CƏMİYYƏT

Ermənilərin dağıtdığı 11 300 obyekt üzrə tikinti və təmir-bərpa yekunlaşıb

Vətən müharibəsində Ermənistan silahlı qüvvələrinin dağıtdığı 11 300 yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri yekunlaşdırılıb. Bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib. Məlumatda deyilir ki, ümumilikdə 11 şəhər və rayon ərazisində 13 000-dən çox tikiliyə ziyan dəyib. Dövlət başçısının tapşırığı ilə komitənin nəzarəti altında hazırki mərhələdə 11 300 yaşayış və qeyri-yaşayış obyekti üzrə tikinti və təmir-bərpa işləri artıq yekunlaşdırılıb. Digərlərində işlər planlaşdırılmış qrafik üzrə sürətlə aparılır və onların da yaxın zamanda tamamlanaraq mərhələli şəkildə təhvil verilməsi, sakinlərin rahat həyat şəraitinə qaytarılması üçün bütün zəruri qüvvələr cəlb edilir.

Xatırladaq ki, 44 günlük müharibə dövründə Ermənistan silahlı qüvvələri münaqişə zonasından və cəbhə xəttindən uzaqda yerləşən dinc şəhər və rayonları müxtəlif növ silahlarla, artilleriya və ballistik raketlərlə atəşə tutub mülki əhalini və eləcə də infrastruktur obyektlərini hədəf seçərək insanlıq əleyhinə cinayətlər törətmiş, günahsız insanları vəhşicəsinə qətlə yetirmiş, fərdi yaşayış evlərinə, sosial və iaşə tikililərinə irimiqyaslı zərər vurmuşdur.