SİYASƏT

Qarabağ savaşı dünya mətbuatında: Reallıqlar və ikili standartlar

Ermənistanın hərbi təxribatından sonra Azərbaycan Ordusunun başlatdığı və 44 gün uğurla davam edən əks-hücum əməliyyatları düşməni darmadağın etməklə yanaşı, bir çox nəticə və parametrlər üzrə dünya hərb tarixində yeni rekordlara da imza atdı. Bütün dünya Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsinin, Azərbaycan xalqının birliyinin və Azərbaycan Ordusunun qüdrətinin şahidi oldu. Türkiyənin Egey Universitetinin professoru Aydın İbrahimovun yazdığı kimi “44 günlük müharibə cox mifləri dağıtdı – istər döyüş, istər diplomatik, istərsə də informasiya sahəsində – işğalçı dövlətin məğlubiyyəti Ermənistanda dərin siyasi çatlar yaratdı. Düşmən ölkənin ictimai-siyasi həyatında gərginlik davam edir və hakimiyyət əleyhinə etiraz aksiyaları səngimək bilmir.”
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Dövlət Televiziyası vasitəsilə yayımlanan  müraciətində Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının müntəzəm xarakter almasını Ermənistanın hərbi-siyasi rəhbərliyinin yeni ərazilər uğrunda işğal siyasəti adlandırdı və qeyd etdi ki: “Mülki əhaliyə və hərbçilərimizə qarşı növbəti hərbi təxribat bu gün (27 sentyabr 2020-ci il) Ermənistan tərəfindən törədildi və qeyd etdiyim kimi, bu dəfə də onlar öz cəzasını alıblar və alacaqlar.”
Əslində bütün dünyanın da gördüyü, amma Avropada belə bir çoxlarının böyük qısqanclıqla yanaşdağı bu həqiqət xarici mətbuatın da gündəmində birmənalı qarşılanmadı. Etiraf etmək lazımdır ki, İtaliyanın nüfuzlu “Askanews” xəbər agentliyi, “Il Sole 24 Ore”, “Affari Italiani”, “Il Tempo”, “Libero Quotidiano”, “Quotidiano”, “Giornale d’Italia”, “MSN”, “Notizie Tiscali”, “Today.it”, “Notizie Yahoo”, “Finanze Yahoo”, “Timgate” və digər çoxsaylı kütləvi informasiya vasitələri, İsrailin “The times of İsrail” portalı, Kanadanın “The Globe and Mail” qəzeti, Rumıniyanın “Agerpres” milli xəbər agentliyi, Çenevrənin “Tribune de Genève”, Pakistanın GEO TV telekanalı, Azərbaycana həsr edilmiş silsilə proqramların davamı olaraq Braziliyanın REBE TV kanalı, Misirin “Almasryalyoum”, “Akhbarelyom”, “Aldiplomasy”, “Alwasela”, “Egyptonline” və “Nile1” informasiya portalları, Serbiyanın nüfuzlu “Tanjug” xəbər agentliyi, “Danas” qəzeti və “RTV” xəbər agentli, Ukraynanın nüfuzlu “Qordon” nəşri, İordaniyanın “Petra” Dövlət İnformasiya Agentliyi, eləcə də “ər-Ray” və “əl-Ğad” hökumət qəzetləri, “əl-Məmləkə” və “əl-Həqiqə əd-Douliyyə” televiziya kanalları, Gürcüstanın report.ge, interpressnews.ge, apsny.ge, 24news.ge, aktual.ge və digər nüfuzlu informasiya portalları , o cümlədən, xüsusi vurğulanmalıdır ki, qardaş Türkiyənin Anadolu və DHA agentlikləri, TRT Haber, Haber Türk, TGRT, A Haber, Haber Global, TRT Avaz, NTV telekanalları, habelə “Yeni şəfəq”, “Sözçü”, “Aydınlıq”, “Yeni çağ” və s. nüfuzlu qəzetləri və kütləvi informasiya vasitələri Qarabağ müharibəsini Azərbaycanın 30 ildir ki, işğal altında olan torpaqlarının işğaldan azad olunması və azadlıq mübarizəsi kimi dəyərləndirdi. Bu sırada adlarını çəkə bilmədiyimiz onlarca ölkənin nüfuzlu nəşrlərini, TV kanallarını və portallarını da qeyd etmək olar. Təkcə adları sadalamaqla da görünür ki, bu tendensiya olduqca geniş bir mövzunun söhbətidir və düşmənlə mübarizədə informasiya cəbhəsində əvəzi olmayan bir dəstək kimi də qiymətləndirilir. Qeyd etmək yerinə düşər ki, bu barədə Azərbaycanın kütləvi informasiya vasitələrində də yetərincə təqdimatlar yer almışdır.
