CƏMİYYƏT

Qarabağ zəfəri xalqımızın yurd sevgisini və qurub-yaratmaq gücünü birə-beş artırıb

 

Erməni vandallarının 30 ildə qarət edib, dağıdıb xarabalığa çevirdiyi ərazilərdə start götürmüş irimiqyaslı bərpa və quruculuq işləri tarixi qələbəmizin ildönümü günlərində yeni mərhələyə daxil olur. Zəruri kommunikasiyaların sürətli bərpası ilə yanaşı, artıq, yeni yaşayış məntəqələri salınır, inzibati binalar tikilir, xidmət və istehsal obyektləri yaradılır.
Qarabağ savaşının baş sərkərdəsi dövlət başçısı İlham Əliyevin təşəbbüsləri ilə geniş miqyas alan, ümumi rəhbərliyin bilavasitə nəzarəti ilə sürətlə davam etdirilən “Qarabağa böyük qayıdış”, Vətən müharibəsinin ildönümü təntənələrinin davam etdiyi bir vaxtda, eləcə də prezident İlham Əliyevin həmin bölgələrə səfərləri ilə forma və məzmunca zənginləşir. Düşmənin silahlı quldur dəstələri Qarabağdan qovulub çıxarıldıqdan sonra başladılan quruculuq işlərinin sevindirici konturları da artıq aydın görünür.
Prezident İlham Əliyevin bu səfərləri zamanı yeni yaradılmış infrastruktur, enerji, kommunal və xidmət obyektləri dövlət başçısının iştirakı ilə istifadəyə verilir, növbəti irihəcmli layihələr təntənə ilə həyata vəsiqə alır. Hazırda Qarabağa qayıdış cəbhəsinin ön xəttində nəqliyyat infrastrukturlarının inşası sürətlə davam etdirilir.
Yeni tipli yaşayış məntəqələri olan “ağıllı şəhər” və “ ağıllı kənd”-lərin sayı artır, ekoloji təhlükəsizliyi təmin edəcək “yaşıl enerji” zonaları böyüyür. Azərbaycan II Qarabağ savaşında çağdaş sürətli və ədalətli müharibə örnəyi ilə dünyanı heyrətə saldı. Qarabağda silahlı münaqişənin bu vaxtadək dünyada görülməmiş miqyas və amansızlıqla törədilmiş dağıntı və fəsadlarını öz gücü ilə, sürətlə aradan qaldırmaqda da xalqımız son bir ildə yeni bir nümunə ilə beynəlxalq aləmi heyran qoyur.
Qarabağın dünyaya açılan “hava qapısı” kimi dəyərləndirilən Füzuli Beynəlxalq Hava Limanının təməli məhz bu ilin yanvarında qoyulmuşdur. Prezident İlham Əliyev Birinci xanım Mehriban Əliyeva ilə rayona ötən günlərdəki səfəri zamanı Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış oldu və bildirdi ki, aeroportda görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçirilib.
Füzuli Beynəlxalq Hava Limanının oktyabrın 26-da Qarabağ zəfərinin ən böyük himayədarı olan qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə təntənəli surətdə istifadəyə verilməsi Qarabağın hava qapısının Cənubi Qafqaz bölgəsində də strateji və iqtisadi əhəmiyyətini dünyaya nümayiş etdirdi.
Milli Məclisin Füzuli rayonundan deputatı Vüqar Bayramov bu hava limanının Azərbaycanla Türkiyəni birləşdirən daha bir etibarlı körpü olacağına əminliyini bildirdi. O qeyd etdi ki, Vətən müharibəsində axıradək Azərbaycanın yanında olmuş qardaş Türkiyənin Qarabağın bərpa-quruculuq meydanında da ölkəmizlə yanaşı olması 30 il yurd həsrəti ilə yaşamış yüz minlərlə məcburu köçkünün öz yurdlarına daha tez qayıtmasına imkan verəcək:
–İşğaldan azad edilmiş ərazilərimizdə bütün yaşayış məntəqələri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasına uyğun olaraq qurulur. Bunun üstünlüyü ondan ibarətdir ki, əvvəl aqrar rayonlar kimi tanınan bölgədə sənayeni inkişaf etdirmək, həyat səviyyəsini yüksəltmək daha asan olacaq. “Ağıllı şəhər” və “Ağıllı kənd” modeli həm kommunal xidmətlərə çıxış imkanlarını artıracaq, həm də sosial xidmətlərə əlçatanlığı genişləndirəcək.
Bu baxımdan, işğaldan azad edilmiş ərazilərimizdə qurulan inkişaf modeli sonrakı mərhələdə Azərbaycan iqtisadiyyatına da böyük töhfə verəcək. Məsələn, Ağdamda sənaye parkının yaradılması da məhz bundan xəbər verir. Nəzərə alsaq ki, sənaye parkına sənaye sektorunun fərqli sahələri üzrə sərmayənin cəlb edilməsi nəzərdə tutulur, onda işğaldan azad edilmiş ərazilərimizdə 4 iqtisadi mərkəz formalaşdırılmış olacaq. Bu isə sənaye də daxil olmaqla fərqli sektorların inkişafına zəmin yaradacaq.
Milli Məclisin deputatı Elşən Musayev isə söylədi ki, II Qarabağ müharibəsində Azərbaycanın qələbəsi xalqımıza yeni quruculuq həvəsi və enerjisi gətirtdi, ölkəmiz üçün tərəqqi stimuluna çevrildi. Ruh yüksəkliyi və mənəvi rahatlıq daha xoş gələcəyin müjdəçisidir:
Artıq işğaldan azad olunan torpaqlarda bərpa-quruculuq işləri yeni yüksək mərhələyə daxil olub. Dövlətimiz bütün gücünü səfərbər edib ki, Qarabağ və Şərqi Zəngəzur rayonları yenidən dirçəlsin, insanlar tezliklə öz doğma yurd-yuvalarına qayıtsınlar. Bu hədəfə uyğun olaraq işlər olduqca sürətlə gedir. Ağıllı şəhər və kənd ideyası dünyada yeni bir mahiyyətdə gerçəkləşir.
Regiona böyük dövlət sərmayəsi cəlb edilib. İnfrastrukturun qurulmasında ciddi uğurlar əldə edilir: yollar çəkilir, elektrik stansiyaları tikilir. Bir azdan Qarabağın ürəkaçan mənzərəsi boy göstərəcək, çünki artıq xalqımız azad, rahat nəfəs alır, azad torpağının qeydinə qalan, qayğısını çəkən var.

Tahir AYDINOĞLU, “Xalq qəzeti”