İQTİSADİYYAT

İnvestisiya təşviqi sənədi regionlarda da biznesin inkişafını stimullaşdırır

Ölkəmizdə qeyri-neft iqtisadiyyatının, o cümlədən qeyri-neft sənayesinin davamlı inkişafı istiqamətində həyata keçirilən sistemli tədbirlər, istehsal və ixrac potensialının artırılması, investisiya yatırımının stimullaşdırılması üçün tətbiq edilən səmərəli mexanizmlər regionlarda da biznesin inkişafına əlverişli şərait yaradıb. Belə mexanizmlərdən biri də sərmayə qoyuluşunun təşviqi və artırılması məqsədilə tətbiq edilən investisiya təşviqi sənədidir. İnvestisiya təşviqi sənədi Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda müəyyən olunmuş güzəştlərdən yararlanmağa əsas verən sənəddir.

Ölkədə real sektora özəl investisiyaların cəlb edilməsini artırmaq məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 yanvar tarixli Fərmanı ilə təsdiq olunmuş “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası”na uyğun olaraq bu ilin 9 ayında da investisiya təşviqi sənədinin verilməsi davam etdirilib.

Bu ilin yanvar-sentyabr ayları ərzində 33 sahibkarlıq subyektinə 33 investisiya təşviqi sənədi və 139 sahibkarlıq subyektinə 437 təsdiqedici sənəd təqdim edilib. İnvestisiya təşviqi sənədi təqdim edilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 170 milyon manata yaxın investisiya yatırılacağı, 1500-dək yeni iş yerinin açılacağı nəzərdə tutulub.