Xarici nəşrlərdə yayılan bu kimi materialları iki qrupa bölmək olar: birincisi bu nəşrlərin əməkdaşlarının, yerli siyasət adamlarının, zamanında Azərbaycanda olmuş və Azərbaycanın haqq işinə inanan, onu dəskələyən ziyalıların mövqeyidir. İkinci qrupda isə əsasən Azərbaycanın diplomatik korpuslarında çalışanların və Azərbaycan ziyalılarının müsahibələri kimi təqdim edilən materiallardır. Məzmun və məna baxımından bu materiallarda müharibənin reallıqları ilə yanaşı, Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozduğu, təmas xətti boyunca Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutaraq təcavüzə əl atdığı, mülki əhali və hərbçilərin həlak olduğu, evlərə və mülki infrastruktura güclü ziyan dəydiyi vurğulanır və ərazisi qəsb edilmiş Azərbaycana qarşı Ermənistanın həyata keçirdiyi ən yeni hərbi təxribatlardan danışılır. Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən təcili və qeyd-şərtsiz çıxarılması, Azərbaycanın ərazi bütövlüyünün təmin olunması toqquşmaların dayandırılmasının yeganə yolu kimi qeyd edilir.
Azərbaycanın haqq işini dünyaya çatdırmaqda önəmli və səmərəli rol oynayan mətbuat Dağlıq Qarabağda cəbhədən və döyüş meydanından alınan xəbərləri operativ surətdə dünya ictimaiyyətinə çatdırdılar. Azərbaycanın haqq işini dünyaya çatdırmaqda önəmli rol oynayan Türkiyə mətbuatına təşəkkür edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin “Haber Global” televiziyasına müsahibəsində deyirdi: “Təəssüf ki, bu xəbərləri hələ də qulaqardına vuranlar var. Azərbaycan tolerant ölkədir. Biz bütün dinlərin nümayəndələrinə hörmətlə yanaşırıq, lakin erməni mətbuatı bu mövzuda yalan xəbərlər yayır. Ermənilər, həmçinin dünya xristianlarının dini hisslərindən də istifadə edirlər. Onlar Azərbaycanın məscidlərini dağıdıb dini ibadət yerlərində heyvan saxlayırlar.” Azərbaycandan fərqli olaraq Ermənistan KİV-lərinin işğal olunmuş Dağlıq Qarabağ bölgəsində Fransanın “Le Monde” qəzetinin iki jurnalistinin yaralanması ilə bağlı yaydığı məlumatda göstərilir ki, Ermənistan xarici jurnalistlərin həyatını təhlükə altına ataraq, beynəlxalq humanitar hüququ kobudcasına pozaraq jurnalistlərin hərbi əməliyyatların getdiyi əraziyə səfərini təşkil edir. Xarici jurnalistlərin məqsədyönlü şəkildə təhlükəli əraziyə aparılması Ermənistan hökumətinin jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədar öhdəliklərinə məhəl qoymadığını və xarici jurnalistlərdən özünün qanunsuz təbliğat məqsədləri üçün istifadə etdiyini açıq şəkildə göstərir. Eyni zamanda dünyanın bir cox nəşrlərində qısqanc və təhrifedici yanaşmaların, hətta işğalçının mövqeyini dəstəkləyən mətbu orqanların da sayı az olmadı. Güman edirəm ki, bu dünyanın siyasi dairələrinin, eləcə də mətbuatın ikili standartların tabeliyində olduğunun yeni olmayan sübutu da sayıla bilər. Nəzər yetirdiyimiz bəzi mətbuat nümunələri və onların dərc etdiyi məqalələr silsiləsi də bunu təsdiq edir. Britaniyanın nüfuzlu “The Times”  qəzetinə görə Qafqazın “ucqar bölgəsində” yenilənmiş döyüşlər daha böyük güclərin cəlb olunması təhlükəsini yaradır. “Risklər çox yüksəkdir və onlar Qafqazla məhdudlaşmır” – deyə yazan qəzetin mövqeyini Britaniyanın  “Guardian”  jurnalı da təsdiqləyir və “mühüm enerji boru kəmərləri ilə yanaşı Rusiya, Türkiyə və İran üçün strateji əhəmiyyət kəsb edən ərazilərdə gərginliyin artmasının dinc əhaliyə təsirindən” yazır.
