illər Xarici Ölkələrlə “Dostluq” Cəmiyyətinin sədr müavini olmuşdur. Vəfatından 43 il keçsə də, xatirəsi bu gün də sevilərək anılır. Bir şəxsiyyət və vəzifə adamı olaraq unudulmaz siması ürəklərdədir. Nəsrulla Nəsrullayev bu dünyayla vidalaşanda ölkə rəhbəri Heydər Əliyev onu çiyninə alıb son mənzilə yola salmışdı. İllər sonra Heydər Əliyev də ömrünü başa vurub haqqa qovuşdu. İndi Fəxri Xiyabanda qoşa uyuyurlar.

Ailə üzvləri hər dəfə Nəsrulla Nəsrullayevi ziyarətə gələndə Ulu Öndərin məzarına da baş çəkir, onu xoş xatirələrlə anır, ruhuna rəhmət diləyirlər. Həmin gün – oktyabrın 25-də – Nəsrulla müəllimin 100 illik yubiley günündə Fəxri Xiyabana gələnlərin çöhrəsində qələbə sevincindən doğan bir qürur hissi vardı. Dağlar diyarı Qubadlı rayonu həmin gün işğaldan azad edilmişdi. Nəsrullayevin 100 illik yubileyinin məhz bu vaxta – işğal altında qan ağlayan Qarabağ torpaqlarının azad edildiyi günlərə – düşməsi təsadüfi deyil. Hər təsadüfün zərurətdən doğmasına isə min faiz əminəm. Bu şəxs Azərbaycanın ağlasığmaz dərəcədə vurğunu idi, 0 özü də separatçılarla mübarizəyə az qatılmayıb. Mənfur qonşularımız tarix boyu bizə düşmən olublar. Altmışıncı illərin əvvəllərində Nəsrullayev Bakı Şəhər Partiya Komitəsinin I katibi idi. Qarabağda o illərdə də iğtişaşlar törədilərdi. Nəsrulla müəllim həmin dövrdə Xankəndinə, Şuşaya ezam olunar, iğtişaşları dəf etməyə nail olardı. Bu gün bütün nigaran ruhlar kimi Nəsrulla müəllimin də ruhu şaddır. Onun sevdiyi vətən torpağında, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağda, mədəniyyət beşiyi Şuşada üçrəngli AZƏRBAYCAN BAYRAĞI dalğalanır.

 

 

Sevda Əlibəyli