CƏMİYYƏT

İşıqlı şəxsiyyəti və xeyirxah əməlləri ilə tanınmış alim-pedaqoq

Tofiq Əli oğlu Rəsulov, Fəlsəfə elmləri doktoru, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi

Azərbaycanda elmin, təhsilin, fəlsəfi fikrin inkişafında dəyərli xidmətləri olan ziyalılardan biri – əməkdar müəllim, fəlsəfə elmləri doktoru, professor -Tofiq Rəsulov 1930-cu ildə gözəlliklər məskəni Gədəbəydə xalqımıza bir çox görkəmli simalar bəxş etmiş Şınıx zonasında müəllim-pedaqoq, bacarıqlı, nümunəvi ailə başçısı, el ağsaqqalı Əli Rəsulovun ailəsində dünyaya gəlmiş, tərbiyə alıb boya-başa çatmışdır. Böyük Şərq filosofu Əbülhəsən Bəhmənyarın müdrik kəlamlarından birində deyilir: “Elə adamlar axta­rın ki, onlarla söhbət yaxşı kitaba bərabər olsun, elə kitablar da axta­rın ki, mütaliəsi filosoflarla söhbətə dəysin.” Bu dərin məna yükü və tərbiyəvi önəm daşıyan sözlər ömrü­nü Azərbaycan elminin, təhsilinin və mədəniyyətin inkişafına həsr etmiş unudulmaz ziyalı, professor Tofiq Rəsulov kimi nurlu insanların timsa­lında hikmətini tamamilə doğruldur.

Orta təhsilini atasının çalışdığı ra­yonlarda almış Tofiq Rəsulov 1947-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU-nun) tarix fakültəsinin fəlsəfə şöbəsinə daxil olmuşdur. Ali təhsili yüksək göstəricilərlə başa vuran gənc filosof Gəncə Pedaqoji İnstitutu­nun fəlsəfə kafedrasına göndərilmişdir. Tofiq müəllimin elmə, təhsilə və fəlsəfi fikir tarixinə olan marağı Gəncə Pedaqoji İnstitutunda kabinet müdiri işlədiyi dövrdə daha da artmış və o, 1954-cü ildə SSRİ Elmlər Akademiyasının “Fəlsəfə və Hüquq İnstitu­tu”-nda aspiranturaya daxil olmuşdur.

1958-ci ildə Moskvada “XIX əsrin axırlarında pozitiv sosiologiyanın tənqidi” mövzusunda elmi iş müdafiə edərək fəlsəfə elmləri namizədi alimlik dərəcəsi alan soydaşımız elmi fəaliyyətini Azərbaycan SSRİ Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İns­tutunda davam etdirmişdir. İlk illərdə burada kiçik elmi işçi, baş elmi işçi vəzifələrində çalışmış, 1961–62-ci illərdə isə Azərbaycan Kommunist Partiyasının orqanı olan o dövrün nüfuzlu “Azərbaycan kommunisti” jurnalında redaktor müavini işləmişdir.

Tofiq Rəsulov 1966–69-cu illərdə Bakı Ali Partiya Məktəbinin fəlsəfə kafedrasının dosenti olmuş, 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində mühazirəçilər qrupunun rəhbəri təyin edilmişdir. Filosof alim 1981-ci ildən Ali Parti­ya Məktəbində fəlsəfə kafedrasına rəhbərlik etmiş, müstəqillik illərində bu nüfuzlu ali məktəbin bazasında yaradılan Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ömrünün sonu­na kimi – 2012-ci ilədək fəlsəfə və sosial psixologiya kafedrasının müdiri vəzifəsində çalışmışdır.

Yüksək təşkilatçılıq bacarığı, çevik idarəetmə qabiliyyəti ilə seçilən Tofiq Rəsulovun AKP MK-nın mühafizəçilər qrupuna rəhbərlik etdiyi illər ümum­milli lider Heydər Əliyevin respub­likanın ali siyasi rəhbəri olduğu dövrə təsadüf edirdi. O, bu illərdə Ulu Öndərin müdrik rəhbərlik məktəbində kamillik dərsi keçmiş, onun Azərbaycanda nail olduğu hərtərəfli yüksəlişə uyğun olaraq, çalışdığı sahədə canlanma yarada bilmişdir.

Professor Tofiq Rəsulovun elmi-tədqiqat fəaliyyəti fəlsəfə tarixi, sosi­ologiya, insan və cəmiyyət, cəmiyyət quruculuğu prosesində dövlət idarəçiliyinin mənəvi əsasları proble­minin işlənməsinə həsr olunmuşdur. O, ümumi həcmi 100 çap vərəqinə yaxın 80-dən artıq məqalə, tədris-metodik vəsait, monoqrafiya və kitab­ların müəllifi, çoxsaylı əsərlərin elmi redaktoru olmuşdur. İstedadlı filosof, alim kimi o, Azərbaycanda pozitivizm fəlsəfəsinin, sosiologiyasının tədqiqi və ümumiyyətlə, Qərb fəlsəfəsinin öyrənilməsi sahəsində ilk cığır açan müəlliflərdən biri sayılır.

