SİYASƏT

Qarabağ savaşı dünya mətbuatında: Reallıqlar və ikili standartlar (ikinci hissə)

 Ermənistanın hərbi təxribatından sonra Azərbaycan Ordusunun başlatdığı və 44 gün uğurla davam edən əks-hücum əməliyyatları düşməni darmadağın etməklə yanaşı, bir çox nəticə və parametrlər üzrə dünya hərb tarixində yeni rekordlara da imza atdı. Bütün dünya Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sarsılmaz iradəsinin, Azərbaycan xalqının birliyinin və Azərbaycan Ordusunun qüdrətinin şahidi oldu. Türkiyənin Egey Universitetinin professoru Aydın İbrahimovun yazdığı kimi “44 günlük müharibə cox mifləri dağıtdı – istər döyüş, istər diplomatik, istərsə də informasiya sahəsində – işğalçı dövlətin məğlubiyyəti Ermənistanda dərin siyasi çatlar yaratdı. Düşmən ölkənin ictimai-siyasi həyatında gərginlik davam edir və hakimiyyət əleyhinə etiraz aksiyaları səngimək bilmir.”
Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan Dövlət Televiziyası vasitəsilə yayımlanan  müraciətində Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının müntəzəm xarakter almasını Ermənistanın hərbi-siyasi rəhbərliyinin yeni ərazilər uğrunda yeni işğal siyasəti adlandırdı və qeyd etdi ki: “Mülki əhaliyə və hərbçilərimizə qarşı növbəti hərbi təxribat bu gün (27 sentyabr 2020-ci il) Ermənistan tərəfindən törədildi və qeyd etdiyim kimi, bu dəfə də onlar öz cəzasını alıblar və alacaqlar.”

Açıq mövqe, haqq işimizə böyük inam Azərbaycanın haqlı mövqeyini ortaya qoyan prezidentin bütün müsahibələrində görünür. Türkiyənin “A Haber” televiziya kanalının, NTV televiziyasının, CNN-Türk televiziyasının, “TRT Haber” televiziya kanalının, Rusiyanın TASS informasiya agentliyinin, “Pervıy Kanal” televiziyasının, “Əl-Ərəbiyə” və “Əl-Cəzirə” televiziya kanalının müxbirlərinin suallarında dinləyici səmimiyyətə, sülh yoluna xidmət meyllərinə, “BBC News”in, İspaniyanın EFE informasiya agentliyinin, Almaniyanın ARD televiziya kanalının, “Sky News” televiziya kanalının, “Rossiya-1” telekanalında yayımlanan “60 dəqiqə” proqramının müxbirlərinin suallarında isə tərəfli və haqsız mövqe nümayişlərinə şahidlik edir. Verilən suallarda təkidlə Türkiyənin müdaxiləsi, hətta Qarabağa suriyalı muzdluların göndərilməsi elə soruşulur ki, sual verənlər jurnalistdən çox təhqiqatçı xarakterində görünürlər. Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Almaniyanın ARD televiziya kanalının müxbirinin suallarını çox haqlı olaraq “Alman dövləti və alman xalqı, elə bilirik, rəsmən faşizmdən imtina edib – bu yaxşıdır, təqdirə, alqışa layiqdir; lakin kim deyə bilər ki, ARD əməkdaşının ruhuna faşizm çökməyib? ARD əməkdaşı tərəfindən verilən sualların mahiyyəti, erməni faşizminə ortaq olmağa bərabərdir…” deyə dəyərləndirilir.
“Siz bu əsrin əvvəlindən hakimiyyətdəsiniz və bu məsələ ilə bağlı heç bir irəliləyiş yoxdur. Erməniləri günahlandırmaq asandır, lakin siz siyasi cəhətdən bunu həll edə bilmədiyiniz üçün əsgərlərinizin indi cəbhə xəttində öldüyünə görə şəxsən öz üzərinizə məsuliyyəti götürürsünüzmü?” Baxın “Siz bu əsrin əvvəlindən hakimiyyətdəsiniz və bu məsələ ilə bağlı heç bir irəliləyiş yoxdur” sualının daha çox beynəlxalq təşkilatlara, ATƏT-ə, Avropa Şurasına, ya da hec olmasa ATƏT-n Minsk qrupunun üzvülərinə ünvanlanması daha məqsədəuyğun olmazdı? Üstəlik bu qrupun fəaliyyət mandatı Azərbaycan Prezidentinin 2003-cü ildən başlayan prezidentlik zamanından da coxdur, bu mandat 1992-ci ildən, keçən əsrin 90-cı illərindən başlayır, amma prezidentin təmkinli cavabı müxbirin mövqeyini dəyişməyə məcbur edir: “Bizim əsgərlərimiz öz torpağımız uğrunda həlak olurlar. Bizim əsgərlərimiz tarixi və beynəlxalq səviyyədə tanınmış Azərbaycan torpağında həlak olurlar. Erməni əsgərlər hansı torpaqda ölürlər? Onlar Füzulidə ölürlər, Cəbrayılda ölürlər, onlar digər Azərbaycan ərazilərində ölürlər. Onların orada nə işləri var? Siz Paşinyandan soruşmalısınız onun əsgəri orada nə edir? Qondarma “Dağlıq Qarabağ ordusu”nun 90 faizi Ermənistan vətəndaşlarından ibarətdir. Onlar bizim torpağımızdadırlar. Xəritəyə baxmaq kifayətdir. Bizim üçün bu, Vətən Müharibəsidir. Biz özümüzü müdafiə edirik. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik ki, bir milyon köçkünün geri qayıtmasına imkan yaradaq. Bizim etdiyimiz budur.”