Bu fikir işgüzar dairələrin “The Financial Times” nəşrində də əsaslandırılır: “Xarici ölkələr, xüsusən də Türkiyə və Rusiya qarşıdurmaya qatıla bilər. Bu, sarsıdıcı ölüm səviyyəsi, dağıntı və iztirablarla nəticələnə bilər”. Qarşıdurmadan danışan “The Financial Times” “Azərbaycan müasir vasitələrlə döyüşürsə, Ermənistan 30-40 il əvvəlki Sovet İttifaqının texnikası və doktrinalarına söykənir” fikirini də diqqətə çatdırır və davam edir: “Azərbaycan əhəmiyyətli üstünlük əldə etmək üçün İsrail, Rusiya və Türkiyədən silah ala bilib. Ümumiyyətlə, gördüyümüz budur ki, Ermənistan müasir yüksək dəqiq silahlardan qorunmaq iqtidarında olmayan əhəmiyyətli tank və artilleriya qüvvələrini işə salır.”
Bu arada son zamanlar Türkiyə ilə Aralıq dənizindəki yataqlarla bağlı mübahisə edən Yunanıstan mətbuatında “Qarabağ qarşıdurması” da müzakirə olunur. Yunanıstan parlamentinin üzvü Maximos Harakopoulosun etiraz əlaməti olaraq, Yunanıstan-Azərbaycan parlament dostluq qrupundan istefa verdiyini bildirir. Məqaləyə görə, buna əsas səbəblərdən biri Türkiyənin Qarabağda “qanlı hücumları” dayandırmaqdan imtina etməsi və Yunanıstanın Azərbaycandakı yeni səfirinə etimadnamələr verilərkən göstərilən rəftardır.
Qafqazda tarixən önəmli mövqeyə malik olan Rusiya mətbuatında isə Türkiyənin gündəmdəki roluna daha çox diqqət edilir, həm də az qala bu fikirlər Rusiyanın Qafqazdakı mövqeyinə müdaxilə kimi təqdim olunur. “İzvestiya”, “Kommersant” qəzetləri Dağlıq Qarabağdakı hərbi əməliyyatlarda Türkiyənin rolu ilə bağlı mübahisələr fonunda daha bir nüfuzlu oyunçunun – Pakistanın – ortaya çıxdığını qeyd edir. Nəşrə əsasən, Bakı Pakistanın hərbi yardımını inkar etsə də, Qarabağ münaqişəsi sayəsində strateji üçbucaq yaradan Azərbaycan, Türkiyə və Pakistanın sürətli yaxınlaşmasını gizlətmir.
Qarabağ müharibəsi fonunda Türkiyənin “xaricdən dəstək cəlb etmək səyləri” barədə Rusiyanın daha bir nəşri – “Nezavisimaya Gazeta” yazır. Qəzetə görə Türkiyə müdafiə naziri Hulusi Akarın Qazaxıstana son səfəri məhz belə bir missiya ilə bağlıdır. Rusiyalı təhlilçi Arkadi Dubnova istinadla deyir ki, “Türk nazirinin səfəri Cənubi Qafqazda bir aydır davam edən müharibə ilə əlaqəlidir.”