Azərbaycan oxucusunun diqqətini Qərb fəlsəfi ideyalarına doğru istiqamətləndirən də Tofiq Əli oğlu Rəsulov olmuşdur. Pozitivizmin banisi O.Kont və N.Spenserin yaradıcılığına ölkəmizdə həsr olunmuş məqalələr məhz onun qələmindən çıxmışdır. Tanınmış filosofun “XIX əsrin 90-cı illərində V.İ.Lenin tərəfindən pozitivist sosiologiyanın tənqidi” adlı irihəcmli monoqrafiyasında pozitivizmin tarixi formaları və xüsusilə də neopoziti­vizm məsələləri öz əksini tapmışdır. Moskva Dövlət Universitetinin profes­soru Q.M.Şestakov bu kitab barədə rəyində yazıb: “Əsərin elmi dəyəri ondan ibarətdir ki, burada indiyədək az tədqiq olunan subyektiv sosiolo­giyanın Qərbi Avropa pozitivizmi ilə əlaqəsi müəyyənləşdirilir. Lavrov-Mixaylovski təliminin fəlsəfi mənbəyi kimi pozitivizm hərtərəfli təhlil olunur.”

Pozitivizm fəlsəfəsi ilə bağlı aktual məsələlər onun Moskvada çıxan nü­fuzlu “Voprosı filisofi” jurnalında dərc edilmiş məqalələrində də yer almış­dır. Onun bu jurnalda dərc olunmuş “Pitirim Sorokinin türkiyəli həmfikri” məqaləsində İstanbul Universitetinin professoru Nurettin Sazi Kösemi­halın “Sosiologiya tarixi” kitabında şərh olunmuş məsələlərin Qərb sosiologiyasının XX əsrdə görkəmli nəzəriyyəçisi, Rusiya mənşəli Pitirim Sorokinin “Müasir sosioloji cərəyanlar” adlı kitabı ilə səsləşməsi, türk aliminin onunla həmfikir olma­sı işıqlandırılır. O zamanlar üçün türk sosioloqu və professorunun əsərindən “Voprosı filosofi” kimi sovet nəzəri jurnalında söhbət açmaq cəsarət və obyektivlik göstəricisi idi.

Professor Tofiq Rəsulov Moskva, Kiyev, Leninqrad, Novosibirsk, Tbilisi, Daşkənd və digər şəhərlərdə keçirilən ümumittifaq respublika, zona elmi-nəzəri, elmi-praktik konfranslarda, təbliğatçıların toplanışlarında ba­carıqlı təşkilatçı, elmi ictimaiyyət arasında özünəməxsus nüfuzu olan bir filosof alim kimi iştirak etmişdir. O, çoxsaylı broşüra və məqalələrini “Voprosı filosofii”, “Azərbaycan Kom­munisti”, ”Təşviqatçı” jurnallarında, “Elm”, ”Azərbaycan” nəşriyyatlarında, “Azərbaycan Ensiklopediyası”nda, respublika qəzetlərində nəşr etdirməklə siyasi-ictimai elmlərin inki­şafına sanballı töhfələr vermişdir.

Nüfuzlu filosof alim Tofiq Rəsulov çoxsaylı namizədlik dissertasiyala­rının opponenti, magistr dissertasi­yalarının elmi rəhbəri, Bakı Dövlət Universitetində “Fəlsəfə” ixtisası üzrə Dövlət Attestasiya Komissiyasının sədri, Dövlət İdarəçilik Akademiyası nəzdindəki Dissertasiya Şurasının və bir sıra şuraların üzvü kimi elmi kadr­ların hazırlanmasında yaxından işti­rak etmişdir. Onun elmi redaktorluğu ilə “Müasir təbiətşünaslığın konsep­siyaları”, “İdarəetmə psixologiyası”, “Fəlsəfə sxemlərdə” dərs vəsaitləri nəşr edilmişdir. Moskva İctimai Elmlər Akademiyasının Tədris Metodiki Şöbəsi tərəfindən isə Tofiq müəllimin “Dialektik materializm üzrə tapşırıq və çalışmalar toplusu” nəşr olunmuşdur.

Alimin mətbuatda çap olun­muş “Vətəndaşlıq borcu, mənəvi sima”, “Dövlət suverenliyinin möhkəmləndirilməsinin mənəvi problemləri”, “Dialektik materializm üzrə tapşırıq və çalışmalar toplusu”, “Karl Marks və ictimai tərəqqi”, “Pitrim Sorokinin türkiyəli həmfikiri”, “Oqyust Kontun fəlsəfi və sosioloji görüşləri“, “Vətəndaşlıq borcu, mənəvi sima”, “L.Feyerbax”, “Fəlsəfi fikrin tarixində insan problemi”, “İnsanın mahiyyəti və təbiət”, “Humanizm və milli şüur”, “İnsan ən yüksək dəyər və tərəqqinin məqsədidir” kimi əsərləri ona nüfuz və populyarlıq qazandırmışdır.