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev: “Azərbaycan danışıqlarda həmişə konstruktivlik nümayiş etdirib. Vasitəçilik missiyası üçün cavabdeh olan Minsk qrupunun həmsədrləri də bunu təsdiq edə bilərlər. Üstəlik son iki ildə və bundan əvvəl də dəfələrlə bəyan etmişik ki, biz danışıqların formatına da sadiqik” Yenə həmin müsahibəsində prezident bildirib ki, “Bazar günü baş verən hadisələrə Ermənistan artıq bir neçə ay idi ki, hazırlaşırdı. Əgər siz onların hərəkətlərinin və bəyanatlarının xronologiyasını izləsəniz aşkar görərsiniz ki, onlar bu təxribata şüurlu şəkildə gedirdilər. Bu yaxınlarda, BMT Baş Assambleyasının tribunasından çıxış edərkən mən açıq demişəm ki, Ermənistan müharibəyə hazırlaşır və onu dayandırmaq lazımdır.” Təbii ki, bunlar müharibənin Ermənistan üçün sürpriz olduğunu zənn edənlərə verilən tutarlı cavabdır.
Müharibə başlayanda işğal olunmuş torpaqlarımızın azad olunması uğrunda gedən əks-hücum əməliyyatlarına kölgə salmaq, cəmiyyətdə çaşqınlıq, xaos, şübhə yaratmaq üçün yayılan yalan məlumatların qarşısını almaq məqsədilə bəzi məhdudiyyətlər tətbiq edildi. Bu barədə “Xalq qəzeti” yazırdı: “Bunu cəmiyyətdə informasiya blokadası, məlumat təlabatının qarşısının alınması kimi qiymətləndirmək olmaz. Dövlətin strateji informasiya müharibəsində əsas məqsədi düşmənin dezinformasiyalarından müdafiə, təhlükəsizliyin təmin olunmasıdır.” Bu barədə Yaponiyanın “Nikkei” qəzetinin “Siz söz azadlığı və interneti qeyd etdiniz, lakin sosial şəbəkə sistemlərində bəzi məhdudiyyətlər var.” sualını cavablandıran Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev deyirdi:
– “Bunlar müvəqqəti məhdudiyyətlərdir. Bu məhdudiyyətlər toqquşmalar başladıqdan sonra tətbiq olunmuşdur. Biz xalqımıza elan etdik ki, bu, milli təhlükəsizlik məsələləridir, çünki biz belə bir vaxtda informasiya sistemimizi erməni təxribatından qorumalıyıq. Beləliklə, bu, müvəqqəti səciyyə daşıyır. Toqquşmaların aktiv fazası bitən kimi bütün bu məhdudiyyətlər aradan qaldırılacaq, lakin sizə deyə bilərəm ki, internetin əhatə dairəsi çox yüksəkdir və azərbaycanlıların 80 faizdən çoxu internet istifadəçiləridir. Beləliklə, bu, yalnız müvəqqəti xarakter daşıyır.”
Qarabağla bağlı həqiqətlərin ardıcıl olaraq ölkəmizin birinci şəxsinin dilindən səsləndirilməsinin nə qədər vacib olduğunu əsaslandırmağa ehtiyac yoxdur. Ali Baş Komandanın savaş günlərində müharibənin başlanması və qazanılan zəfərlərlə bağlı xalqa müraciətlərində və xarici KİV-lərə verdiyi müsahibələrində səsləndirilən həqiqətlər Azərbaycanın düşmən üzərində diplomatik və təbliğati üstünlüyünü təmin etdi, öz yalanları ilə illərdən bəri geniş xarici auditoriyanı aldatmış işğalçı tərəfə informasiya sferasında ciddi zərbələr vurdu. Bununla da Ali Baş Komandan, Prezident İlham Əliyev informasiya müharibəsindəki mühüm missiyanı da öhdəsinə götürdü, beynəlxalq media orqanlarına səlis məntiq və arqumentlərlə əsaslandırılmış müsahibələr verməklə beynəlxalq auditoriyanın düzgün məlumatlandırılmasına nail oldu.
