GÜNDƏM

Prezident Ərdoğan: Azərbaycanın uğurlarından ən azı azərbaycanlı qardaşlarımız qədər biz də məmnun oluruq

Azərbaycanın uğurlarından ən azı azərbaycanlı qardaşlarımız qədər biz də məmnun oluruq. Türkiyə olaraq məlum layihələrin həyata keçirilməsində iştirak etməkdən qurur duyuruq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərindən sonra Ankaraya qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında ifadə edib.

Prezident İlham Əliyevlə birlikdə açılışında iştirak etdiyi, bütün Qafqaz üçün xüsusi əhəmiyyət daşıyan Füzuli Beynəlxalq Hava Limanının səkkiz ayda tikilib istifadəyə verilməsini rekord hadisə kimi dəyərləndirən Türkiyə dövlətinin başçısı deyib: “Azərbaycanın bölgənin inkişafı üçün iradəsinin təzahürü olan və çox qısa müddətə tamamlanan bu mühüm nəqliyyat mərkəzinin fəaliyyətə başlamasında əməyi olan hər kəsi təbrik edirəm”.

Prezident Rəcəb Tayyib Ərdoğan əminliklə bildirib ki, bölgədə tikintisi davam etdirilən daha iki hava limanı bir il ərzində istifadəyə veriləcək.

İşğaldan azad olunan bölgələrdə kənd təsərrüfatı və heyvandarlığın inkişafı istiqamətinə atılan addımları yüksək dəyərləndirən, görülən işləri şəxsən izlədiyini diqqətə çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan deyib: “Biz işğaldan azad edilmiş rayonlarda 30 ilə yaxın mövcud olmuş işğalın vurduğu dağıntıların aradan qaldırılması üçün müasir üsullarla kənd təsərrüfatı istehsalının bərpasına xüsusi diqqət göstəririk. Mən səmimi qəlbdən inanıram ki, Azərbaycan işğaldan azad edilmiş torpaqları tezliklə nümunəvi istehsal və rifah mərkəzinə çevriləcək. Aidiyyəti qurumlarımız, təşkilatlarımız və şirkətlərimiz bütün bu sahələrdə azərbaycanlı qardaşları ilə çiyin-çiyinə çalışırlar”.

Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Türkiyə ilə bağlı gündəlikdə duran digər məsələlər barədə də jurnalistləri maraqlandıran sualları cavablandırıb.