GÜNDƏM

Qars-İğdır-Naxçıvan dəmiryolu da region üçün önəmli layihədir

“Beş-on il sonra Qarabağın tam olaraq dirçəlməsinin şahidi olacağıq.” Bunu İqtisadiyyat və Mədəniyyət nazirliklərinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumunun (ICYF) təşkilatçılığı ilə keçirilən Azərbaycan İnvestisiya və Mədəniyyət sammitində Türkiyə Respublikasının Prezidentinin Maliyyə ofisinin müdiri Göksel Aşan bildirib. Onun sözlərinə görə, ötən gün Füzuli Beynəlxalq Hava Limanının açılışı baş tutub: “Füzuliyə təyyarə ilə gəlmək yuxu kimi idi, amma dünən bu tarixi an yaşandı. Artıq dünya Azərbaycan və Türkiyənin “Bir millət, iki dövlət” olduğunu gördü. Bundan sonra da bunun belə davam edəcəyinə inanırıq.”
    Göksel Aşan deyib ki, işğaldan azad olunan ərazilərdə kiçik və orta biznesin inkişafı həyata keçirilməlidir: “Onların orada inkişaf etməsi üçün işlər görülməlidir. Türkiyədə toplam işlərin 97 faizini KOB-lar həyata keçirir.” O əlavə edib ki, Azərbaycan və Türkiyə arasında Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsinin icrası region üçün çox önəmlidir.
T.Rüstəmov