GÜNDƏM

Onlar qəhrəmanlıqları ilə xalqımızın milli ruhunu yenidən özünə qaytardılar…

İkinci Qarabağ müharibəsində ölkəmizdə müxtəlif millətləri təmsil edən yüzlərlə gənc Azərbaycan Ordusu sıralarında işğalçıya qarşı azərbaycanlı, qarabağlı kimi mərdi-mərdanə mübarizə apardı, düşmənlə cəsarətlə döyüşüb, şəhid, qazi olmaqla, parlaq qələbə qazanmaqla yağının bu çirkin niyyətinin əsassızlığını sübuta yetirdi, bundan sonra heç bir xarici qüvvənin siyasi sabitliyi, qardaşlığı poza bilməyəcəyini bütün dünyaya nümayiş etdirdi.

Vətən müharibəsində şəhid olan Dmitri Solntsev Aleksandroviçin həyat yoluna nəzər salmaqla bunun şahidi ola bilərik… 1995-ci il aprelin 15-də Bakıda anadan olan, uşaq yaşlarında ana-atasını itirən Dmitri Nəsimi rayonunda 240 nömrəli tam orta məktəbdə təhsilini başa vurduqdan sonra  Azərbaycan Dövlət Neft və Sənaye Universitetində ali təhsil almışdı. Azərbaycan Ordusunda hərbi xidmət keçmişdi. Ötən ilin may ayında isə TƏBİB-in tabeliyindəki müəssisədə biomühəndis vəzifəsinə qəbul edilmişdi.

… Dmitri 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsi, Füzuli və  Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etdi. Oktyabrın 25-də isə Qubadlıda qəhrəmancasına şəhid oldu. II Fəxri Xiyabanda torpağa tapşırıldı.

  1. Solntsev Vətən müharibəsində şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə, ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edildi.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Dmitri Solntsev şəhidlik zirvəsinə yüksəldiyi gün özünün “Twitter” səhifəsində yazmışdı: “Azərbaycanın igid oğlu – əsgər Solntsev Dmitri Aleksandroviç torpaqlarımızın Ermənistan işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. Onun 25 yaşı var idi. O, etnik rus olaraq çoxmədəniyyətli Azərbaycanın cəsur vətəndaşı idi.

Nur içində yat, Dmitri!”.

… Dmitrinin qısa ömrünə nəzər salanda 25 yaşlı şəhidin ürəyinin hər zaman Azərbaycanla döyündüyü, Azərbaycanla fəxr etdiyi aydın görünür. Bacısı Lyudmila deyir:- Dmitri vətənpərvər idi. Azərbaycanı qəlbən sevirdi. Ali məktəbi bitirəndən sonra qohumlarımızdan biri onu Rusiyaya işə dəvət etmişdi. Dmitri isə: “mən Bakısız heç harda qala bilmərəm”,–söyləmişdi.

Erməni faşizminə dərin nifrəti vardı. İşğalçıdan söz düşəndə yaşlı azərbaycanlıların dilindən eşitdiyi “qarı düşmən dost olmaz” məsəlini xatırladırdı. “Ermənilər Azərbaycan torpağında zorla məskunlaşdırılıb, burada rahatlıq tapandan sonra isə “Böyük Ermənistan” xülyası ilə yaşayıblar. Azərbaycan xalqının onlara göstərdiyi qonaqpərvərlikdən sui-istifadə edərək qurduqları dövlətin ərazisini Azərbaycanın tarixi torpaqları hesabına zaman-zaman genişləndiriblər…”,–bildirirdi. “Qarabağ azad olunmalıdır. Xocalının, Ağdabanın, Kərkicahanın, Qaradağlının qisası alınmalıdır. Yoxsa, bu Vətəni bizi bağışlamayacaq”,–deyirdi.

Dmitri müharibəyə də, bax, bu yanğı ilə könüllü getmişdi.

…Qardaşım hər gecə yuxuma gəlir, həlim, kövrək səsini eşidirəm. O səsin cazibəsində indi mənim, dostlarının yaddaşında, xatirəsində yaşayan, nağıla, əfsanəyə çevrilən Dmitri ilə birgə atalı-analı xoşbəxt günlərə qayıdırıq, bəxtəvərcəsinə Bakının küçələrini gəzirik, Xəzərin qağayılı sularını seyr edə-edə arzularımızın ardınca yüyürürük… Yüyürürük, amma çata bilmirik ki, bilmirik…

…Gizlətmirəm, belə bir sarsıntı, belə bir dərin kədərlə bərabər qəlbimdə həm də fəxr, qürur hissi hakimdir: qardaşım müqəddəs müharibədə mərdliklə döyüşüb, qaniçən, şərəfsiz düşmənin cavabını verdi. Xalqımızın milli ruhunun yenidən özünə qayıtmasında fədakarlığını əsirgəmədi. Şəhidlik zirvəsinə yüksəlməyilə Qarabağ savaşının bütün günahsız qurbanlarının–erməni vəhşiliyinin, erməni faşizminin günahsız qurbanları olan məsum körpə balaların ruhunu sevindirdi…”.

***

…Cavanşir Həmidli 1997-ci il oktyabrın 20-də Lerik rayonunun Çayrud kəndində anadan olmuşdu. 2015-ci ildə orta məktəbi, 2019-cu ildə Lənkəran Dövlət Universitetini bitirib hərbi xidmətə getmişdi. Burada çevikliyi, cəsarəti və təlimlərdə yüksək döyüş hazırlığı hissə komandanlığının diqqətini çəkmiş və “N” saylı hərbi hissənin “Həmlə” Əlahiddə Əməliyyat taborunun xüsusi döyüş hazırlığı təlimlərinə cəlb edilmişdi. Qısa müddətdə döyüş texnikasını və atıcı silahlardan istifadəni yüksək səviyyədə mənimsəməklə komandirin etimadını qazanmışdı.