Təbii ki, bütün dünya mətbuatının çoxsaylı tirajlarını təhlil etmək imkanlarının məhdudluğunu nəzərə alaraq bu məsələdə kimlərin nə yazdığını bir-bir ortaya çıxarmaq imkanları nə qədər geniş olsa da bəzi reallıqları görməmək də mümkün deyil. Yazılanların məramında müharibədən qaçmaq, dünyanı yeni bir təhlükə ilə üz-üzə qoymaq kimi meyillərin daha çox olduğunu görməkdəyik. Əslində bu yanaşmalar uzun illər ATƏT və beynəlxalq siyasi dairələrin fikir və mülahizələrindən elə bir ciddi mövqe fərqləri ilə də seçilmir. Bəs həqiqət, bəs tarixi ədalət? Göründüyü kimi 30 ilə qədər uzanan, bir az da dəqiq desək qəsdən uzadılan ədalət axtarışları mətbuat müstəvisində də köhnə qiyafətdə, amma yeni fikir və çağrış kimi təqdim edilməkdədir.
Ola bilsin ki, mövqeyimiz bir az sərt görünə bilər. Olsun, hətta deyənlər ola bilər ki, Avropanın, ən önəmlisi də qardaş Türkiyənin mətbuatında Azərbaycanın haqlı mövqeyinə dəstək verənlərin sayı da xeyli çoxdur, amma bu sərtlik hansısa ədalətsizliyin və ya yanlışlığın zorən təsdiqi kimi görünməməlidir. Əgər belə olmasaydı yəqin ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarında çıxışında işğalçı ölkə Ermənistan və onun hazırkı rəhbərliyinin iflasa uğrayan siyasətini aydın şəkildə və konkret faktlarla dünya ictimaiyyətinin diqqətinə çatdıra bilməzdi. Yaxud BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə yekdilliklə qəbul edilmiş 822, 853, 874 və 884 nömrəli qətnamələrində Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olması təsdiqlənib, işğalçı qüvvələrin Azərbaycanın işğal altında olan bütün ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılması tələb edilməzdi.
Prezident xarici mətbuat orqanlarına, televiziya kanallarına verdiyi müsahibələrində də bu tendensiyanı davam etdirmiş, hətta jurnalistlərin çox aqressiv suallarını belə təmkinlə cavablandırmış, ikili mövqelərinə görə onları haqlı qınaq obyektinə belə çevirmişdir: “Biz Qərb mediasını yaxından müşahidə edirik və bu qırx gün ərzində mənim bəlkə də, otuz müsahibəm olub. Onların hamısı çox aqressiv idi, sanki bu, müsahibə deyildi, sanki bir ittiham idi. Ermənistan tərəfində heç nə baş vermir. Heç kim Paşinyandan nəyə görə Gəncəyə ballistik raketlərlə zərbə endirdiyini soruşmur. Nəyə görə o, 92 nəfəri qətlə yetirib? Nəyə görə o, Tərtərdə dəfn mərasiminə hücum edib? Nəyə görə onlar 21 insanı qətlə yetirərək və 70 nəfəri yaralayaraq Bərdəyə hücum etmək üçün kassetli bombalarla “Smerç”dən istifadə ediblər? Heç kim ondan silahları haradan əldə etdiyini soruşmur? Yalnız bizə hücum edirlər. Beynəlxalq media yalnız Azərbaycanı ləkələyir.”
Haqq işimizə böyük inam Azərbaycanın haqlı mövqeyini ortaya qoyan prezidentin bütün müsahibələrində görünür. Türkiyənin “A Haber” televiziya kanalının, NTV televiziyasının, CNN-Türk televiziyasının, “TRT Haber” televiziya kanalının, Rusiyanın TASS informasiya agentliyinin, “Pervıy Kanal” televiziyasının, “Əl-Ərəbiyə” və “Əl-Cəzirə” televiziya kanalının müxbirlərinin suallarında dinləyici səmimiyyətə, sülh yoluna xidmət meyllərinə, “BBC News”in, İspaniyanın EFE informasiya agentliyinin, Almaniyanın ARD televiziya kanalının, “Sky News” televiziya kanalının, “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramının müxbirlərinin suallarında isə tərəfli və haqsız mövqe nümayişlərinə şahidlik edir.

 

Namiq Əhmədov, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti, ”Qızıl Qələm” , ”Araz”, Həsən bəy Zərdabi və TURKSOY-un Ali Medya mükafatçısı.

İQTİDAR.AZ SAYTI ÜÇÜN