SİYASƏT

Milli Məclisin sədri Sahibə Qafarova türkiyəli həmkarına təbrik məktubu göndərib

Oktyabrın 28-də Milli Məclisin sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopa Cümhuriyyət Bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, Sahibə Qafarova Mustafa Şentopu və onun simasında Türkiyə Böyük Millət Məclisinin üzvlərini, həmçinin qardaş Türk xalqını milli bayram – Türk Cümhuriyyətinin qurulmasının 98-ci ildönümü münasibətilə öz adından və Azərbaycan Respublikası Milli Məclisinin bütün üzvləri adından təbrik edib, daimi rifah, tərəqqi, sülh və əmin-amanlıq arzulayıb.

Milli Məclisin sədri tarixin sınağından çıxmış Azərbaycan-Türkiyə qardaşlığının bundan sonra da davamlı olaraq möhkəmlənəcəyinə və regionda təhlükəsizliyin, sülhün, sabitliyin təminatçısı olacağına əminliyini ifadə edib.