Ötən il iyul ayında Ermənistan silahlı birləşmələri Azərbaycanın Tovuz rayonu ərazisində təxribat törədib sərhədlərimizi pozmağa cəhd göstərən zaman Cavanşir ön cəbhəyə göndərilməsi üçün bir neçə dəfə hərbi hissə komandanlığına təkidlə müraciət edir. Nəhayət, hərbi xidmət müddətinin bitməsinə az qalmış o, əsgəri olduğu taborun tərkibində cəbhənin Tərtər-Agdərə istiqamətinə yola düşür. Talış kəndi və Suqovuşan qəsəbəsinin azad edilməsi uğrunda döyüşlərdə iştirak edir. Hərbi əməliyyatlarda özünü əsl peşəkar döyüşçü kimi göstərir, cəsarəti, qətiyyət və mərdliyi ilə seçilir.

Cavanşir Həmidli daha sonra Vətən müharibəsinin Cənub istiqamətində – Füzuli və Cəbrayıl cəbhəsində erməni faşistlərinə qarşı fədakarlıqla mübarizə aparır. Hadrut istiqamətində gedən qızğın döyüşlərdə qəhrəmanlıq nümunəsi göstərir, bir neçə dəfə döyüşçü dostlarını düşmən mühasirəsinə düşmək təhlükəsindən xilas edir.

…Cəbrayılın Nüzgar və digər ətraf kəndlərinin azad olunması uğrunda amansız döyüşlərdə  cəsarət və qorxmazlığı ilə diqqət çəkən Cavanşir haqqında müddətdən artıq xidmət edən hərbi qulluqçu gizir Anar Mirzəyev deyir: “Cavanşir Həmidli erməni gülləsindən çəkinmirdi, ölümün gözünə dik baxırdı. Ən qaynar nöqtələrə can atırdı… Ağır yaralansam da, huşum başımda idi. Cavanşir yaxınlaşıb alnımdan öpdü və gülə-gülə dedi: Darıxma komandir, sənin qisasın alınacaq. Bilirdim ki, o, bunu mənə təsəlli vermək üçün demir… Doğrudan da Cavanşir tək mənim deyil, o döyüşlərdə şəhid olan bütün əsgər və zabitlərimizin qisasını aldı…”.

Atası Namiq Həmidov: “Sonucu dəfə zəngləşəndə dedi ki, ata biz Füzuli-Hadrut istiqamətindəyik”. Namiq kişi bunu deyib bir anlıq susdu. Sanki araya çökən sükutda oğlunun səsini eşidəcəkmiş kimi, baxışlarını onun portretinə zillədi…

…Oktyabrın 7-də Azərbaycan ordu hissələrinin qeyd edilən ərazidə keçirdiyi hücum əməliyyatında Cavanşir son döyüşünə girir. Komandirinin qisasını lazımınca alır və bir neçə erməni quldurunu məhv edir. Döyüş meydanında yaralı döyüşçülərdən xilas etdiyi də olur.

Erməni snayperi bu çevik və xüsusi döyüşkənliyi ilə diqqətçəkən əsgəri hədəfə almaq üçün çox gözləyir. Nəhayət, qana susamış namərd düşmən snayper gülləsi ilə Cavanşiri başından vurur. O, arxası üstə çevrilib son dəfə səmaya baxır və gülümsəyərək gözlərini əbədi yumur…

…Prezident İlham Əliyevin 15 sentyabr 2020-ci il tarixli sərəncamı ilə əsgər Cavanşir Namiq oğlu Həmidli ölümündən sonra “Vətən uğrunda” medalına layiq görüldü…

***

Deyirlər ki, Cavanşir döyüş öncəsi sosial şəbəkədəki səhifəsində bir status paylaşıb: “Bu dağların qarı kimiyik, həmişə olmuruq burda…”.

…Bu bir cümlə ilə şəhid balamız, görəsən, nə demək istəyib, nəyi düşünərək, bu sözləri ifadə edib?

Bəlkə Qarabağ dağlarına yağan qarın hər yazağzı əriməyə başlaması, payızın ortalarından isə o zirvələrin yenidən ağ örpəyə bürünməsi və beləcə bu ötərilik, keçərilik qarşılığında əzəli-əbədi torpağımızın dəyişmədiyini, övladlarına ana qayğısını əsirgəmədiyini, əvəzində isə 30 il arxa-dayaq bildiyi döğmalarının onu yalqız, tək, Allah ümidinə buraxdıqlarını ərkyana qınayıb…

Bəlkə Cavanşir “Bu dağların qarı kimiyik, həmişə olmuruq burda…”,–deməklə bu zirvələri yağıdan təmizləyib, tezliklə doğulduğu yurd-yuvasına dönəcəyi ümidini dostlarına çatdırıb.

Bəlkə…

Bu “bəlkə”lərin, gümanların önündə isə bir həqiqət dayanır: Lerikin böyüdüb boya-başa çatdırdığı qəhrəmanın– Azərbaycan oğlu Cavanşirin məğrur ruhu qıy vuran qartallar süzən o dağların zivəsində daim, həmişəlik dolaşacaq. Dünyaya göz açdığı Çayruddakı məzarı isə Azərbaycan adlı yaşı, tarixi bilinməyən bir məmləkətin müqəddəs şərəf, şəhid abidəsi kimi bütün Azərbaycanın üz tutduğu, qürurlandığı ziyarətgahlardan biri kimi minilliklərlə xatırlanacaq…

Vaqif BAYRAMOV