SİYASƏT

Paşinyan Qarbağda məğlubiyyəti ilk həftələrdən etiraf edibmiş…

Keçən ilin oktyabrında Azərbaycan ordusu işğal edilmiş əraziləri, yaşayış məntəqələrini bir-birinin ardınca azad edəndə Ermənistanın baş naziri Nikol Paşinyanın parlamentdənkənar müxalifət qüvvələri ilə keçirdiyi məsləhətləşmələrin iştirakçısı Respublika partiyasının sədr müavini Eduard Şarmazanov indi onun nə barədə danışdıqlarını açıqlayıb.

Şarmazanov Yerevanda keçirdiyi mətbuat konfransında deyib ki, birinci görüş oktyabrın 12-də olmuşdu:

“Nikol Paşinyan situasiyanı təqdim etdi. Dedi ki, Talış artıq verilib, Madagiz (Suqovuşan) uğrunda döyüşlər gedir. Cəbrayıl verilib, Hadrut uğrunda döyüşlər gedir, hərçənd bizdə informasiya var idi ki, Hadrut artıq Azərbaycan qüvvələrinin nəzarətindədir. Artıq görünürdü ki, biz qələbəyə yox, məğlubiyyətə gedirik. O dedi ki, işlər pisdir”.

Şarmazanov deyib ki, o, Paşinyana Rusiyaya müraciət etməyi, müharibənin dayandırılması üçün addımlar atılmasını xahiş etməyi təklif edib. “Dedim əgər biz bu gün təqdim edilmiş təklifləri qəbul etməsək 1-2 gündən sonra daha çox ərazi və insan itkimiz olacaq, Paşinyan buna heç bir mənfi reaksiya vermədi”.

Oktyabrın 19-da ikinci belə görüş olub. Şarmazanov deyib ki, onlar “situasiyadan çıxmaq üçün” bütün keçmiş prezidentlərin, müdafiə nazirlərinin, generalların iştirakı ilə qərargah yaratmağı təklif ediblər: “Paşinyan gəldi, olduqca pis psixoloji vəziyyətdə idi, əvvəllər mən onu heç vaxt bu vəziyyətdə görməmişdim. O, vəziyyət barədə danışdı, qəbul elədi ki, bu artıq məğlubiyyətdir. Müxtəlif söhbətlər oldu, bu vaxta qədər müharibənin daha yaxşı şərtlər altında dayandırılması barədə təkliflər edildiyi deyildi.

Baş nazir əvvəlcə dedi ki, bu, “5+2” planıdır–Lavrov planıdır və ya onun modifikasiya edilmiş versiyasıdır. 5+2 planına Hadrut və Şuşa daxil deyil. Oktyabrın 19-da məndə belə təəsürat yarandı ki, bu adam məğlubiyyəti qəbul edib. Oktyabrın 19-da sənə müharibəni 5+2 sxemi üzrə dayandırmaq təklif edilir və sən bunu etmirsən? Əgər bilirsənsə ki, qələbə üçün heç bir ehtiyatın yoxdur, nəyə görə bununla razılaşmırsan?”.

T.Rüstəmov