CƏMİYYƏT

Gürcü əsilli şair həmvətənimizin 44 günlük zəfərimizə həsr olunmuş poetik “Qarabağnamə”-si 44 səhifədə işıq üzü görüb

Gürcü əsilli yurdsevər Azərbaycan vətəndaşı, azərbaycan, gürcü və rus dilləri üzrə istedadlı tərcüməçi-şair Givi Paçxapaşvili Qarabağ münaqişəsi başlanandan bu mövzuda silsilə şeirlər, məqalələr yazmışdır. Həmvətənimiz Qarabağ zəfərinin ildönümü günlərində “44 günlük Vətən müharibəsi” şərəfinə həmin əsərlərin ən yaxşılarını, rəmzi olaraq, 44 səhifəlik kitabça halında oxuculara təqdim etmişdir. Bu barədə redaksiyamıza məlumat verən Pünhan Şükür bildirir:

“2020-ci ilin payızında baş vermiş, haqlı olaraq “Vətən müharibəsi” adlandırdığımız, möhtəşəm qələbəmizlə bitən İkinci Qarabağ savaşı Azərbaycan tarixinin qızıl hərflərlə yazılmış ən şanlı səhifəsini təşkil edir. Əlbəttə, 44 günlük müharibə nəticəsində əldə olunmuş qələbənin əhəmiyyəti, Azərbaycan tarixində tutduğu yer, qələbəni şərtləndirən amillər həm tarixçilər, həm siyasətçilər, həm hərbi analitiklər tərəfindən qiymətləndirilməkdədir. Bundan belə məktəblərimizdə tarix dərsliklərinin üz qabığını məğrur duruşu ilə diqqəti çəkən igid döyüşçümüz topçu Vüsalın şəkli bəzəyəcək. Artıq Qarabağın şəhər, rayon və kəndlərinin işğal olunduqları tarixləri əks etdirən qara rənglə işarələnmiş təqvim səhifələri onların azad olunduqları günləri göstərən qırmızı rəqəmlərlə əvəzlənib.
Şair və yazıçılarımız, rəssam və bəstəkarlarımız qələbəmizi, igid əsgər və zabitlərimizin qəhrəmanlığını tərənnüm edən, vətən uğrunda canlarını fəda edən şəhidlərimizin cənnətməkan ruhuna rəhmət duaları oxuyan əsərlər yaradırlar. Şübhəsiz ki, istedadlı şair-tərcüməçi, təcrübəli jurnalist Giya Paçxataşvilinin yenicə işıq üzü görmüş 44 səhifəlik “Givinin Qarabağnaməsi” şeirlər kitabı da bu əsərlər sırasında özünə layiqli yer tutacaqdır. Aydın məsələdir ki, bu ərəfədə təqdim olunan vətənpərvərlik motivli əsərlər Qələbəmizin 1 illiyinə həsr olunsa da, “Givinin Qarabağnaməsi”-ndə müəllifin torpaqlarımızın işğal altında inlədiyi dövrdə – 1989-cu ildən başlayaraq – qələmə aldığı bəzi şeirləri də yer almışdır. Səhifələrini naxış yerinə azadlıq nəğməsi oxuyan Xarı Bülbülün təsviri bəzəyən bu kiçik həcmli kitaba şəhid analarının ağrı-acıları da yerləşib, Xocalı körpələrinin ağıları da. 20 yanvar Bakı qırğınının dəhşəti də sığışıb, 31 mart soyqırımının vəhşəti də. Gürcü əsilli Azərbaycan vətəndaşı Givi Gürcüstanın da dərdini xatırlatmağı unutmayıb:
Bir ağ göyərçinəm
Sxinvalidə haqqı alınmış,
Suxumidə qəfəsə alınmış
Şuşayam, Laçınam…

İnanıram ki, Giya Paçxataşvilinin qələbə ovqatlı (“Və… Nida”), fərəh dolu (“Sən əsgər atasısan”), “muştuluq istəyən” (“Havadan qələbəqoxusu gəlir”), “barmaq silkələdiyi” (“Paşinyan!”) şeirləri oxucular tərəfindən maraqla qarşılanacaq və şanlı qələbəmizin davam etməkdə olan təntənəsini “kvadrata yüksəldəcəkdir.” Giviyə yaradıcılığında uğurlar, Sxinvali və Suxumiyə isə Şuçanın, Laçının aqibətini arzulayıram.”

 

Təqdim etdi: Tahir Aydınoğlu,
                        Əməkdar jurnalist