İQTİSADİYYAT

Azərbaycanda özəlləşdirmədən daxilolma üzrə 9 aylıq proqnoz 78 faiz icra edilib

Bu ilin yanvar-sentyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının özəlləşdirilməsi üzrə 47 hərrac keçirib.

Hərraclarda 192 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 15-i səhmdar cəmiyyətlərinin səhm paketi, 30-u kiçik dövlət müəssisəsi, 2-si yarımçıq tikili, 145-i nəqliyyat vasitəsidir.

Bundan başqa, hesabat dövründə investisiya müsabiqəsi vasitəsi ilə 2 dövlət əmlakı özəlləşdirilib.

9 ay ərzində hərraca çıxarılmış dövlət əmlakları üzrə 55 elektron sifariş qəbul edilib, “Elektron hərrac” xidməti vasitəsilə 29 onlayn qoşulma baş tutub. Özəlləşdirmə prosesində müasir yanaşmaların tətbiqi şəffaflığın artırılmasına, vətəndaş məmnunluğunun yüksəlməsinə səbəb olub.

Bu ilin yanvar-sentyabr aylarında özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 58 milyon manat təşkil edib, 9 aylıq proqnoz 78,1 faiz icra edilib.