İQTİSADİYYAT

Dövlət Neft Fondu “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb

 

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb. Fonddan verilən məlumata görə, 2021-ci ilin yanvar-sentyabr aylarında AÇG yatağından 3 milyard 966,8 milyon ABŞ dolları məbləğində gəlir əldə edilib. AÇG yatağı fəaliyyətə başladığı 2001-ci ildən indiyədək isə yataqdan əldə edilən ümumi gəlirlərin həcmi 153 milyard 372 milyon ABŞ dolları təşkil edib.

“Şahdəniz” yatağı üzrə qaz və kondensatın satışından bu ilin yanvar-sentyabr aylarında əldə olunan gəlir 329,131 milyon ABŞ dolları təşkil edib. “Şahdəniz” yatağı fəaliyyətə başladığı 2007-ci ildən etibarən indiyədək yataq üzrə qazın və kondensatın satışından əldə olunan ümumi gəlirlər 3 milyard 996 milyon ABŞ dolları təşkil edib.
Xatırladaq ki, AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.