Bəşəri inkişafın bütün mərhələlərində səmimiyyət və iste­dad insanı əbədiləşdirən, ucaldan, zirvələrə doğru aparan ən təməl kimi qiymətləndirilmişdir. Bu keyfiyyətlər üzərində nümunəvi insan həyatı ya­ranır, ən qiymətli əsərlər, heyrətamiz sənət nümunələri, möhtəşəm mədəniyyət abidələri meydana gəlir, bəşəriyyətin incilər xəzinəsi zənginləşir. Yeri gəlmişkən bildirim ki, Tofiq müəllimin Qazax Müəllimlər Seminariyasını, sonra isə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirib Gədəbəy, Tovuz, Qax və Zəngilan rayonlarında məsul vəzifələrdə çalışmış atası Əli Rəsulovu ucalığa çatdıran bu mənəvi dəyərlər son­rakı illərdə oğlunun həyat yolunun müəyyənləşməsində, ictimai məzmun almasında önəmli rol oynamışdır.

Tofiq Rəsulov atasının xalqa və dövlətə xidmət, el-obaya gərəkli olmaq yolunu layiqincə davam et­dirmişdir. O da atası kimi çox sadə, vətənpərvər, zəhmətkeş bir ziyalı idi. Bu yerdə yazıçı-publisist, tanın­mış ziyalı Nahid Hacızadənin “Yada düşdü” (xatirələr, məqalələr, istəklər) kitabında Əli Rəsulov haqqında yaz­dıqlarının oğlu Tofiq Rəsulova da eyni dərəcədə aid olduğunu düşündüm. Oğul ataya oxşayar deyiblər, – amma bütün hərəkəti, davranışı, müla­yimliyi, səmimiyyəti və xeyirxahlığı, ağsaqqallığı və s.üst-üstə düşməyi möcüzəli bir haldır və bu da hər kəsə heç də qismət olmur.

Tofiq müəllim həmişə öz obyektiv­liyi ilə seçilən alim, vətəndaşlıq möv­qeyi yüksək olan ziyalı, tələbkarlığı ilə kompleks fəaliyətini uğurlara yönəldə bilən bacarıqlı təşkilatçı olmuşdur. O, dövrün ictimai-siyasi və sosial-mədəni problemlərinin müzakirəsində və həll edilməsində daim özünəməxsus ziyalı mövqeyini ortaya qoymuş alim-pe­daqoq, vətənini sevən, insanlara ba­cardığı köməyi əsirgəməyən ləyaqətli vətəndaş kimi tanınmışdır. Tofiq müəllim özünün çoxillik elmi-pedaqoji fəaliyyəti ərzində öz tələbələrinin, aspirantlarının, doktorantlarının qəlbində xeyirxah insan, ləyaqətli ziyalı, dəyərli alim kimi silinməz izlər qoymuşdur.

Tofiq müəllim həm də doğuldu­ğu Düz Rəsullu kəndinin, ata ocağına dərindən bağlı olan, onun yolunda canından belə keçməyə hər an hazır olan vətənpərvər vətəndaşı idi. O, həmişə doğma el-obası ilə sıx əlaqədə olmuş, insanlara doğru yol göstərmiş, illər keçdikcə hamıya düzgün məsləhət verən ağsaqqala çevrilmişdir. Mənim şəxsimdə neçə-neçə həmyerlimiz onun məsləhəti, xeyir-duası və yaxından köməkliyi ilə arzularımıza çatmış, uğurlar əldə etmişik.

Tanınmış Azərbaycan alimi, pedaqoqu Tofiq Rəsulov bütün şüurlu həyatı və fəaliyyəti ərzində öz missiyalarını birtərəfli deyil, müəyyən standart meyar və kodekslərlə deyil, hərtərəfliliyə əsaslanan şəxsiyyət bütövlüyü ilə həyata keçirmiş kamil insan idi. Adı həmişə ölkənin ən yaxşı ziyalılarının sırasında çəkilən Tofiq Rəsulov bu günkü nəsillərə və gələcək nəsillərə örnək ola biləcək müdrik bir həyat yolu keçmiş, qürurlu, əzəmətli, təmiz və ləkəsiz bir ömür yaşamışdır. Ata Əli Rəsulov və oğul Tofiq Rəsulov öz həyatları, xeyirxah əməlləri ilə çoxlarına gərəkli, tanıyanlara nümunə oldular. Sonda Şınıx obasının Hacı Məmməd ocağından çıxıb Vətəninə dəyərli övladlar olmuş Əli Rəsulovun və Tofiq Rəsulovun ruhları şad ol­sun,– deyirəm!

 

Xəlil İSMAYILOV,

BDU-nun professoru, tarix elmləri doktoru,

Əməkdar mədəniyyət işçisi,

BMT yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının həqiqi üzvü