SİYASƏT

Ermənilərin daha bir müdhiş vəhşiliyi…

Ağdamda qolları məftillə bağlı skeletlər tapılıb

Ölkə mediasında yayılan bir xəbər soydaşlarımızın qəlbini ağrıtsa da, erməni vəhşiliyinin daha bir amansız səhifəsi kimi qəbul olunur. Bildirilir ki, Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində iki insan skeleti aşkarlanıb. Rayonun Uzundərə adlanan ərazisində yol tikintisi texnikası qazıntı işləri apararkən skeletlər aşkarta çıxıb. Şahidlərin dediyinə görə sümüklərin paltar qalıqları qadın və kişiyə aiddir.

Ağdam şəhəri və Uzundərə adlanan ərazi 1993-cü ilin iyul ayının 23-dən erməni işğalında olub və 27 il Ermənistan silahlı qüvvələrinin nəzarəti altında qalıb.Qeyd edilən  hadisə ilə bağlı ictimaiyyətdə müxtəlif versiyalar ortaya atılır. İddialara görə, skeleti tapılan şəxslər Ağdam sakinləri olmuş erməni vandalizmlərinin işgəncəsinə məruz qalmış girovlar imiş. Ehtimal olunur ki, sümükləri tapılan qadın və kişi diri-diri basdırılıb. Ekspertlər hesab edir ki: “Əgər öldürülüblərsə, niyə şəxslərin əlləri bir-birlərinə məftillə bağlanıb?”.

Hadisə yerinə baxış keçirən hüquq-mühafizə orqanlarının əməkdaşları insan qalıqlarını ekshumasiya edərək aidiyyəti üzrə tibbi ekspertizaya göndərib. Skeleti tapılan şəxslərin kimliyi araşdırma başa çatdıqdan sonra məlum olacaq.

T.Rüstəmov