Bu çox kiçik xülasədən sonra təkcə tarixçilərin və siyasətçilərin yox, həm də mətbuatın da unutduğu, ola bilsin ki, bilərəkdən unutdurulan bir faktı yada salmaqda fayda var. 1991-ci ilin 25 dekabrından dağılaraq tarixə qovuşan SSRİ-nin çökməsinin umdə səbəblərindən biri haqqında danışan Rusiya Fedarasiyasının sonuncu sədri Ruslan Xasbulatov “Политики Сегодня” nəşrinə şərhində deyirdi: “Sovet İttifaqının karkasına ən ağır zərbə Qafqazdan gəldi, erməni separatizmi SSRİ-ni dağıtdı.” Bu fikirləri oxuyanlar heç də o cür anlamasınlar ki, 30 il əvvəl dağılan SSRİ-nin həsrətində, yaxud onun yenidən bərpası arzusundayıq, amma tarixin dərslərini unutmaq və ya unutdurmaq dünyada yeni və daha böyük bir separatizmə yol aça bilər. Zamanında dünyanın ən böyük ölkəsini, dünyanın 6-da biri qədər əraziyə sahib olan SSRİ-ni dağıdan erməni separatizmi bu gün təkcə Qafqazda yox, indi dünyanın hər yerində özünü təsdiq etmişdir. Bu barədə təkcə havadarları yox, güman edirəm ki, ictimai fikirə təsir gücündə olan KİV-lər də düşünməlidir. Həm də Qafqazda Azərbaycan ordusunun şanlı qələbəsi ilə kapitulyasiyaya məcbur olan Ermənistan hələ də “zərrə qədər də dəyişməyən xəstə təfəkkürün” caynağındadır. Unutmayaq ki, 100 il əvvəl də Azərbaycan bu tarixi yaşamışdı. Şaumyanın tabeliyində olan Bakı Sovetinin qoşunları “vətəndaş müharibəsi” adı ilə vəhşi qırğınlar törədəndə Üzeyir Hacıbəyov bu qırğını “vətəndaş müharibəsi” adlandıranlara cavab olaraq yazırdı: “Bunun böyük yalan olduğunu isbat edən minlərcə müsəlman füqareyi-kasibəsinin meyitləridir ki, bolşevik qoşunu tərəfindən ”müsəlman olduğuna görə” çox rəhmsiz bir surətdə öldürülmüşlər.” Ermənilərin Bakı, Qarabağ, Quba qırğınlarını bizə unutduran sovet təbliğat sistemi sonralar da Azərbaycan xalqını Xocalı soyqırımı, Bağanıs Ayrım kimi onlarca faciələrə məruz qoydu, amma unutmaq olmaz ki, bunların ilhamvericisi sovet sistemi olsa da, icraçısı erməni təfəkküründən ilham alan güclər idi. “Bunların kökündə isə Ermənistanın dövlət siyasətinin xəstə və millətçi ruhu dayanmışdır. Həqiqət budur ki, erməni cəmiyyəti XXI əsr faşizminin ruporu oldu. Almaniya və İtaliyanın Hitler və Mussolinidən sonra imtina etdiyi faşizm XX əsrin sonları, XXI əsrin əvvəllərində Ermənistanda yenidən dirçəldildi. Təəssüf ki, nə bu ölkənin ziyalıları, nə də erməni cəmiyyəti bunu dərk etmədi. İndi də bu eyforiya davam edir.”
