İQTİSADİYYAT

“Bərk Məişət Tullantılarının Yandırılması Zavodu” istehsal gücünə görə Şərqi Avropa və MDB məkanında ən iri müəssisədir

Tullantıların idarə olunması və ətraf mühitə təsirini azaltmaq sahəsində səmərəli təcrübələrdən biri də onların yandırılaraq zərərsizləşdirilməsi və bu prosesdən enerji əldə olunmasıdır. “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı”-nın icrası çərçivəsində yaradılan və 2012-ci ildən fəaliyyətə başlayan “Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu” istehsal gücünə görə Şərqi Avropa və MDB məkanında bu tipli ən iri müəssisə hesab olunur. Müəssisə dördüncü nəsil (4G) texnologiyaların tətbiqi ilə Avropa İttifaqının ətraf mühitin mühafizəsi sahəsində ən sərt normativlərinə tam cavab verəcək şəkildə qurulub. İllik gücü 500 min ton məişət və 10 min ton tibbi tullantı olan zavodda tullantıların yandırılması nəticəsində 231,5 milyon KVt/saat elektrik enerjisi istehsal olunur ki, bu da 100 min ev təsərrüfatını elektrik enerjisi ilə təmin etməyə imkan yaradır.