MƏDƏNİYYƏT

MƏDƏNİYYƏTƏ SƏSLƏYƏN BİR FAKT HAQQINDA

Sığorta bütün dövrlərdə olmuş və həmişə də öz səmərəsini vermişdir, lakin bu gün insanların günbəgün artan saysız-hesabsız məişət tələbləri məqamında sığorta anlayışı günümüzün gündəmindədir.  

Bəşər cəmiyyəti yaranandan bəri təbiət qanunlarından və cəmiyyətin inkişafından irəli gələn bir sıra ziddiyyətlər daim müxtəlif formalarda özünü göstərmişdir. Təbiətlə cəmiyyət arasında ziddiyyətlərin bəzi təzahürləri müxtəlif təbii fəlakətlər və insanın iradəsindən asılı olmayan bir sıra qəzalar şəklində özünü göstərir. Həmçinin, zaman-zaman cəmiyyətin özünün inkişafı ilə bağlı müəyyən xoşagəlməz hadisələr və proseslər baş verə bilər.

Müasir insanın həyat keyfiyyəti böyük ölçüdə pula başa gələn rahat mənzilin, müasir avtomobilin mövcudluğundan asılıdır. Buna görə də gözlənilməz hadisələr nəticəsində onları qəfil itirmiş şəxs praktiki olaraq köməksizdir. Bu vəziyyətdə əmlak sığortası kömək çatır. Daşınmaz əmlak, qiymətli kağızlar, depozitlər, avtomobillər, istehsal avadanlıqları və s. bunlar sığorta obyekti ola bilər.

Vətəndaşların həyat və sağlamlıq sığortası da çox önəmlidir. Özəl sığorta üzrə ixtisaslaşmış şirkətlər tərəfindən bir çox sığorta məhsulları hazırlanmışdır ki, bu da şəxsə özünü, övladının həyat və sağlamlığını və risk altında ola biləcək digər vəziyyətləri sığortalamağa imkan verir.

Xalq  arasında deyim var: Heç kim heç nədən sığortalanmayıb. Bu deyim “olacağa çarə yoxdur” kimi müdrik xalq kəlamından doğur. Yəni,  hadisə sən istəsən də, istəməsən də baş verir. Əlbəttə, bir Allah insanı hadisələrdən qorumaq missiyasını həmişə özündə saxlayır, amma hadisə “olacaqdı”. Olanda olur və belə yerdə sığortalanmış maddi əşyalar – evdən tutmuş avtomobilə qədər  hər şey – hadisədəki zərəri boynuna götürür. Hətta bu gün insanın da sığortalanması prosesi mövcuddur və biz bu sığortanın da müsbət cəhətlərini hər gün faktlarla görməkdəyik.

Biz bu məqamda avtomobil sığortası  üzərində dayanmaq istərdik. Avtomobillərin icbari sığortasına vaxtı ilə əyri baxanlar,  bunun məcburiliyini artıq hesab edənlər də oldu, lakin bugün  avtomobil sığortası hadisə zamanı sahibinin imdadına çatan  ən sərfəli alətə çevrilib.

Bu yaxınlarda o qədər də böyük olmayan bir avtomobil qəzasının şahidi olduq. Qəribədir, çox vaxt görmüşük ki,  qəza vəziyyətində hər iki avtomobilin sürücüsü ən azı yumruq davasına çıxsınlar. Qeyd etdiyimiz qəza anında biz hər iki sürücünün qəzaya münasibətinə diqqət etdik. Onlar çox yüksək mədəniyyətlə ilk növbədə sığorta şirkətinə zəng etdilər, sonra  yol polisi məsələni ayırd edib protokol tərtib etdi. Yenə də hər şey mədəniyyət çərçivəsində. Doğrusu, əvvəllər belə məqamlarda gördüyümüz dava-dalaş, sonsuz mübahisə anlarından uzaq olan bu səhnənin yüksək mədəni münasibətlə həllinin səbəbini soruşduq. Ətrafda mənzərəni seyr edənlər bunu sığorta ilə izah etdilər. Indi hər şeyi sığorta ödədiyinə görə avtomobil sahibləri problemi sivil şəkildə həll edirlər.

Hazırda sığorta bazarında həm dövlət, həm də özəl sığorta şirkətləri fəaliyyət göstərir. Onların hər hansı biri ilə müqavilə bağlamaqla, sığortaçıların fəaliyyətinin dövlət tənzimlənməsi üsulları və onların səmərəli fəaliyyət göstərməsi üçün qanunvericilik bazasının yaradılması sayəsində bu gün heç bir risk yoxdur.

Orta əsrlərdə sığorta inkişaf etmiş bir qurum kimi formalaşmışdır. Bazar iqtisadiyyatı yüksək inkişaf etmiş ölkələrdə heç bir kommersiya müqaviləsi sığortasız bağlanmır, heç bir müəssisə fəaliyyət göstərmir. Bu ölkələrdə hər bir insanın əmlakı, həyatı və sağlamlığı ilə bağlı sığorta var. Bu gün ölkəmizdə də sığorta təminatına ehtiyac artır. Sığortaya dair elmi baxışların formasından asılı olmayaraq, ən başlıcası sığortalının və ya faydalanan şəxsin sığorta ödənişi, yəni maliyyə müdafiəsi almaq imkanının olmasıdır. Sığorta insan həyatı üçün təhlükələri istisna edə bilməz, lakin onların nəticələrini aradan qaldıra və sizi qoruya bilər. Sığorta, sadə dillə desək, itkilərin ödənilməsi ilə bağlıdır və sığortalının əmlak mənafelərinin müdafiəsi vasitəsidir.

Təəssüf ki, sığorta ilə bağlı maarifləndirmə işi çox zəifdir. Rəsmi idarələrin ara-sıra təqdim etdikləri sosial reklamlardan başqa bu sahədə maarifçilik işinə rast gəlməmişik. Bütövlükdə media sistemi, xüsusilə, telekanallar bu ciddi məsələ ətrafında maarifçilik işinə diqqət yetirsələr daha yaxşı olar.

Mehdizadə Günel