Sonda Azərbaycan xalqının, eləcə də böyük türk dünyasının ədalət və böyüklüyündən qaynaqlanan bir həqiqəti də söyləmək yerinə düşərdi. Bu barədə Prezident İlham Əliyev ən yüksək tribunalardan dəfələrlə danışıb. Yaponiyanın “Nikkei” qəzetinə müsahibəsində “Dağlıq Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır. Onların təhlükəsizliyi, hüquqları Azərbaycanın digər insanlarının hüquqları kimi tam təmin olunacaq… Dağlıq Qarabağdakı ermənilər tam əmin ola bilərlər ki, Azərbaycan vətəndaşları olaraq onların təhlükəsizliyi təmin ediləcək” – deyirdi. Daha sonra Fransanın “Figaro” qəzetinə müsahibəsində isə “Avropada Fransa və Almaniya arasında neçə dəfə müharibə baş verib? Neçə dəfə digər ölkələr müharibə edib? 30 və ya 40 milyon adamın ölümünə səbəb olmuş İkinci Dünya müharibəsi var idi. Buna baxmayaraq, 20 ildən sonra Qərbi Almaniya və Sovet İttifaqı arasında yaxşı münasibətlər quruldu və indi heç kim bunu xatırlamır. Sivil dünyada bu belə olmalıdır. Problem ondadır ki, Ermənistanda nifrət aşılanır. Onlar Türkiyəyə və Azərbaycana qarşı tarixi nifrət aşılayırlar. Ermənistanın sabiq prezidenti Köçəryan açıq şəkildə bəyan etdi ki, azərbaycanlılar və ermənilər birlikdə yaşaya bilməzlər, lakin baxın, onlar Gürcüstanda necə birlikdə yaşayırlar. Gürcüstanın bəzi kəndlərində azərbaycanlılar və ermənilər yanaşı yaşayırlar, Rusiyada da eyni şəkildə. Azərbaycanda minlərlə erməni yaşayır. Niyə bu, Dağlıq Qarabağda mümkün deyil? Düşünürəm ki, müharibənin vurduğu yaraları siyasi müdriklik, siyasi iradə ilə sağaltmaq lazımdır.” – deyərək fikirlərini əsaslandırırdı.
Gec də olsa bu reallıqları dəyərləndirən sabiq Ermənistan prezidenti Levon Ter-Petrosyanın müşaviri, 1990-cı illərdə Ermənistan Xarici İşlər nazirinin müavini, tarixçi və hazırda ABŞ-ın Michigan Universitetində “Erməni Araşdırmaları Proqramı”-nın direktoru Jirayr Libaridyan Dağlıq Qarabağda silahlı qarşıdurmaya son qoyan razılaşmanın nəticələrini şərh edərkən deyirdi: “İndi yaxınlıqdakı xalqlarla və yaxınlıqdakı ölkələrlə danışıqlar aparırsınız. Bunları dərk etməlisən. Nəyə və niyə “yox” dediklərini anlamalısan, nəyi istədiyini dürüst şəkildə izah etməlisən, belə yanaşma nəticə verməyə də bilər, amma ən azı əminlik var ki, düşmənlə yox, qonşunla münasibət qurursan və onun problemini başa düşürsən. Buna əvvəlki düşüncə ilə yanaşsaq biz məhkumuq, heç bir şey qalmayacaq, uduzmağa davam edəcəyik.”
Sabiq müşavir müsahibəsinin davamında bildirir: “İndi Ermənistan cəmiyyəti Nikol Paşinyanın getməsini istəyir, lakin məsələ odur ki, sabiq prezident Levon Ter-Petrosyandan başqa, Baş nazirin istefasını tələb edən siyasi qüvvələrin Azərbaycana dair danışıqlar strategiyası, hakim partiyanın mövqeyindən fərqlənmir. Ter-Pertosyanın partiyasından başqa qalan hamının strategiyası Paşinyanın strategiyasına uyğun idi.” Libaridyanın sözlərinə görə, “Ermənistanda üçtərəfli razılaşmadan imtina etməyə çağıranlar anlamalıdır ki, belə addım nəticəsində ölkə əlində olanları da itirəcək. Onlar dərk etməlidirlər ki, “müharibə çağırışı” ilə sülhə nail olmaq mümkün deyil. Əmin-amanlıq içində yaşamaq üçün, qonşuluğun qaçılmaz olduğunu başa düşmək və biri-birinin istəklərini yaxşı dərk etmək lazımdır.”
Ümidvaram ki, Azərbaycan xalqı da Njdelərlə, Androniklərlə və onlara heykəl qoyanlarla yox, Libaridyan kimi düşünənlərlə qonşu olmağa davam edəcək, bunun üçünsə Ermənistan xəstə təfəkkürdən qurtulmalıdır. Onu da qeyd etmək yerinə düşər ki, erməni alim bu sözləri Türkiyənin ingilisdilli “Ahval” saytına, aparıcı Yavuz Baydara müsahibəsində deyirdi. Bilmirəm bir ingilis, alman və ya fransız nəşrinə müsahibəsində bunları deyərdimi?!

 

Namiq Əhmədov, Azərbaycan Respublikasının Əməkdar Jurnalisti, ”Qızıl Qələm” , ”Araz”, Həsən bəy Zərdabi və TURKSOY-un Ali Mediya mükafatçısı.

İQTİDAR.AZ SAYTI ÜÇÜN