İQTİSADİYYAT

Dünya Bankı: Azərbaycan neftin ən çox sərvət yaratdığı 4 ölkədən biridir

Dünya Bankı “Millətlərin Dəyişən Sərvəti 2021: Gələcək üçün Aktivlərin İdarə Edilməsi” hesabatını və yenilənmiş məlumat bazasını yayımlayıb. Hesabatın metodologiyasına görə, hər bir ölkənin sərvəti dörd komponentin cəmindən formalaşır.

Hesabatda 1995-ci ildən bəri dünyada qlobal sərvətlərin həcmində artış yaşandığı bildirilir. Artıq orta gəlirli ölkələrin gəlir səviyyəsi yüksək gəlirli ölkələrə yaxınlaşmağa başlayıb. Amma hesabatda bu artımların yanında dayanıqlı iqtisadi inkişaf üçün risklərin də meydana çıxdığına diqqət çəkilir. Məsələn, yenə 1995-ci ildən bəri adambaşına düşən meşə sərvətlərinin həcmi 8 faiz azalıb. Ciddi azalma gözə dəyən istiqamətlərdən biri də dəniz balığı ehtiyatlarıdır. Pis idarəçilik və hədsiz ovlanma nəticəsində balıq ehtiyatları 80 faizə yaxın azalıb. Bu baxımdan, hesabatda xəbərdarlıq edilir ki, iqlim dəyişiklikləri ilə bağlı daha tutarlı addımlar atılmasa, belə problemlər daha da kəskinləşə və dayanıqlı irəliləyişə əngəl törədə bilər.

Hesabatda Azərbaycanla bağlı ən çox diqqət çəkən məqamlardan biri odur ki, bu ölkə dünyada təbii resurslar sayəsində sərvətin formalaşmasında ən çox paya sahib ölkələrdən sayılıb. Üç il öncəki göstəricilərə görə, Azərbaycanda yuxarıda qeyd edilən komponentlər üzrə formalaşan sərvətin 42 faizi neft və qaz hesabına yaranıb. Bu göstərici ilə Azərbaycan dünyada təbii sərvətlərin formalaşmasında ən çox payı olan dördüncü ölkədir. İlk üç yeri İraq (65 faiz), Səudiyyə Ərəbistanı (46 faiz) və Küveyt (46 faiz) tutur. İlk onluqda Azərbaycandan sonra qərarlaşan digər ölkələr Qətər, İran, Qabon, Oman, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Qazaxıstandır.

Azərbaycanla bağlı diqqətçəkən daha bir məqam bu ölkədə sərvətin formalaşmasında insan kapitalının payının az olmasıdır. Dünya üzrə qlobal sərvətlərin 64 faizini insan kapitalı oluşdurduğu halda, Azərbaycanda bu göstərici cəmi 23 faizdir. Hətta aşağı gəlirli ölkələr qrupunda sərvətlərin formalaşmasında insan kapitalının payı 50 faizə yaxındır. Deməli, elə ölkələr belə Azərbaycanın göstəricilərini iki dəfə üstələyir. İnkişaf etmiş ölkələrin göstərici isə Azərbaycandan üç dəfə daha yüksək – 64 faiz həddindədir.

 

T.Rüstəmov